Bəndər-Puşur mahalında Əhməd adlı bir kişi var idi ki, Gülcahan adlı arvadından başqa kimsəsi yox idi. Bunlar kasıb olsalar da, züryət arzusunda idilər.
Bunların arzuları yerdə qalmadı, yarı sinləri keçəndən sonra arvad bari-həmlə qaldı. Vədə tamam olanda bari-həmlini yerə qoydu. Gülcahanın bir qızı oldu. Bu qızın adını Reyhan qoydular. Qız o qədər gözəl idi ki, elə bilirdin bir təzə gül açıbdı. Nağıllarda vaxt tez başa gələr. Arpa, darı çörəyi yeyə-yeyə Reyhan gəlib on səkkiz yaşa doldu.
Bəndər-Puşur mahalında Əhməd adlı bir kişi var idi ki, Gülcahan adlı arvadından başqa kimsəsi yox idi. Bunlar kasıb olsalar da, züryət arzusunda idilər.
Bunların arzuları yerdə qalmadı, yarı sinləri keçəndən sonra arvad bari-həmlə qaldı. Vədə tamam olanda bari-həmlini yerə qoydu. Gülcahanın bir qızı oldu. Bu qızın adını Reyhan qoydular. Qız o qədər gözəl idi ki, elə bilirdin bir təzə gül açıbdı. Nağıllarda vaxt tez başa gələr. Arpa, darı çörəyi yeyə-yeyə Reyhan gəlib on səkkiz yaşa doldu.
Ona baxan deyirdi, bir də baxım. Aya deyirdi, sən çıxma, mən çıxacağam, günə deyirdi, sən çıxma, mən çıxacağam. Gözlər məhək daşı kimi adamı özünə tərəf çəkirdi. Bu qızın gözəlliyi hər yerə yayıldı.
Bütün varlı-karlı adamların oğlanları qıza müştəri çıxdılar. Naxırçı Murtuzun oğlu Bahadır da Reyhana aşiq oldu, elçi göndərdi. Qızın həm atası, həm də anası razı oldu, qızlarını Bahadıra verib nişan taxdılar.
Bəli, gün gəldi, ay keçdi, Reyhanın atası xəstələnib, canını tapşırdı qızına. Gülcahan əri öləndən sonra tay ərə getməyib, qızı ilə kasıb daxmada yaşamağa başladı.
Günlərin bir günündə Reyhan şəhərin bir kənarına çıxıb, pencər yığırdı. Reyhan pencər yığmaqda olsun, gəlin sizə Əş-əş devdən xəbər verim.
Əş-əş dev Qülzəmi-Qaf şahının oğlu idi. Çox kəmfürsət bir kafir idi. Qəzadan, o günü Əş-əş dev havada seyr edirdi. Gözləri Reyhan pencər yığan yerə düşdü. Bir qədər aşağıya düşüb diqqətlə baxdıqda nə gördü... Bu qız o qədər gözəldi ki, dünyada misli-manəndi yoxdu.
Əş-əş dev bu nazəninə aşiqi-giriftari mahi-ruyi Reyhan oldu. Dev bir qara bulud olub qızın yanına düşdü. Reyhan gördü ki, hər tərəfi qara bulud basdı. İstədi getsin, dev onun gözlərinə göründü. Reyhan onu görən kimi dərhal bihuş olub, yerə yıxıldı. Əş-əş dev qızı çiyninə alıb havaya qalxdı. Bir azdan sonra özünü Qülzəmi-Qafda olan tilsimə yetirdi.
Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzünə gülab suyu səpdi, burnuna müşkü-ənbər iyi verdikdən sonra Reyhan huşa gəlib özünü devlərin yanında gördü. Dübarə bihuş olub yerə yıxıldı. Əş-əş dev çox çətinliklə qızı özünə gətirib dedi:
– Ey nazənin, nə üçün belə edirsən? Onu bil ki, səni mən gətirmişəm.
Mən səni behişt içində saxlayacağam.
Qız dedi:
– Məni nə üçün gətirmisən ey dev, mənə niyə əziyyət verirsən?
Əş-əş dev dedi:
– Ey qız, bil və agah ol, mən Qülzəmi-Qaf şahının oğlu Əş-əş devəm. Özündən savayı yeddi qardaşım var. Mən sənin hüsnü camalına aşiqəm. Səni özümə məşuq gətirmişəm.
Qız gözlərinin yaşını axıdıb dedi:
– Ey dev, mənim öz sevgilim var, məndən sənə məşuq olmaz!
Allah xatirinə, burax gedim!
Dev qəzəblənib dedi:
– Ölən yerin buradı, tay oranı görməzsən.
Qız öz-özünə fikir edib dedi: “Ey dili-qafil, nə qayırırsan? Əgər devin qılığına girib, onun üzünə yaxşı baxmasan, bu tilsimdən qurtara bilməzsən. Lazımdı ki, bununla xoş danışıb, bütün sirlərini öyrənib, burdan qurtaram. Əgər bunu edə bilməsəm özümü öldürüb, canımı bu ifritənin əlindən qurtararam. Bura tamam devlərin məkanıdı”.
Reyhan xoş sifətlə Əş-əş devin üzünə baxıb dedi:
– Çox yaxşı eləmisən, məni gətirmisən. Səndən yaxşısına getməyəcəyəm ki? Ancaq səndən bir təvəqqəm var.
Əş-əş dev dedi:
– Hər nə təvəqqən olsa, gözüm üstə, düzəldərəm.
Reyhan bir az fikirləşdikdən sonra dedi:
– Ey Əş-əş dev, bizim adətimiz belədir ki, iyirmi səkkiz yaşa çatıncaya qədər, qızı ərə verməzlər, nişanlı saxlayarlar. İndi səndən xahiş edirəm, iyirmi səkkiz yaşım tamam oluncaya qədər mənə dəyməyəsən. Elə ki iyirmi səkkiz yaşım oldu, toyumu edib, qardaşımı da toya çağırarsan. Əgər bu dediklərimə əməl etməsən, onu bil ki, özümü öldürəcəyəm.
Əş-əş dev öz-özünə dedi: “buna yaxın getsəm, yəqin ki, özünü öldürəcək.
Bu bəni-adəmlərin nə axmaq adətləri var imiş? Yaxşısı budu ki, qızın dediklərinə əməl edim ki, məndən xoşu gəlsin. Bir də biz dev tayfasına doqquz il, on il çox vaxt deyil. Üç dəfə bir uzaq yerə səfər eləsəm, gəlib keçər. Mən də qıza toy edib, muradıma çataram”.
Əş-əş dev qıza dedi:
– Ey nazənin, sözlərinə əməl edərəm, dediyin vaxtı gözləyərəm.
Bu gündən devlə Reyhan çox mehriban dolanmağa başladı. Bunlar burda yaşamaqda olsunlar, al xəbəri Reyhanın anası Gülcahandan.
Gülcahan ha gözlədi, qızı Reyhan gəlib çıxmadı. Şəhərin kənarına çıxıb ha gəzdi, Reyhanı tapmadı. Dağı, dərəni gəzirdi, bir dəstə naxırçıya rast gəldi. Qızı Reyhanı bunlardan soruşdu. Demə Reyhanı Əş-əş dev apardığını bu naxırçılar görmüşdülər. Başdan-ayağa Gülcahana nağıl elədilər. Gülcahan nə edə bilərdi... Başına döyə-döyə, ağlaya-ağlaya evinə gəldi, əhvalatı qonum-qonşuya söylədi. Reyhanın qaynatası Murtuz, nişanlısı Bahadır hər yerə soraqçı saldılar, Reyhandan bir xəbər öyrənə bilmədilər.
Gülcahan bir müddət başına-gözünə, döyə-döyə qəm içərisində dolandı. Axırda qəmi lap cuşa gəldi. Qızından ötrü çöllü-biyabana üz qoyub Məcnun kimi sərgərdan gəzməyə başladı. Hey, gecə-gündüz gəzdi, Reyhandan bir soraq bilmədi. Gülcahan ağlaya-ağlaya bir dağın dibində uzanıb yatdı. Səhər olan kimi durub dedi:
– Əgər mənim bir oğlum olsaydı, Reyhanı axtarıb tapardı. Ax oğul, oğul!..
Gülcahan oğul arzusunu çəkə-çəkə evlərinə gəlirdi. Yolda az qaldı susuzluqdan həlak olsun. Birtəhər özünü sürüyüb, bir su gölməçəsinin üstünə saldı. Arvad çox sevindi, gölməçədə olan suyu tamam içib qurtardı. Demə Gülcahan içdiyi su dərya atlarının ayğırının su içdiyi gölməçə imiş. Dərya ayğırı biyabana çıxanda həmişə buradan su içərmiş. Gülcahan bir qədər toxtayıb, yola davam etdi, axşam evinə çatdı. Bir müddət keçdi, bu gölməçə suyundan Gülcahanın boynunda uşaq qaldı. Onun bir oğlu oldu, bəeyni Rüstəm pəhləvan.
Gülcahanın ərsiz doğması böyük söz-sov oldu. Qohum-qardaş Gülcahanın üstünə gəlib onu öldürmək istədilər:
– De görək, bu uşağın atası kimdi? Düzünü deməsən, səni öldürəcəyik.
Gülcahan dedi:
– Bilin, agah olun, Reyhanı axtarmağa çıxmışdım. Yolda bərk susuzdadım.
Az qala susuzluqdan ölmüşdüm. Bir gölməçəyə rast gəldim.
Ordan doyunca su içdim. Mən bu sudan həmli qaldım. Mən oğul arzu edirdim. Bu arzumu Allah belə yerinə yetirdi. Oğlumun canında da bəzi at nişanları var.
Şəhər əhalisi böyükdən kiçiyə bu arvadın sözünə inandılar, dedilər ki, bu çox təmiz arvaddı, bunda bic iş olmaz. Bu əhvalatdan hamı şad olub, oğlanın adını Ayğır Həsən qoydular.
Necə deyərlər, orda aynan ilnən, burda şirin dilnən, Ayğır Həsən gəlib səkkiz yaşa çatdı. Elə qüvvətli bir oğlan oldu ki, dağa əl atsaydı yerindən qoparardı. Axşama kimi çöldə uşaqlarla oynayırdı, hər kəs onunla güləşsəydi, qol-paça eləyib, qıçını bir yana, qolunu da bir yana atardı.
Bir gün Ayğır Həsən bir uşağı götürüb yerə vurdu. Uşaq ağlayaağlaya ona dedi:
– Əgər qoçaq oğlansan, get bacın Reyhanı devin əlindən al, sonra
gəl burda qoçaqlıq elə.
Ayğır Həsən bu sözü eşidən kimi dinməz-söyləməz evə gəldi, hirslə anası Gülcahana dedi:
– Ana, söylə görüm, mənim bacım Reyhanı hansı dev aparıb?
Anası hərçi danmaq istədi, oğlu əl çəkmədi. Axırda Ayğır Həsən dedi:
– Əgər düzünü deməsən, özümü öldürəcəyəm.
Gülcahan cana gəlib, qızı Reyhanın başına gələn əhvalatı tamam oğluna nağıl elədi. Bu əhvalatı eşitcək, qan Ayğır Həsənin beyninə sıçradı, qeyrəti cuşa gəlib dedi:
– Ana, bəs niyə bu əhvalatı bu vaxta kimi mənə demirdin?
Gülcahan dedi:
– Oğul, çünki sən hələ uşaqsan. O biri tərəfdən ürəyini xarab eləmək istəmirdim. Devlərin əlindən qız almaq çətin məsələdi, onlar adam əti yeyirlər. İndi bacını çoxdan yeyiblər.
Ayğır Həsən dedi:
– Ana, qorxma, mən gedib onların başlarına elə oyun gətirəcəyəm ki, bütün dünyada söylənsin.
Bu söhbətdən sonra Ayğır Həsən dəmirçi dükanına gəlib özünə bir gürz qayırtdırdı ki, başının böyüklüyü bir dağ qədər... Gürzü götürüb evə gəldi, dedi:
– Ana, mənə yol azuqəsi hazırla, sabah gedəcəyəm. Ya gərək öləm, ya da bacım Reyhan harda olsa, tapıb gətirəm.
Gülcahan yalvarıb dedi:
– Oğul, gəl getmə. Devlər səni həlak edərlər, mənim başıma daş salarlar.
Nə qədər dedisə, Ayğır Həsəni yola gətirə bilmədi. Axırda tədarük görüb, çörək bağladı. Səhər olcaq Ayğır Həsən anası Gülcahanla öpüşüb xudahafizləşdi, üz biyabana qoydu. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gördü ki, biyabanda bir nəfər adam hər qolunda bir dəyirman daşı ceyran qovub tutur. Ayğır Həsən buna yaxınlaşıb salam verdi. O adam Ayğır Həsənin salamını aldı. Ayğır Həsən dedi:
– Biz yay-oxla ceyran qovub vura bilmirik, bunun qoçaqlığına baxırsanmı?
Hər qolunda bir dəyirman daşı ceyran qovub tutur. Bu nə sirdi?
O adam dedi:
– Qoçaq mən deyiləm, qoçaq Ayğır Həsəndi. İnanmırsan gəl güləşək.
Ayğır Həsən razı oldu. Bunlar hər ikisi meydana atılıb, güləşməyə başladılar. Elə hücumla güləşirdilər ki, bir-birini çəkəndə dizləri kotan kimi yeri qazırdı. Axırda Ayğır Həsən cana gəldi, qüvvətini qollarına yığıb, bir həmlədə onu yerdən götürüb, başı üstündə dolandırdı, arxası üstündə yerə vurdu. Öldürmək istəyəndə bu adam dedi:
– Məni öldürmə, gəl yoldaş olaq. Sənə köməyim dəyər, adım da Cahankeşdi.
Ayğır Həsən dedi:
– Yox, yoldaş olmayaq, qardaş olaq.
Hər ikisi qardaş olub, şad-xürrəm bərri-biyabana üz qoydular.
Nagah gördülər ki, bir adam taza dağı yerindən götürüb köhnə dağın üstünə qoyur. Hər iki qardaş bu adamın yanına gəldilər, salam verib, özlərini ona tanış verdilər. O şəxs salamı alıb, əsil-nəcabətini onlara nişan verdi.
Ayğır Həsən irəli gəlib dedi:
– Biz bir parça daşı yerdən götürə bilmirik. Bunun qoçaqlığına baxırsanmı, bir dağı götürüb o biri dağın üstünə qoyur.
O adamın da adı Fəzahir idi. Fəzahir dedi:
– Qoçaq mən deyiləm, qoçaq atdan olan Ayğır Həsəndi. İnanmırsan gəl güləşək.
Güləşməyə hər ikisi razı oldu. Bir-birinin kəmərlərindən tutdular, o biri gün günortaya qədər güləşdilər. Fəzahir bir acıqlı nərə çəkib Ayğır Həsənin kəmərindən tutdu, götürüb, yerə elə vurdu ki, Ayğır Həsən boğazına qədər yerə batdı. Ayğır Həsən sıçrayıb torpaqdan çıxdı. Fəzahirə elə bir gürz vurdu ki, huşu başından getdi. Ayğır Həsən istədi onu öldürsün, Fəzahir dedi:
– Məni öldürmə, yoldaş olaq, sənə köməyim dəyər.
Ayğır Həsən dedi:
– Yoldaş yox, qardaş olaq.
Bunlar qardaş oldular. Hər üç qardaş yola düşüb bərri-biyabana üz qoydular. Bu minvalla otuz doqquz gün, otuz doqquz gecə yol getdilər.
Axırda bir elə məkana çıxdılar ki, ora həm ağaclıq, həm də otluq idi. Bu üç qardaş bu məkanı çox səfalı görüb burada qalmağı məsləhət bildilər. O gündən orada bir çadır qurub, ceyrandan-zaddan ov edib dolanırdılar. Hər gün bunların birisi çadırda qalıb çörəkdən-xörəkdən hazır edərdi. Qalanı isə ova gedərdi, axşam da qayıdardı. Bunlar burda keflə ömür keçirsin, gəl sənə xəbər verim Bərdan şəhərində Məhəmməd xanla Qəzənfər xandan.
Qəzənfər xanın Xavər və Zivər adlı iki qızı var idi, dünyada mislibərabərləri yox idi. Qardaşı Məhəmməd xanın da Güləndam adlı bir qızı var idi. Baxan deyərdi bir də baxım. Allahın kərəmi cuşa gələndə yaratmışdı. Bu qızların hər üçü ağ gün içərisində böyüyüb, on yeddi yaşa çatmışdılar. Günlərin bir günündə Xavər, Zivər və Güləndam başında qırx incəbelli qız Qəzənfər xanın nərgiz bağına səyahətə çıxmışdılar.
Bağda gəzib seyr edirdilər. Birdən üç dev havadan bunların yanına düşdü. Qızlar bu devləri görən kimi hamısı bihuş olub yerə yıxıldılar.
Devlər o saat hərəsi qızın birini çiyninə alıb havaya qalxdılar. Bir azdan sonra zülmət quyusuna yetişib, qızların hərəsini bir zərrin taxt üstünə qoydular. Üzlərinə gülab səpib, özlərinə gətirdilər. Devlər qızları çox kefsiz, qorxulu görüb dedilər:
– Ey nazəninlər, qorxmayın, biz sizi öldürməyə gətirməmişik. Sizi sevib gətirmişik. Heç xofa düşməyin.
Güləndam özünə toxtaqlıq verib dedi:
– Bəs nə üçün gətirmişsiniz?
Devlər dedilər:
– Bilin və agah olun, biz zülmət dünyasının padşahının oğlanlarıyıq.
Atamız bizə devlərdən qız almaq istədi. Biz qəbul etməyib dedik ki, gərək bəni-adəm qızları alaq. Atamızın acığı tutub bizi sürgün elədi. Biz həmin gündən, zülmət dünyasından işıqlı dünyaya yol olan bu zülmət quyusunda yaşayırıq. Biz bu gün də işıqlı dünyaya çıxıb özümüzə qız axtarırdıq ki, qəzadan siz nazəninlərə rast gəldik. İndi sizi özümüzə arvad gətirmişik. Bizdən qorxmayın.
Qızlar bildilər ki, devlərin əlindən ağlamaqla, sıtqamaqla qurtarmaq olmaz, ancaq burda hiylə lazımdı. Odur ki, hər üçü sözü bir yerə qoyub, dedilər:
– İndi ki, siz bizə aşiq olub, özünüzə arvad gətiribsiniz, biz də qəbul edirik. Bu şərtlə ki, gərək bizə elə toy edəsiniz ki, dünyada görünməmiş ola. Bizə zər-zibadan, xaradan paltar almalısınız, evimizdə olan dövlət, hamının evindən çox olmalıdı. Çünki biz xan qızlarıyıq, həmişə var-dövlət içərisində böyümüşük. Baxırıq, sizin evinizə, bu üç taxtdan başqa heç bir şey yoxdu. Devlər qüvvətdən çox, ağıldan az olarlar. Qızların felinə uyub dedilər:
– Ey nazəninlər, şərtinizə razıyıq. Az zaman içərisində bu quyunu dövlətlə, qızılla doldurarıq. Sizə elə bir toy edərik ki, dünyada edilməmiş olar.
Bu devlərin bəzisi böyük, bəzisi xırda idi. Ancaq hansı böyük, hansı kiçik olması məlum deyildi. Qızlar onlardan xəbər aldılar:
– Siz qocalırsınızmı?
Devlər dedilər:
– Biz bəni-insan kimi qocalmırıq. Bizim ölümümüz Süleyman peyğəmbərin hökmü ilədi. İndi biz böyük qardaşımızı sizin yanınızda qoyub, mal-dövlət gətirməyə gedirik.
Qızlar baxdılar ki, onların yanında qalan devin boyu bir qarış, saqqalı yeddi qarışdı.
Dedilər:
– Çox yaxşı oldu. Bu balaca kişi bizə nə edəcək, hər nə kefimiz istəsə edərik.
Bu üç dev zülmət dünyasına üz qoyub, mal-dövlət hazır etməyə başladılar. Bir az sonra qızlara zər-zibadan o qədər paltar gətirdilər ki, həddi, hesabı olmadı. Bundan başqa çoxlu qızıl, gümüş də gətirdilər.
Gətirdikləri şeyləri qoyub genə də mal-dövlət gətirməyə uzaq səfərə çıxdılar. Devlər mal-dövlət toplamaqda, qızlar zülmət quyusunda yaxşı paltar geyib, yaxşı yemək yeyib, ömür sürməkdə olsun, indi sizə boyu bir qarış, saqqalı yeddi qarış devdən xəbər verim.
Boyu bir qarış saqqalı yeddi qarış dev qardaşları gedəndən sonra, həmişə zülmət quyusu ilə işıqlı dünyaya çıxıb əlinə düşəndən çalıb-çapıb yenə qayıdardı qızların yanına. Günlərin bir günü genə işıqlı dünyaya çıxmışdı. Qəzadan güzarı Ayğır Həsəngilin çadırına düşdü.
Gördü ki, burda yaxşı xörək bişirirlər. Yaxına gəlib dedi:
– Ey bəni-adəm, xörəkdən bir qədər də ver mən yeyim.
Bugünkü növbət Fəzahirin idi. Gördü ki, bunun boyu bir qarış, saqqalı yeddi qarışdı, dedi:
– Ey ifritə, sən hara, bura hara? Tez buradan get, yoxsa səni iki parça edərəm.
Dev bir söz demədi. Saqqalından bir tük çəkdi, Fəzahirin əl-ayağını bağlayıb, üstündə oturdu, xörəyi tamam yedikdən sonra havaya qalxdı, zülmət quyusuna gəldi. Hannan-hana Fəzahir durub, nə qədər axtardı, kimsəni tapmadı. Axırda kor-peşman çadırda oturdu. Ayğır Həsənlə Cahankeş evə gəlib gördülər ki, xörək-zad yoxdu, səbəbini soruşdular. Fəzahir danıb dedi:
– Əti ocağın üstünə asdım, qovrulana qədər su gətirməyə getdim.
Qayıdanda gördüm ki, qovurma aşıb ocağa tökülüb, tamam yanıb.
Bəli, bu axşam qardaşlar birtəhər dolandılar. Sabah olanda Cahankeşi yemək hazırlamağa qoyub, o biriləri ova getdilər. Cahankeş xörəyi hazır etmişdi, gördü ki, boyu bir qarış, saqqalı yeddi qarış bir adam içəri girib dedi:
– O xörəkdən bir az mənə ver, yeyim.
Cahankeş gec tərpəndi. Boyu bir qarış, saqqalı yeddi qarış saqqalından bir tük çəkib Cahankeşin əl-ayağını bağladı, üstündə oturub xörəyi yedi, sonra çıxıb getdi. Cahankeş qaldı məəttəl. Axşam qardaşlar gəlib gördülər ki, xörək yoxdu. Səbəbini soruşdular. Cahankeş utanıb boynundan atmağa çalışdı. Fəzahir dedi:
– Qardaş, utanma, sənin başına gələn oyun mənim də başıma gəlib.
Cahankeş dedi:
– O nə oyundu?
Fəzahir dedi:
– Boyu bir qarış, saqqalı yeddi qarış dev saqqalının tükü ilə əl-qolumu bağlayıb, xörəyi alıb yedi.
Cahankeş də boynuna aldı. Əhvalatı Ayğır Həsənə nağıl elədilər.
Ayğır Həsən əhvalatdan baxəbər olub dedi:
– Nə üçün utanırsınız? Devlərdə sehr-cadu çox olar. İndi sabah siz ova gedin, gəlib görərsiniz, mən onun başına nə oyun gətirəcəyəm.
Səhər olan kimi Cahankeşlə Fəzahir ova getdilər. Ayğır Həsən xörəyi günortaya kimi hazır edib, yoldaşlarını gözləyirdi. Bir də gördü ki, budu, boyu bir qarış, saqqalı yeddi qarış gəlir. Bu Ayğır Həsəndən xörək istədi. Ayğır Həsən vermədi. Dev saqqalından bir tük çəkib, istədi Ayğır Həsənin əl-qolunu bağlasın, xörəyi yesin. Ayğır Həsən tez yerindən qalxıb boyu bir qarış, saqqalı yeddi qarışın saqqalından tutub göydən asdı. Ayğır Həsən xörəyə baxmağa gedəndə, dev çapaladı, onun saqqalı dibdən qopub dirəkdə qaldı, özü də kor-peşman saqqalının qanı axa-axa zülmət quyusuna gəldi.
Qızlar gördülər ki, devin yeddi qarış saqqalı dibdən qopub, özü də al qan içindədi. Ondan soruşdular: Bu nə işdi başına gəlib?
Boyu bir qarış, saqqalı yeddi qarış əhvalatı qızlara nağıl elədi. Qızlar batində şad olub dedilər:
– Ey Allah, özün rəhm et! Bəlkə bu devi qanına boyayan bizi də zülmət dünyasından xilas edib, işıqlı vətənimizə apardı.
Üzdən qəmgin olub, devin yarasını sarıyıb yatırtdılar.
Eşit Ayğır Həsəndən. Ayğır Həsən xörəyə baxmaqdan geri qayıdıb ha axtardı, devi tapmadı. Gördü ki, saqqalı qopub ağacda qalıb, amma özü qanı axa-axa gedib. Dedi:
– Eybi yoxdu, sabah yoldaşlarımla onu izləyib, harda olsa taparam.
Axşam qardaşları gəlib gördülər ki, xörək hazırdı. Bunların başına oyun gətirən devin saqqalı Ayğır Həsənin yanındadı. Çox şad olub dedilər:
– Ey pəhləvan, o devi nə cür həlak etdin?
Ayğır Həsən əhvalatı nağıl edib dedi:
– Gərək sabah onun izi ilə gedib, harda olsa tapıb öldürək. Yoxsa onun yoldaşları bu işi bilsələr, bizi qırarlar.
Hər üçü razı oldular, çörək yeyib, yatdılar. Sabah olan kimi hər üç pəhləvan yola düşüb, qanın rəddi (İz) ilə düz zülmət quyusunun başına gəldilər. Gördülər ki, dev qanı axa-axa gəlib bu quyuya girib. Ayğır Həsən dedi:
– Qardaşlar, yəqin burda bir sirr var. Gərək nə olur olsun, bu quyuya girək.
Qardaşlar razı oldular. Fəzahirlə Cahankeş kəmənd hazır edib dedilər:
– Yaxşı, razıyıq. Allah bizə yar olsun.
Ayğır Həsən kəməndi Fəzahirin belinə bağlayıb quyuya salladı.
Fəzahir dedi:
– Qardaş, getmək mümkün olmasa, yandım deyəcəyəm, məni yuxarı çəkərsiniz.
Bunlar yaxşı deyib, Fəzahiri zülmət quyusuna salladılar. Bir qədərdən sonra Fəzahir qışqırdı:
– Ay aman, yandım!
Onu geri çəkdilər. Ondan sonra Cahankeşi quyuya salladılar. Bu da qışqırdı:
– Ay aman, yandım!
Bunu da geri çəkdilər. Ayğır Həsən dedi:
– Məni quyuya sallayın, nə qədər “yandım” desəm, geri çəkməyin.
Bəli, Ayğır Həsəni quyuya salladılar. Nə qədər “yandım” dedi,
geri çəkmədilər. Axırda Ayğır Həsən zülmət quyusunun dibinə çatdı.
Özü də demişdi ki, quyunun dibinə çatanda kəməndi bir dəfə tərpədəcəyəm.
O zaman kəməndi geri çəkərsiniz.
Ayğır Həsən quyunun dibində bir tərəfə getdi, gördü ki, bir ev var. İçəri girib baxdı ki, elə həmən dev də burdadı. Ona bir gürz vurub, cəhənnəmə vasil elədi. Qızları gördü. Onların yanına getmək istəyəndə qapı açıldı, bir nahamvar dev içəri girdi. Ayğır Həsən bunu görcək fürsət verməyib ona elə bir qılınc vurdu ki, dev iki parça oldu. Bunun dalınca iki dev qardaş daxil oldu. Ayğır Həsən qılınca dolub hər ikisini öldürdü. Bundan sonra qızların yanına gəlib bu sirri onlardan soruşdu. Qızlar Allaha şükür edib, həmi öz əhvalatlarını, həmi də devlərin əhvalatlarını Ayğır Həsənə, mən sizə söylədiyim kimi, nağıl elədilər. Sonra Ayğır Həsən bacısı Reyhanı bunlardan soruşdu.
Onlar dedilər:
– Bilmirik.
Ayğır Həsən qızları götürüb quyuya gəldi. Ayğır Həsən Xavərlə Zivəri bir kəməndə bağladı, qardaşları çəkdilər. Sonra devlərin maldövlətini, cavahiratını çıxartdı... Axırda Güləndamı çıxartmaq istədikdə qız dedi:
– İnsan övladına etibar yoxdu. Necə ki, görürsən, mən misilsiz gözələm.
Qorxuram kənara çıxanda mənə aşiq olub ipi kəsib səni quyuda qoyalar. Qabaqca sən çıx, sonra məni çəkərsən.
Ayğır Həsən dedi:
– Elə şey olmaz, mən onlara inanıram.
Güləndam dedi:
– Mən bilirəm, dediyim olacaq. İndi kef sənindi, nə eləyirsən, elə.
Şər deməsən xeyir gəlməz, sənin kəməndini kəsib, quyunun dibinə salsalar, onda sən zülmət dünyasına düşəcəksən. Haman zülmət dünyası ilə üç gün yol gedərsən. Dördüncü gün bəni-insanların ölkəsinə çatacaqsan. Zülmət dünyasından olan bəni-insanların padşahı Mürsəl padşahdı. Bəlkə ondan sənə nicat oldu.
Qız sözün tamam eləyən kimi Ayğır Həsən ipi tərpətdi. Qardaşlar qızı yuxarı çəkib gördülər, bu qız deyil, xalis mələkdi. Fikirləşdilər ki, Ayğır Həsən çıxsa, bu qızı özünə götürəcək. Bəli, növbə Ayğır Həsənə gələndə ipi kəsib, onu quyunun dibinə saldılar. Güləndam bunu belə görüb qızlara dedi:
– İndi ki, belə oldu, hiylə ilə dolanıb bunların başına oyun gətirməliyik.
Hankı qız mənim sözümdən çıxsa onu öldürəcəyəm.
Bəli, qızları götürüb çadırlarına apardılar, dedilər:
– Yeriniz yaxşıdırmı? Nə vaxt toyumuzu edək?
Qızlar dedilər:
– Yaxşı yerdi. Bir neçə il dolanaq, sonra atamızın yanına gedib, toyumuzu edərik.
Hamısı qəbul edib, orada qalası oldular.
O biri yandan Ayğır Həsən quyunun yarısından yerə düşüb bihuş oldu. Bir qədərdən sonra huşa gəlib, üz qoydu getməyə. Üç gün, üç gecə yol gedib qaranlıq dünyanın lap ortasına çıxdı.
Ayğır Həsən gəzə-gəzə gedib bir qarının qapısına çıxdı, dedi:
– Qarı nənə, Allah qonağı saxlarsanmı?
Qarı onu qonaq saxladı. Axşam gördü ki, qarı ağlayır. Soruşdu:
– Qarı nənə, niyə ağlayırsan?
Qarı dedi:
– Qadan alım, bir bulağımız var idi, qabağını bir əjdaha kəsib suyunu içir. Hər həftə əjdahanın ağzına bir qız atırıq, başı qızı yeməyə qarışır, bir az su götürürük. Mürsəl padşahın gözünün ağı-qarası bir qızı var, sabah onu əjdahanın ağzına atacaqlar. Onun üçün ağlayıram.
Ayğır Həsən dedi:
– Qarı nənə, mən sabah əjdahanı öldürüb, sizi zülmdən xilas edərəm.
Bəli, sabah açıldı. Şah qızı Dilşadın əlinə bir qab xörək verib, əjdahaya tərəf göndərdilər. Ayğır Həsən qızın əlindən xörəyi alıb, sonra
əjdahaya elə bir gürz vurdu ki, o saat öldü.
Bəli, oğlanı təntənə ilə Mürsəl şahın yanına apardılar. Mürsəl şah Ayğır Həsənə dedi:
– Oğlan, sən bizim eli susuzluqdan xilas edib, əjdahanı öldürmüsən.
İndi məndən nə xələt istəyirsən?
Ayğır Həsən dedi:
– Şah sağ olsun, səndən heç zad istəmirəm. Məni işıqlı dünyaya çıxart.
Mürsəl şah o saat barigahda olan zümrüd quşunu çağırıb dedi:
– Bu oğlanı işıqlı dünyaya çıxardarsan.
Zümrüd quşu oğlanı götürüb havaya qalxdı və mənzil kəsib işıqlı dünyaya çıxartdı. Zümrüd ondan ayrılmaq istəyəndə Ayğır Həsən dedi:
– Ey Zümrüd, çox yerlər görmüşsən. Mənim bacımın yerini bilirsənsə, Allah xatirinə mənə söylə.
Zümrüd dedi:
– Ey pəhləvan, sənin bacın Qülzəmi-Qaf padşahının oğlunun əlindədi.
Qız on yeddi il ondan vaxt almışdı. İndi vaxtları tamamdı. Dev ona toy edəcək.
Ayğır Həsən çox şad oldu. Zümrüddən ayrılıb dedi:
– Əvvəlcə gedim, namərd yoldaşlarımı öldürüm, sonra bacımı xilas etməyə gedim.
Ayğır Həsən yola rəvan olub düz çadırlarına gəldi, gördü ki, Cahankeşlə Fəzahir kefdədilər. O saat qılıncı çəkib, onların hər ikisini öldürdü. Qızları götürüb, öz şəhərlərinə getdi. Qızları orada qoyub, özü bacısını xilas etmək üçün yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, ta gedib Qülzəmi-Qafa çıxdı. Qülzəmi-Qaf padşahının oğlu onun qabağına çıxdı. Ayğır Həsən qırx gün, qırx gecə dava edib, devi öldürdü, tilsimini dağıtdı. Gəzib bacısı Reyhanın mənzilini tapdı.
Amma bacısını apara bilmədi, sirri bacısından soruşdu. Reyhan dedi:
– Qülzəmi-Qaf məni tilsimə salıb. Onu öldürməsən, məni apara bilməzsən.
Ayğır Həsən soruşdu:
– O hardadı?
Reyhan dedi:
– Qırxıncı otaqdadı.
Ayğır Həsən qırxıncı otağa gedib dev padşahını öldürdü. Sonra bacısının yanına gəlib qiymətdən ağır, vəzncə yüngül şeylərdən götürüb yola düşdülər, gəlib şəhərlərinə çatdılar.
Ayğır Həsən Güləndama qırx gün, qırx gecə toy, edib öz şəhərlərinə getdi. Anası ilə görüşdülər, öpüşdülər. Bir müddət sonra Bahadır öz nişanlısı Reyhana elçi göndərdi. Ayğır Həsən elçini geri qaytarıb dedi:
– Mənim yüz it küçüyüm olsa, birini sənin kimi biqeyrətə, qorxağa vermərəm. Get özünə bab tap.
Ayğır Həsən bacısını bir qeyrətli oğlana verdi.
Onlar şad-xürrəm ömür sürüb, dövran keçirdilər.