Qədim əyyamlarda bir padşah varıymış. Bu padşah yaman əzazilmiş, Firon1 onun yanında heç nəymiş. Elə fikri-zikri qoşun hazırlamaq, adam öldürmək imiş. Padşah belə bir əmr veribmiş ki, üç-dörd yaşında uşağların hamısını yoxlasınlar, hansı uşağ zəyifdi, şikəstdi, elə ordaca öldürsünlər. Bir xeyli müddət padşah uşağları qırdırdı. Amma bu tədbir də onun acığının qabağını ala bilmədi. Padşah bu dəfə də fikirləşdi ki, düz-dünya doludu qoca-qoltaxnan; davada, qaça-qaçda əl-ayağa dolaşırlar. Əmr verdi ki, harda qoca arvad-kişi varsa, öldürsünlər. Həmən vilayətdə İmran adında bir cavan oğlan yaşayırdı. Onun gözünün ağı-qarası bircə qoca atası varıydı. İmran atasını o qədər çox istəyirdi ki, onun yerinə özü ölümə gedərdi. İmran qorxurdu ki, padşahın adamları gəlib onun atasını da öldürərlər. Odu ki, atasını götürüb şəhərdən çıxdı, gecəykən dağnan-daşnan gedib bir meşəyə çatdı. Bir bulağın yanında qaranlıq bir mağara tapdı, atasını mağarada gizlədib dedi:
– Ata, sən burda qal, mən hər üç günnən, beş günnən bir sənə yemək gətirib verərəm, təki sən padşah cəlladlarının əlinə düşməyəsən.
Atası razı oldu. İmran onun əlini öpüb, gözləri doluxsunmuş qayıtdı evlərinə. İmran hər dəfə ova çıxmaq mahnasıynan atasına lavaşdan, yumurtadan, toyuxdan gətirirdi. Bunları burda qoyax, sizə xəbər verək padşahdan. Padşah bir gün qoşun götürüb vəziriynən ova çıxmışdı. Yolu bir çay kənarından düşdü. Çayın üstündə nuh əyyamından qalma bir körpü varıydı, amma bu körpü o qədər qəşəng idi ki, elə bil günü bu gün tikilmişdi. Padşah körpüdən keçəndə gözü sataşdı suya, baxıb gördü suda bir qız şəkli görünür. Qız nə qız, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə! Elə bil ki, on beş gecəlik bir ay parçası. Padşah bir könüldən min könülə aşiq oldu qıza, əlini çibinə salıb bir xışma qızıl çıxartdı, atdı suya, o saat su bulandı, qızın şəkli gözdən itdi. Padşah əlini ürəyinə qoyub tirtap yıxıldı yerə. Vəzir padşahı bir təhərnən ayıldıb dedi:
– Qibleyi-aləm sağ olsun, sənə nə oldu ki, birdən-birə özünnən getdin?
Padşah dedi:
– Vəzir, çayda bir qız gördüm, ağlımı başımnan çıxartdı. Nə olursa olsun, gərək o qızı tapıb mənə alasan!
Vəzir dedi:
– Qibleyi-aləm, bir qız nədi ki, ondan ötəri ürəyin gedir. Bu çox asan işdi. Səhərdən bir əmr verərsən cavanlar düşüb qızı çaydan taparlar. Vəzirin bu sözündən sonra padşah bir az özünə gəldi, daha ova getməyib geri qayıtdı. Elə həmən gün əmr verdi ki, şəhərdə nə qədər cavan adam varsa, gərək bir-bir çaya düşüb qızı tapa. Kim qızı sudan çıxartsa, ona böyük ənam veriləcək, tapa bilməyənin boynu vurulacax. Bəli, o gündən bütün şəhərin cavanları bir-bir suya düşüb qızı axtarırdılar. Heç kim tapa bilmirdi. O saat da başını bədənindən ayırıb bir tərəfə atırdılar. Padşah qırdırdığı adamların kəlləsindən başı ulduzlara dəyən bir minarə tikdirmişdi. Günlərin birində cəllad gəlib İmrana xəbər verdi ki, indi də sənin vaxtındı, sabah suya girib qızı sən axtaracaqsan. Bu xəbəri eşidən kimi İmranı fikir götürdü. Bilirdi ki, o da qızı tapa bilməyəcək, onun da boynunu vuracaqlar. İmran öz ölümündən qorxmurdu. Atasının acınnan ölməyindən qorxurdu. Əgər onu öldürsəydilər, atasına çörək aparan olmayacaqdı. Cəllad gedəndən sonra İmran bir xurcun yemək götürüb atasının yanına getdi, xurcunu verib dedi:
– Ata, daha mən sənin yanına gələ bilməyəcəm.
Qoca dedi:
– Oğul, niyə gələ bilməyəcəksən?
İmran bütün əhvalatı atasına söylədi.
Qoca dedi:
– Oğul, onnan ötəri çox fikirləşmə, mən o sirri öyrədərəm, gedib canını qurtararsan. Qız suyun içində deyil. O, həmin körpünün altında ağılagəlməz yerdə qoyulmuş bir şəkildi. Gün çıxannan-çıxana şəklin kölgəsi suya düşür, adamlar elə bilir ki, suyun içində qız var. Bu şəklin əhvalatı çox uzundu. Qədim zamanlarda bu yerlərin padşahının oğlu firəng padşahilə dava eləyirmiş. Firəng qoşunlarını qıra-qıra düz şahın imarətinin qabağına kimi gedibmiş. Demə firəng padşahının qızı küləfirəngidən baxırmış. Oğlan qızı görən kimi bir könüldən min könülə aşiq olur. Elə bu vaxt qız da oğlanın şücaətinə bənd olur, evlənirlər. Günlərin birində firəng padşahının adamları qızı tapırlar. Bir gün qız qırx incə belli xanımnan bu çayın yanından keçəndə onu zornan oğurlayıb qaçırdırlar. Qız körpüdən keçəndə özünü atır suya, boğulub ölür. Bu əhvalatdan sonra padşahın oğlu qızın şəklini çəkdirib körpünün altında bir yerdə gizlədir. İndi həmən şəklin kölgəsidi suya düşür, hamı elə bilir ki, qız suyun içindədi.
İndi sən gedərsən suya girəndən sonra körpünün altında günçıxan tərəfə baxarsan, şəkil ordadı, götürüb verərsən padşaha, özünü də başa salarsan ki, sudakı qız həmən şəklin kölgəsidi. Kişi sözünü qurtaran kimi oğlu atasıynan xudahafizləşib evə gəldi. Səhər açılcaq padşahın adamları onu körpünün yanına apardılar. İmran əhvalatdan xəbərdar idi deyin səssiz-küysüz soyunub girdi suya. Körpünün altında o yana, bu yana gedib, əl atdı yuxarıdan şəkli götürdü çıxdı kənara. Şəkli padşaha verib dedi:
– Bax, qibleyi-aləm sağ olsun, sənin suda gördüyün qız bu şəkildi, körpünün altınnan suya kölgəsi düşürdü, səndə elə bilirdin qız sudadı.
Padşah İmrana bir az baxşeyiş verib dedi:
– Oğlan, indi de görüm, sən bu sirri hardan öyrəndin?
İmran istədi deməsin, gördü yox, olmayacax, dedi:
– Padşah sağ olsun, qorxuram düzünü desəm, cəza verəsən, amma cəza versən də mənim özümə ver, atamnan işin olmasın, onda düzünü deyərəm.
Padşah dedi:
– Düzünü de! Amandasan.
Oğlan dedi:
– Bu sirri mənə qoca atam öyrətdi.
Padşah dedi:
– Bəs mənim cəlladlarım onu öldürməmişdilər?
İmran dedi:
162
– Xeyr, o vaxt qocaları qıranda mən atamı aparıb bir mağarada gizlətmişdim.
Padşah bir az fikrə getdi, istədi bu qocanı da öldürtsün. Vəzir insaflı adamdı. Padşahın fikrini başa düşüb dedi:
– Qibleyi-aləm, siz qocaları nahax yerə qırdırırsınız, görürsünüzmü heç kimin bilmədiyi sirləri onlar açır. Gəl sən bu əmrdən əl çək.
Bu söz padşahın ürəyini yumşaldıb qocaları öldürməkdən əl çəkdi. Həmən şəkli də gətirib öz imarətindən asdı.
Vəzir bilirdi ki, günlərin birində padşahın yenə dəlisi tutacaq, ya dava eləyəcək, ya da adam asdırıb, göz çıxardıb qan tökəcək. Yaxşısı budu ki, elə padşahı bir təhər öldürüb camaatı onun əlindən qurtarım. Padşahın yataq otağı vəzirin otağına bitişik idi. Vəzir öz otağından padşahın yatdığı taxtın altına bir deşik açdı, uzun bir qarğının içəridən düyünlərini deşib hazır saxladı. Axşam oldu, gecə padşah yatanda vəzir öz otağınnan qarğını uzatdı onun taxtının altına, başladı əcayib səsnən deməyə:
– Ey padşah, yatıbsan oyan, oyaxsan eşit, bil və agah ol. Körpünün altınnan şəklini gətirdiyin qız dirilib suyun içində səni gözləyir. O, pərilər padşahının qızı Mələk xanımdı. Əgər onu almaq istəyirsənsə, bu saat yerinnən durub get körpünün üstünnən özünü at suyun içinə, qorxma, sənə ölüm yoxdu. Üzmək bilməsən də qız səni kənara çıxardacaq, onu da götürüb gecəynən gətirərsən öz imarətinə. Amma bu sirri heç kimə demə, özün təkcə gedib suya tullan, yanında adam olsa, qız onnan qaçıb özünü görsətməz.
Vəzir bu sözləri dedikcə padşah məəttəl qaldı. Durub tez divarı tıqqıldadıb vəziri yanına çağırdı. Vəzir özünü bilməməzliyə vurub dedi:
– Padşahım, gecənin bu vaxtı, xeyir ola, nə var ki, məni hüzuruna çağırırsan?
Padşah dedi:
– Vəzir, qulağıma belə bir səs gəldi ki, dur get körpüdən tullan suya, ordakı qız səni gözləyir. Mən elə bildim ki, yuxu görürəm, amma gördüm ki, yox, bu yuxu deyilmiş.
Vəzir dedi:
– Şahım, burda bir sirr var, əgər yuxu da olmuş olsa, sən etiqadını bərk tut, get suya tullan. Mən xəlvətcə sənin dalınca gəlib kənarda gizlənərəm. Əgər birdən sudan çıxa bilməsən, o saat özümü sənə yetirərəm.
Vəzir padşahı lap inandırmışdı. Padşah dedi:
– Vəzir, mən getdim, sən də dalımca gəl.
Padşah düz gedib çıxdı körpünün üstünə, başladı suya baxmağa. Körpü çox hündür idi, ürəyi gəlmirdi hoppanmağa. Vəzir uzaxdan himnən başa saldı ki, nə durubsan, qorxma, at özünü suya, gəlirəm. Padşah gözlərini yumub şappıltıynan atıldı suya, elə bir-iki qol atan kimi batdı suyun dibinə, boğulub öldü. Vəzir yavaşca qayıtdı öz imarətinə. Səhər açıldı, padşahın meyidini sudan tapıb gətirdilər. Vəzir camaatı başa saldı ki, padşah qızın eşqinnən dəli olub, gecə xəbərsizətərsiz gedib sudan qızı axtaranda boğulub ölüb.
Vəzir bu sözləri deyəndə camaat cıqqırını da çəkmədi. Hamı ürəyində sevinirdi.
Vəzir həmən gün İmranın atasını da tapıb gətirtmişdi. Elə camaatın yanında padşahın tacın qocanın başına qoyub dedi:
– Camaat, bu gündən sizin padşahınız bu qoca olacaq.
Hamı sevindi. O gündən vəzirnən qoca padşah camaatnan xoş rəftar eləyib ömür sürdülər. Vəzir də öz qızını İmrana verdi. Yeddi gün, yeddi gecə toy eləyib murad hasil elədilər. Siz də muradınıza çatasınız.