Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçının baltası. Orda bir tazı gördüm, onun da xaltası yox.
Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri vardı, biri yoxdu, bir padşah vardı. Bu padşahın on iki yaşında bir oğlu vardı. Bu padşah başqa bir padşahın qızını almaq istəyirdi, nə qədər eləyirdi, qızı buna vermirdilər. Axırda qoşun götürüb dava elədi.

Çox qoşun qırdırdı, qızı yenə ala bilmədi, kor-peşman gəlib, öz yerində oturdu.
Aradan bir beş-altı il keçəndən sonra padşahın oğlu yekəldi. Bir gün hardansa beyninə düşüb dedi:
– Mən gedəcəyəm qızı gətirəm.
Atası dedi:
– Ay oğul, mən nə qədər yalvardım, pul tökdüm, dava elədim, qızı gətirə bilmədim, sən onu necə gətirərsən?
Oğlan dedi:
– Nə olur olsun, gedib gətirəcəyəm.
Padşah gördü ki, başa gəlməyəcək, razı oldu, oğluna bir az da qoşun qoşdu. Qoşunları öyrətdi ki, hərəniz yolun yarısından qayıdın, gəlin, bəlkə axırda oğlum tək qala, o da qayıda. Bəli, oğlan bir dəstə qoşunla yola düşdü, bir az gedəndən sonra qoşunlar yavaş-yavaş dala qayıtdılar.
Nə başını ağrıdım, belə-belə qoşunların hamısı qayıtdı, oğlan tək yola düşdü, qızın dalınca getməyə başladı. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, iynə yarım yol getdi, bir düzə çıxdı. Gördü ki, burda bir heybətli adam var. Onun elə yekə qulaqları var ki, olmayan kimi. Bir qulağını altına salıb, bir qulağını da üstünə çəkib yatıbdı. Elə ki, oğlan bunu gördü, qorxudan tükləri biz-biz oldu. Palazqulaq adam oğlana dedi:
– Hara gedirsən?
Oğlan bu səsi eşidəndə qorxudan əsməyə başladı, qorxa-qorxa dedi:
– Gedirəm filan padşahın qızını alam.
Palazqulaq dedi:
Mən də gedirəm.
Oğlan dedi:
– Gəl gedək.
Bəli, palazqulaqla oğlan yola düşüb, qızın dalınca getməyə başladılar.
Demə bu palazqulağın bir xasiyyəti varmış ki, dünyanın hansı başında nə danışılsa, qulağını yerə verib eşidərmiş. Bunlar bir az getdilər.
Gördülər ki, bir adam bir dağı qaldırıb o biri dağın üstünə qoyur.
Sonra dağı sapana qoyub atır.
Dağı dağ üstə qoyan dedi:
– Hara gedirsiniz?
Dedilər:
– Gedirik filan padşahın qızını alaq.
Bu da bunlara qoşuldu. Üç nəfər yola düşüb getdilər. Az getdilər, üz getdilər, gedib gördülər ki, bir adam oturub, burnu ilə buz atır. Buzatan bunlardan soruşdu:
– Hara gedirsiniz?
Bunlar hara getdiklərini dedilər.
O da bunlara qoşuldu, dörd nəfər yola düşdülər. Gəlib gördülər ki, bir naxırçı tütək çalır, inəklər, danalar oynayır. Bu da onlara qoşuldu. Beş nəfər yola düşdülər, gəldilər gördülər ki, bir lüt adam dəyirmanın unluğuna ağzını dayayıb, çıxan unu yeyir, deyir ki, acından öldüm.
Sonra ağzını dəyirman novunun qabağına dayayıb, suyun qabağını kəsib içir, deyir susuzluqdan yandım. Bəli, başağrısı olmasın, bu da onlara qoşulub, altı adam yola düşüb, günə bir mənzil, teyyi-mənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi sərsər kimi, az getdilər, üz getdilər, gedib padşahın şəhərinə çatdılar. Şəhərin qırağında bir çadır qurdular. Padşaha xəbər getdi ki, gəliblər qızı aparsınlar. Palazqulaq qulağını yerə vermişdi ki, görək nə danışacaqlar.
Padşah dedi:
– Vəzir, tədbir, yoxsa qız əldən gedəcək.
Vəzir dedi:
– Tədbiri budu, otuz put düyünün plovunu bişir, qabaqlarına qoy.
De, yeyin, sonra qızı aparın. Onlar da bunu yeyə bilməyəcəklər. Elə ki bu sözü palazqulaq eşitdi, yoldaşlarına dedi ki, padşah belə iş eləyəcək. Lüt sevinib dedi:
– Aha, Allahım verib, plov yeyəcəyəm.
Bəli, plov bişdi, bunlar gəldilər. Padşah dedi:
– Bu plovu yeyin, sonra qızı verim.
Palazqulaq dedi:
– Ta biz əlimizi niyə batıraq, elə bir nəfər yesə bəsdi. Gözünə döndüyüm lüt bir-bir qazanları yeməyə başladı. Padşah bunu gördü, qupquru qurudu. Bunlar geri qayıtdılar. Palazqulaq yenə qulağını yerə verdi. Gördü ki, padşah deyir:
– Vəzir, tədbir, qız əldən gedir...
Vəzir dedi:
– Padşah sağ olsun, tədbiri-mədbiri yoxdu, dəbbələ, altmış put düyünün plovunu bişirtdir, qoy yesinlər.
Əlqərəz, lüt bu altmış putu da yedi. Padşah, vəzir, vəkil tədbir tökməyə başladılar. Vəzir dedi:
– Padşah, de ki, evin qabağında olan bu böyük dağı burdan aparın, ev işıqlansın, qızı verim.
Elə ki padşah bu sözü bəyəndi, çağırıb onlara dedi:
– Dağı evimin qabağından götürün, ev işıqlansın, qızı verim.
Gecə dağı dağ üstə qoyan dağı iki yerə bölüb, sapana qoydu, elə atdı ki, hər biri dünyanın o başına getdi. Padşah səhər durub gördü nə dağ var, nə zad var, dedi:
– Xeyr a, qız əldən getdi. Vəzir tədbir!..
Vəzir dedi:
– Padşah sağ olsun, ta nə tədbir olacaq? Hamamı üç gün isit, qoy bərk qızsın. De, gedin çimin, gəlin qızı aparın. Bunlar gedib çiməndə istidən bişsinlər, qalsınlar orda.
Palazqulaq bunları eşidib yoldaşlarına xəbər verdi.
Burnundan buz atan dedi:
– Kefimdi, buz atacağam.
Bəli, bunlar hamama getdilər, gördülər hamam elə qızıb nəfəs çəkmək mümkün deyil. Burnundan buz atan qabaqda buz ata-ata, yoldaşları da onun dalınca hamama girdilər. Burnundan buz atan o qədər buz atdı ki, hamam soyuyub buzxanaya döndü.
Padşah adamlarına dedi:
– Yəqin indi onlar istidən bişdi. Gedin meyitlərini çıxardın.
Onlar hamama gəldilər. Hamamdakılar başladılar şikayət eləməyə ki, heç ayıb deyil, bizi belə soyuq hamama salmısınız...
Əhvalatı padşaha xəbər verdilər.
Padşah dedi:
– Xeyr a, bunlarla mən bacara bilməyəcəyəm. Vəzir, tədbir, qız əldən getdi...
Vəzir dedi:
– Ta başqa çarəsi yoxdu, altı onlardı, altı biz. Qonaq çağıraq, onlar bir tərəfdə otursun, biz bir tərəfdə. Onların qablarına zəhər tökək, yesinlər, ölsünlər.
– Elə ki palazqulaq bunu eşitdi, yoldaşlarına dedi, hamısı sevindi.
Naxırçı dedi:
– Allahım verib, tütək çalacağam.
Elə ki bunları qonaq apardılar, nimçələri gətirib qabaqlarına düzəndə, bildilər ki, zəhərlidi.
Palazqulaq dedi:
– Padşah sağ olsun, bizdə bir adət var, həmişə yeməkdən qabaq bir tütək çalarıq. Odu ki, gərək bu tütəyi çalaq.
Padşah dedi:
– Nə zərəri var, çalın.
Elə ki naxırçı tütəyi çaldı, bunların nimçəsi onların qabağına, onların nimçəsi bunların qabağına gəldi. Bunlar tez plovu yedilər. Padşah gördü ki, zəhərli aş öz qabağına gəlib dedi:
– Elə məzə üçün biz öz qabağımıza qoymuşuq, indicə yemişik.
Onlar xörək yemədilər, qonaqlar gedəndən sonra padşah dedi:
– Vəzir, vəkil, qız getdi, tədbir...
Vəzir dedi:
– Dağ yekəliyində poladdan bir ev tikdir, qızı da at içinə, de, gəlin aparın.
Padşah poladdan ağzı yox bir ev tikdirib, qızı da içinə qoydu, dedi:
– Qız polad evdədi, gedin, bacarsanız aparın.
Dağı dağ üstə qoyan yoldaşlarını da evə qoydu, polad evi qoltuğuna vurdu, xudahafiz deyib, yola düşdü. Az gəldilər, üz gəldilər, gəlib bir dəyirmanın yanına çıxdılar. Lüt gördü ki, un yığılıb, dedi:
– Saxla, mən düşüm.
Lüt düşdü. Bunlar getdilər. Bir az gedəndən sonra naxırçı gördü ki, danalar otlayır, o da düşdü. Bir az gəldilər, buz atan gördü ki, burnunun yeri qalır, o da düşdü. Gəldilər dağı dağ üstə qoyan öz dağlarını gördü, evi yerə qoydu, dedi:
– Ta mən getmirəm.
Buna yalvar-yapış eləyib dedilər:
– A kişi, belə iş olmaz.
Birtəhər, ikitəhər, atan yaxşı, anan yaxşı, bu təzədən evi qoltuğuna vurdu. Bir az gələndən sonra palazqulaq gördü ki, qulağının yeri qalır, dedi:
– Saxla, mən də düşüm.
Əlqərəz, bu da düşdü. Dağı dağ üstə qoyan polad evi gətirib, oğlanın atasının qəsrinin yanına qoydu. Hamı bu evin tamaşasına gəldi.
Beləliklə oğlan öz mətləbinə çatdı.
Göydən üç alma düşdü: biri mənim, biri nağıl deyənin, biri də özümün. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən iki əlli, hansı çoxdu, onu sən götür.

Top