Bir gün babam atını minib şəhərdən kəndə gəlirmiş, atı inciməsin deyin elə qantarğanı buraxıb atı yavaş-yavaş sürürmüş, bir də baxır ki, axşam qarannığı düşür, kəndə hələ çox qalıb, atı nə qədər dəhmərriyir bərk sürə, görür yenə evə çatmayacaq. Bir də eşidir ki, qabaqdan səs-küy gəlir, çalmaq, oynamaq səsi də getdikcə artır. Babam fikirləşir ki, ay gidi, bura keyf məclisinə oxşayır, elə yaxşı oldu, gedərəm ora, heç olmasa məni yanlarına qoymasalar da, onların hiyəninə çəkilib bir kənarda yataram, sabah açılanda durub yola düşərəm. Elə kişi bu fikirnən gedirmiş, bir də görür ki, onu öz adıynan çağırırlar. Özözünə deyir: “Bunlar kimdisə məni tanıyırlar”. Odu ki, ürəklənib onların yanına gedir. Görür ki, pəh, burda bir vurhavur var, bir hayküy var, elə bil qiyamət qopur. Bir tərəfdə dirədöymə1 oynayırlar. O biri tərəfdə çalmaq, oxumaq, yemək, içmək, bir vur çatlasındı ki, gəl görəsən.
Bunlar babamı görən kimi o saat tez onu ortaya alıb o qədər oynadırlar, güldürürlər ki, az qalır kişi özünnən gedə. Sonra da babamı oturdub, qabağına ət, şirni tökürlər, bir az da ciblərinə doldururlar ki, evinə aparsın.
Burdakılar babamın qabağına aş qoyanda tez-tez ona deyirlər ki, nə badə dilindəki sözü deyəsən, demə ha, onda məclisimiz dağılar.
Kişini xof götürür ki, ey dili-qafil, bura lap cinnər yığnağına oxşayır.
Özü də bunlar əcayib-qərayib şeylərdi, üzlərinə baxanda adam qorxur.
Oynayanların içində birinin tumanı lap onun arvadının tumanına oxşadığını da sezir. Tez əlini yağlı aşa batırıb tumanın ətəyinə vurur ki, yağ ləkəsi düşsün, sonra gedib evdə bu işi yoxlasın. Məclisdəkilər kişini məcbur edirlər ki, aşdan yesin. Babam bismillah deyib əlini aşa uzadanda görür ki, nə məclis, nə adam, nə toy, nə aş, Heç biri yoxdu. Özü də qəbiristanlıqda bir qəbirin üstündə oturub. Babam başa düşür ki, cinnər yığnağına düşübmüş, tez atını minib birbaş qan-tər içində gəlir evinə. Başına gələn, əhvalatı söyləyir. Tez əlini cibinə salır ki, cinlərin qoyduğu şirnini çıxartsın, baxır ki, cibindəki sümük, bir də təzək qırıxlarıdı. Sonra arvadının tumanını gətirib baxır. Görür ki, öz əlinin yağlı ləkəsi necə ki, vurmuşdu, elə də durur.
Arvad deyir:
– A kişi, dünən bu tumanı axtarırdım, tapa bilmirdim, elə özözümə deyirdim yəqin tumanı cinnər aparıb.
Babamın arvad-uşağı onun cinnər əlindən salamat qurtardığına sevinirlər.
Aradan bir neçə gün keçəndən sonra babam görür ki, atı yaman arıxlayıb. Nökərə tapşırır ki, ata yaxşı baxsın. Nökər deyir:
– Ay ağa, axı at neyləsin, hər gecə minib yorursan, gətirib qan-tər içində tevləyə bağlayırsan, o da arıxlayır.
Babam məəttəl qalır:
– A kişi, sən nə danışırsan, on beş-iyirmi gündən çoxdu mən ata minmirəm, utanmırsan yalan danışırsan?
Nökər and-aman eləyir:
– Ağa, vallah hər gecə atı qan-tər içində görürəm, mən də elə bilirəm sən minibsən.
Babam qalır mat-məəttəl ki, yəqin burda bir sirr var. Odu ki, başlayır bir gecə atı güdməyə. Gecədən xeyli keçmiş bir də görür ki, insana oxşar əcayib bir şey atı minib getdi, səhərə yaxın qan-tər içində gətirib tövləyə bağladı, başladı atın yalmanını hörməyə, sonra da birdən-birə qeybə çəkildi. O saat babam başa düşür ki, bunlar cinlərdi. Odu ki, günüz atın belinə qırsaqqız salıb, özü də nökəriynən tövlənin bir küncündə gizlənir. Bir də görür ki, gecənin yarısında həmən cin gəlib atı mindi. Tez hay-küy salıb onu tutmaq istəyirlər. Cin nə qədər eləyir atın belindən qopa bilmir, qıra yapışır qalır, nökər tez cinin paltarına iynə sancır. Cin iynədən qorxduğuna görə qaça bilmir. Cini tutub evdə işlədirmişlər. Cin hər işi tərsinə eləyərmiş. Zibili eşiyə at deyəndə, cin eşikdən zibilləri evə gətirərmiş. Cin hər gün yalvararmış ki, üstündəki iynəni çıxartsınlar. Çünki cinlər iynədən qorxurlar, özü də iynəni onların üstündən çıxardan kimi qaçıb yox olurlar.
Bir gün evdə balaca qız uşağından savayı heç kim yoxuymuş. Cin uşağı alladır:
– Ay qəşəng qız, sənə alma verəcəm, gəl mənim paltarımnan iynəni çıxart, əlimə tikən batıb, onu çıxardacam.
Uşağ iynəni cinin yaxasından çıxardan kimi yoxa çəkilir. Gəlib görürlər ki, cin qaçıb.
Babam bir də gözünü açıb görür ki, bunların hamısını yuxuda görürmüş.