Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah çox zülmkar, həm də yaman şorgöz idi. Harda bir gözəl gəlin, qız görsə ona aşiq olub tirtap yıxılarmış yerə. Tez vəzirini çağırtdırıb deyərmiş:
– Vəzir, nə olur-olsun, gərək o qızı mənə alasan.
Moltanı padşahının əcayib xasiyyətləri varıymış. Bir gün belə bir hökm veribmiş ki, hər kəs evlənsə qabaqca gərək aldığı qızı üç gün padşahın hərəmxanasında saxlasınlar, sonra evlənsin. Hər kəs bu hökmdən çıxarsa padşah onu odda yandırarmış.

Padşah çox zülmkar idi deyin öz rəiyyətindən qorxurdu. Odu ki, dağın başında möhkəm bir qala tikdirib barigahını köçürmüşdü ora. Padşahın bir barigahı var idi ki, adam baxanda ağlı gedirdi: bağı-bağçası, gülü-bülbülü, fil sümüyündən yeddi qat otaxları. Amma evinin qabağında bir təndir vardı ki, burdan həmişə alov çıxardı. Kim padşahın əmrindən çıxsa, onu həmin odun içinə atıb yandırardılar.
Bu şəhərdə Canı Yağub adlı bir çoban varıydı. Canı Yağub öz əmisi qızına uşaq vaxtından göbəkkəsmə nişanlı idi. Bu qız çox gözəl idi. Üzü on beş gecəlik ay kimi parpar parıldayırdı. Yanaxları alma kimi, qaşları, gözləri qap-qara şəvə kimi. Danışanda da adamın lap ağlını başından çıxardırdı.
Bir gün padşah şikardan qayıdırdı, yolda həmin qızı görüb bir könüldən min könülə ona aşiq oldu. Tez vəziri çağırıb dedi:
– Vəzir, o qıza aşiq olmuşam, tez bir tədbir tək, onu alım.
Vəzir dedi:
– Qibleyi-aləm, bir özünə toxtax ver, öyrənək görək kimin qızıdı, sonra işlər asandı. Vəzir bir təhərnən padşahı şəhərə gətirdi. Vəzir çox ağıllı, ədalətli adam idi; özünün də padşahdan zəhləsi gedirdi. Odu ki, gecəynən oğlunu göndərib əhvalatı Canı Yağuba xəbər verdi. Canı Yağub elə həmən keçə qızın kəbinini kəsdirib apardı öz evinə. Bəli, səhər darğalar padşaha xəbər apardılar ki, bəs Canı Yağub sənin əmrini pozub qızı hərəmxanaya gətirməyib evlənib. Padşah o saat əmr elədi ki, çoban Canı Yağubu tutub gətirsinlər. Səhər tezdən Canı Yağubu tutub gətirdilər. Padşah cəlladlara əmr elədi ki, onu oda atıb yandırsınlar.
Hələlik Canı Yağubu burada qoyax, sizə xəbər verək qızdan. Qız çox ağıllı-kamallı idi. O bilirdi padşah Canı Yağubu öldürdüb sonra onu alacax. Odu ki, həmin gün bir az çörək götürüb evdən qaçdı. Yazıx bilmirdi ki, hara qaçsın, elə bir cığırı tutub gedirdi. O qədər getdi ki, gəlib bir meşəyə çatdı. Geçə qurt-quş yeməsin deyə çıxıb bir ağacın başında yatdı. Səhər gözünü açanda gördü başının üstündə bir zümrüd quşu dayanıb. Demə bu ağacın başı zümrüd quşunun yuvası imiş. Quş dilə gəlib dedi:
– Ey qərib qız, gəl sən heç yana getmə, elə qal burada, mənim də balalarımda gözün olsun. Sənə yaxşılığım dəyər. Nə çətin işin olsa əlac edərəm.
Qız razı olub Zümrüd quşunun yanında qaldı. Sonra başına gələn bütün əhvalatları quşa nağıl elədi.
Quş dedi:
– Ey qız, sən qırx tulux su hazırla, onlarım hamısını bağla birbirinə.
Gedib Canı Yağubu ölümnən xilas eləyəcəm.
Qız qırx tulux suyu hazır elədi. Quş tuluxları caynağına alıb başladı göynən uçmağa. O qədər getdi ki, axırda gəlib çatdı Moltanı padşahının barigahına. Bu o vaxt idi ki, cəlladlar Canı Yağubu əli-ayağı bağlı gətirib oda atırdılar. Vəzir padşahın qabağında baş əyib nə qədər yalvardısa da Canı Yağubun günahından keçmədi. Cəlladlar onu bir çuvala salıb düz odun içinə atdılar. Elə bu vaxt Zümrüd quşu göydən dimdiyiynən tuluxları bir-bir deşib hamısının suyunu boşaltdı odun üstünə. Göydən o qədər su töküldü ki, padşahın sönməz odu söndü. Hamı bu işə məəttəl qaldı. Vəzir yenə irəli yeriyib dedi:
– Qibleyi-aləm, gördünmü bu yazığın günahı yoxdu. Günahı olsaydı belə möcüzə olmazdı.
Padşah bu möcüzədən sonra Canı Yağubu öldürmədi, amma onu öz torpağından qovdu. Canı Yağub da yol başlayıb az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib çatdı həmin zümrüd quşunun yuvasına. Baxıb gördü öz əmisi qızı da buradadı, sevindiklərindən hər ikisinin gözləri yaşardı, bir-birini qucaqlayıb duz kimi yaladılar. Zümrüd Canı Yağubu da öz yanında saxladı. Bunları burda qoyax, görək padşah necə oldu. Moltanı padşahının bir oğlu, bir də qızı var idi. Oğlu yenicə evlənmişdi, qızı hələ ərə getməmişdi. Padşahın saçına dən düşmüşdü, amma yenə şorgözlüyündən əl çəkməmişdi. İndi də oğlunun arvadına aşiq olmuşdu. Padşah tez-tez gəlinini yanına çağırıb onun başını sığallayırdı, öz arvadı nə bişmiş bişirirdisə yemirdi, deyirdi:
– Ay sənə çor dəysin, bu nədi bişirirsən? Qoy gəlinim bişirsin.
Yazıx gəlin də əvvəllər bu işdən heç nə başa düşməyib, qaynatasının sözünnən çıxmırdı. Ona hər cür bişmiş bişirirdi. Bir gün belə, beş gün belə, axırda gəlin padşahın kələyini başa düşdü. Amma qorxusundan ərinə heç nə deyə bilmədi. Qız padşahın kələyini biləndən sonra daha onun yanına getmədi. Padşah gördü nə qədər ki, oğlu sağdı, gəlinini ələ gətirə bilməyəcək. Odu ki, oğlunu öldürmək fikrinə düşdü.
Padşah vəziri çağırıb dedi:
– Vəzir, gərək oğlumun başını əkib, onun arvadını mənə alasan.
Vəzir təəccüblənib dedi:
– Padşah sağ olsun, belə də namərdlik olar? Ata da öz oğlunun arvadını alar? Nə istəyirsən elə, mən bu işə məhəl qoya bilmərəm.
Vəzirin sözləri padşaha toxundu, cin vurdu kəlləsinə, dedi:
– Vəzir, sən həmişə mənim əmrimdən boyun qaçırdırsan, bu günnən səni baş vəzirlikdən çıxardıb qoydum vəkil.
Vəzir yenə padşaha baş əyib dedi:
– Hökm sizindi, nə istəyirsiniz eləyin.
Padşahın vəkili çox kələkbaz, həm də yaltax adam idi. Özü də çoxdan istəyirdi ki, baş vəzir olsun. Padşah həmin vəkili özünə baş vəzir elədi. Köhnə vəziri də vəkilin yerinə keçirtdi. Padşah təzə vəziri yanına çağırıb əhvalatı ona söylədi. Vəzir o saat dedi:
– Qibleyi-aləm sağ olsun, bu nə çətin işdi ki, mən onu elə bu gün elərəm, sən özünü yalandan azarlılığa qoy, oğlunu yanına çağırtdır, sonra da göndər mənim yanıma, daha dalısıynan işin olmasın. Mən onu elə yerə göndərim ki, bir də ömründə qayıtmasın.
Padşah o saat oğlunu yanına çağırtdırıb dedi:
– Oğul, yaman bərk azarlamışam, ölüm yasdığındayam, istəyirsən ki, mən yaxşı olum, get vəzirin sözünnən çıxma, o mənim dərmanımı bilir.
Oğlan atasının sözünə inanıb gəldi vəzirin yanına.
Vəzir oğlanı görən kimi onu dilə basıb dedi:
– Ey kiçik şahzadə, əgər atanın dirilməyin istəyirsənsə, gərək gedib Səməndər1 bağının çiçəyini tapıb gətirəsən. Atan onu iyləsə o saat yaxşı olacax.
Oğlan vəzirin sözünə razı olub düz gəldi evlərinə. Əhvalatı arvadına söylədi. Qız dedi:
– Ay yazıx, atan səni qəsdən ölümə göndərir ki, gedib qayıtmayasan, sonra da məni özünə arvad eləyə, gəl sən bu səfərə getmə.
Oğlan dedi:
– Kəs səsini, utanmazın biri, mənim atama şər atma.
Oğlan sözünü deyib düşdü yola. Az getdi, çox getdi, gəlib çıxdı bir meşəyə. Baxdı ki, uzaxda bir qalaça görünür, başladı qalaçaya sarı getməyə, ha getdisə çata bilmədi. Başını qaldırıb qalaçaya baxanda elə bildi ki, budu burdadı, amma nə qədər gedirdisə qalaça ondan bir o qədər uzaxda görünürdü. Düz qırx gün, qırx gecə yol getdi, gəlib qala çaya çata bilmədi. Demə bu qalaça tilsim imiş. Axırda yorulub meşədə bir ağacın dibində oturdu. Bir də gördü ki, çoban Canı Yağubnan nişanlısı budu burda, yanlarında da Zümrüd quşu. Canı Yağub oğlanı tanıdı, qılıncını çəkib onu öldürmək istədi. Zümrüd dilə gəlib dedi:
– Canı Yağub, ürəyindəki fikri çıxart getsin, o da sənin kimi padşahın kələyinə keçib.
Canı Yağub zümrüd quşunun sözünə baxıb qılıncını taxdı qınına.
Quş dedi:
– Oğlan, hardan gəlib, hara gedirsən?
Oğlan dedi:
– Atam xəstədi, ona Səməndər bağının çiçəyini aparmağa gəlmişəm, nə qədər axtarıram, tapa bilmirəm.
Quş dedi:
– Ey cavan, gəl bu sövdadan əl çək, atan səni qəsdən ölümə göndərib.
Oğlan quşun sözünə baxmayıb dedi:
– Mən atama söz vermişəm, bu yolda öldü var, döndü yoxdu.
Quş gördü yox, bu cavan olsa da, çox mərd adamdı. Odu ki, dedi:
– Ey oğlan, Səməndər çiçəyi Şam qalasındadı, ora da tilsimlidi, sən nə qədər yaxınlaşsan, o qədər do ora səndən uzaxlaşacax. Səni ora mənnən savayı heç kim apara bilməz.
Quş qanadlarını açıb dedi:
– Otur belimdə, gözlərini də yum.
Oğlan Zümrüd quşunun qanadları arasında oturub gözlərini də yumdu. Quş göyə qalxıb üç gün, üç gecə yol getdi, aparıb oğlanı həmən qalaçanın yanında yerə qoydu dedi:
– Bax, o qapının yanındakı oxu, yayı bir ağacnan götürərsən. Qapının başında yanan şam var. Bu oxnan o şamın yanan yerini vurarsan, nə badə şamın özünü vurasan, onda yanıb kül olarsan. Özü də çalış birinci oxda vur. Əgər üç oxa şamın odunu keçirəmməsən, daş olacaxsan. Quş tükünnən də bir çəngə qopardıb oğlana verdi ki, harda dara düşsən yandırarsan, gəlib sənə kömək edərəm.
Zümrüd quşu sözünü qurtarıb qalxdı havaya. Oğlan Zümrüd quşu dediyi kimi bir ağacnan qapının yanından asılmış
oxu, yayı götürüb qapının üsdə yanan şamı nişan aldı. Birinci oxu atanda ox şamın yanından keçdi. O saat oğlan dizinə qədər daşa döndü. İkinci oxu atanda o da şama dəymədi, oğlan qurşağa qədər daş oldu. İstədi üçüncü oxu atmasın. Bir xeyli fikirləşdi ki, mərd adam yolunnan, sözünnən dönməz, ölsəm də, qalsam da gərək şamın odunu söndürəm.
Odu ki, oxu çilliyə qoyub şamın odunu nişan aldı. Oxu bu dəfə düz dəyib şamın odunu keçirdi. O saat bir nərilti, gurultu qopdu. Oğlan baxdı ki, ayağının daşları töküldü, qapı öz-özünə açıldı. Oğlan ehtiyatla içəri girdi. Gördü ki, burda quş iliyi, can dərmanı, hər nə desən var. Amma uzaxdan hər nəyə baxırsan par-par parıldayır. Gəl məni gör, dərdimdən öl deyir. Elə ki, yaxına gedirsən, adamı bürkü vurur, az qalır yansın. Dünyada nə qədər gül-çiçək varsa, hamısından burda var.
Hər çiçək yeddi cür rəng verir, özü də hamısı qarın içindədi. Hara baxırsan qardı. Bağın ortasında böyük bir su hovuzu var, hovuzun qırağında qarın üstündə adam boyda gözəl bir quş yatıb ki, tükünün hərəsi min rəngə çalır. Amma bu quşun gözünnən yaş tökülür. Bağda o qədər gül-çiçək var ki, adam bilmir Səməndər çiçəyi hansıdı.
Oğlan çox yorulmuşdu, bir ağacın dibində uzanıb mürgülədi. Bir də gördü ki, iki göyərçin gəlib həmən ağaca qondu. Göyərçinlər oğlanı görüb öz-özlərinə dedilər:
– Bacılı-bacılı, bilirsənmi bu oğlan kimdi?
O biri göyərçin dedi:
– Bacılı-bacılı, bilirəm, bu, moltanı padşahının oğludu. Gəlib ki, Səməndər çiçəyi aparsın, amma bilmir ki, hansı çiçəyi dərsin.
O biri göyərçin dedi:
– Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana, onun külünün içinnən bir qor kimi yumurta çıxa, o külün qırağınnan bir çiçək göyərə, o çiçək Səməndər çiçəyidi. Özü də onu köklü qopartmax olmaz, onda o adam özü də yanıb kül olar. Gərək çiçəyi elə qoparda ki, kökü yerdə qala. Göyərçinlər sözlərini deyib uçdular. Oğlan bu sözlərin hamısını eşidirdi. Odu ki, gəlib həmin hovuzun qırağında gizləndi. Bir də gördü ki, Səməndər quşu qarın üstünnən pərvaz eləyib uçdu, göyə qalxan kimi hər yeri od tutdu, başladı yanmağa. Özünü vurdu su hovuzuna, başladı suyun içində də yanmağa, yenə sudan çıxıb qarın içinə girdi.
Qar da onun odunu keçirə bilmədi. O qədər yandı ki, tamam külü çıxdı. Külün ortasında bir balaca qor işıldayırdı. Qor yavaş-yavaş böyüyüb bir yumurta oldu. Külün qırağınnan bir çiçək göyərdi. Oğlan tez yerindən qalxdı, çiçəyi elə qopartdı ki, kökü yerdə qaldı. Düz birbaş qapıdan çıxıb gəldi atasının torpağına. Getdi evlərinə, gördü arvadı yoxdu. Səməndər çiçəyini götürüb gəldi atasının yanına. Yaltax vəzir oğlanı görüb padşaha xəbər verdi ki, tez yorğan-döşəyə gir, oğlun çiçəyi gətirib gəlib. Vəzir gedib oğlanı atasının yanına gətirdi. Oğlan atasına baş əyib Səməndər çiçəyini verdi. Bir xeyli söhbətdən sonra oğlan vəzirnən çıxıb getdi. Oğlan dedi:
– Vəzir, mənim əhli-yalım evdə yoxdu, bəlkə biləsən hara gedib?
Vəzir hiyləgər dilini işə salıb dedi:
– Hal-qəziyə, sənin arvadın atana şər atıb ki, guya onu almax istəyir.
Padşahın da qəzəbi tutub, onu zindana saldırıb. Oğlan inanıb bir söz demədi.
Oğlan gedəndən sonra padşah vəziri çağırtdırıb dedi:
– Vəzir, oğlum qayıdıb gəldi, bir tədbir tök onun başını batırax.
Vəzir dedi:
– Padşah sağ olsun, bu dəfə onu elə yerə göndərim ki heç sümüyü də tapılmasın.
Vəzir padşahı öyrətdi ki, çağır oğlunu de ki, oğul sənin gətirdiyin bu çiçəyi iyləyəndə bir az yaxşı oluram. Amma hələ ayax tutub yeriyə bilmirəm. Rəmmallar deyir ki, rəml alması2 yesən tamam cavanlaşıb sağalacaxsan. İndi mənim diriliyimi istəyirsənsə, get rəml alması tap. Oğlan atasının sözünnən çıxmayıb razılıx verdi. Elə həmin gün yola düşüb rəml alması axtarmağa getdi. Az getdi, çox getdi, axırda yoruldu. Birdən yadına düşdü ki, ay gidi, Zümrüd quşunun qanadını yandırım, gəlib mənə kömək eləsin. Tez quşun tükünü oda tutdu, tükün iyinə Zümrüd quşu o saat gəlib dedi:
– Oğlan, mənə nə qulluq?
Oğlan dedi:
– Atam indi də məni rəml alması gətirməyə göndərib, yerini tapa bilmirəm.
Quş dedi:
– Oğlan, mən keçən dəfə də dedim, atan səni ölümə göndərir, sən inanmadın. Bu dəfə də sənə kömək eləyəcəm. Amma üçüncü dəfə atan səni öldürdəcək, çalış ələ düşmə. İndi yolun sağ tərəfiynən gedərsən, qabağına böyük bir dağ çıxacaq. Orda qoca bir abid var, ondan soruşarsan, o sənə yolunu öyrədər.
Quş sözünü deyib getdi. Oğlan başladı quşun dediyi dağa sarı getməyə. O qədər getdi ki, gəlib çatdı həmən dağa. Gördü burda bir qoca kişi var, tək-tənha ömür sürür. Oğlan qocadan rəml almasının yerini xəbər aldı. Qoca abid dedi:
– Mənim yüz yaşım var, hələ rəml almasını görməmişəm, eşitməmişəm; get, o biri dağda mənnən böyük qardaşım var, bəlkə o bildi.
Oğlan bir neçə gün təzədən yol gedib ikinci dağa çatdı. Gördü burdakı qoca lap əldən düşüb. Qocaya yaxınlaşıb ondan rəml almasının yerini soruşdu. Qoça abid dedi:
– Mənim üç yüz yaşım var, hələ rəml almasını görməmişəm, eşitməmişəm.
Üçüncü dağda mənim böyük qardaşım var, onun yeddi yüz yaşı var, get onun yanına, bəlkə o bildi.
Təzədən oğlan yeddi gün, yeddi gecə yol gedib, hündür bir dağın başında qoca abidi tapdı. Bu abidin üzünə baxan ona on iki yaş verərdi.
Oğlan abiddən rəml almasının yerini xəbər aldı. Abid dedi:
– Oğlan sənə üç sual verəcəm, cavab verə bilsən gedib rəml almasını gətirəcəksən. Biri budur: o nədi ki, uzaxdan hər şeyə can verir, yaxınına gedəndə onu külə döndərir?
Oğlan bütün elmləri oxuyub açarını qoymuşdu çibinə, odu ki, dedi:
– O gündü uzaxdan adama can verir, yaxına gedəndə yandırıb yaxır.
Qoca dedi:
– Bəs o nədi ki, bir ovuc içərsən can verər, içinə düşərsən öldürər?
Oğlan dedi:
– O sudu ovuc-ovuc içərsən can verər, dəryaya düşərsən öldürər.
Qoca dedi:
– Bəs o nədi ki, yavaş əsib yandırar, bərk əsəndə söndürər.
Oğlan cavab verdi:
– O yeldi, meh vuranda odu püfləyib yandırar, bərk əsəndə söndürər.
Qoca dedi:
– Oğlum, əhsən, suallarımın hamısına düz cavab verdin. İndi sən rəml alması gətirməyə layiq oğlansan. Qoça özünün dağda bəsləyib saxladığı yel atının balasını, bir də barmağındakı üzüyün birini oğlana verib dedi:
– Al, bunları sənə bağışladım. Bu yel atı səni hər xatadan-baladan qurtarıb düz rəml dağına aparacax, yolda sənə ilan-çayan, hər nə rast olsa üzüyün qaşını tutarsan onların gözünə, hamısının gözü qamaşacax, sənə yol verəcəklər. Özü də rəml almasını əlinlə dərmə, bir ucu haça ağac tapıb dərərsən.
Oğlan qocanın əlinnən öpüb yola düşdü. Yel atı quş kimi uçurdu. O qədər getdilər ki, yolda qabaxlarına ilanlar, çayanlar, əjdahalar çıxıb onu öldürmək istədilər. Oğlan üzüyün qaşını bunların gözünə tutan kimi hamısının gözü qamaşıb geri çəkildi. Oğlan çox çətinliklə gedib bir dağın ətəyinə çıxdı. Gördü bura bir qoruğa oxşayır. Hər yer amyaşıldı. Özü də yeddi başlı bir div hər qoluna yeddi dəyirman daşı keçirib buraların qoruğunu çəkir. Oğlan üzüyü tez divin üzünə tutub, yel kimi atını sürdü. Div elə bildi gün düşür. Odu ki, gözünü açmadı. Oğlan bir azca da getmişdi, gördü dağın başından meyvələrin bir ətri gəlir ki, adam valeh olur. Baxdı ki, burda dünyadakı bütün meyvələrin hamısından var. Tez bir haça ağac tapıb bir alma dərdi. O saat alma ağacı dilə gəlib dedi:
– Ay haray, qoymayın məni dərdilər.
Hər yerdən səs gəldi:
– Səni kim dərdi?
Ağac dedi:
– Məni ucu haça ağac dərdi.
Cavab gəldi ki:
– Yalan demə, ağac da ağacı dərərmi?
Oğlan almanı götürüb mindi yel atına, düz gəlib çıxdı öz vilayətinə. Gördü ki, şəhərdə bir hay-küy var, nə təhər. Bir adama yaxınlaşıb soruşdu ki, bu nə səs-küydü. Dedilər ki, padşah şikardan qayıdır. Oğlan yaxınlaşıb gördü öz atasıdı. Amma oğlan özünü tanıtdırmadı. Atası evə gedən kimi almanı götürüb getdi onun yanına. Yenə vəzir oğlanı görən kimi tez özün salıb padşahın yanına dedi:
– Evin yıxılmasın, nə durubsan dur gir yerə, oğlun rəml almasını da gətirib gəlib.
Padşah o saat yorğan-döşəyə girib başladı hıqqıldamağa. Oğlan gəlib atasıynan görüşəndən sonra almanı qoydu onun qabağına.
Padşah dedi:
– Oğul, sən gedəndən heç yerimnən tərpənə bilməmişəm. Sənin yolunu gözləyirdim.
Oğlan dedi:
– Ata, niyə yalan deyirsən, bəs indicə şikardan gələn kim idi?
Padşah bu sözü eşidən kimi, oğlunu qovub dedi.
– Sən nə cürətnən mənə belə cavab qaytarırsan, itil gözümün qabağından.
Sonra da vəziri yanına çağırıb dedi:
– Vəzir, nə olur-olsun, oğlumu öldürməlisən.
Vəzir dedi:
– Şah sağ olsun, bu ki rəml almasını gətirdi, hara yollasan qayıdıb gələcək, əmr ver boynunu vurdurax ki, atasına şər atıb. Bəli, padşah o saat əmr verdi ki, sabah oğlunun boynunu vursunlar. Padşahın köhnə vəziri əhvalatı eşidib, gecəynən özünü saldı zindanbanın yanına, padşahın möhrünü göstərib dedi:
– Padşah məni göndərdi ki, oğlunu aparım, bir-iki kəlmə sözü var desin, sonra yenə gətirəm.
Zindanban inanıb oğlanı buraxdı. Vəzir oğlanı da götürüb getdi o biri zindanbanın yanına, yenə padşahın möhrünü görsədib dedi:
– Ey zindanban, padşah deyir ki, gəlinimi gətirin yanıma, bir-iki kəlmə ona sözüm var.
Bu zindanban da sözə inanıb arvadı buraxdı. Vəzir yolda bütün əhvalatı nağıl elədi. Oğlan dedi:
– Vəzir, bəs indi nə eləyək?
Vəzir dedi:
– Oğlum, qaçıb bu vilayətdən uzaxlaş, yoxsa sabah atan sənin boynunu vurduracax.
Vəzirdən çox razılıq eləyib ondan ayrıldılar. Elə gecəynən oğlan gəlib evdən qoca abidin bağışladığı atı da götürdü, arvadını da tərkinə alıb başladı getməyə. Yolda arvad dedi:
– Yaxşı, indi biz hara gedirik?
Oğlan dedi:
– Yolumuzun üsdündə bir meşə var. Orda Zümrüd quşu olur. Atamın zülmünnən qaçanların hamısı gedib o quşa pənah gətirir. Biz də gəl gedək ora.
Qız razı oldu. Yeddi gün, yeddi gecə yol gedib çatdılar həmən yerə. Gördülər burda o qədər adam var, heç sayı-hesabı yoxdu. Quş görən kimi oğlanı tanıdı. Ər-arvad başladılar burdakı adamlara qoşulub gün keçirməyə.
Bəli, bir neçə vaxt keçdi. Padşah hər yerə adam salıb oğlunu axtartdı, amma heç bir soraq tapmadı. Bu zalım oğlu padşahın evdə aman-zaman, gözünün ağı-qarası bircə qızı qalmışdı. Qız yenicə on beş yaşına çatmışdı, qız nə qız, elə bil on beş gecəlik ay parçasıydı.
Padşahın hər yerdən əli üzülüb indi də öz qızını almax xülyasına düşmüşdü.
Odu ki, bir gün qızını yanına çağırıb dedi:
– Ay mənim qəşəng qızım, de görüm bir bağban gözəl bir meyvə ağacı əkə, onu on beş il becərib bəsləyə, onun hər bir əzab-əziyyətinə dözə, həmən ağac bar gətirəndə onun meyvəsini yeməyə bağbanın haqqı var, ya yox?
Qız dedi:
– Ata, həlbəttə, bağbanın öz yetirdiyi meyvələrdən yeməyə haqqı var.
Qız bu sözləri deyən kimi padşah ona afərin söyləyib dedi:
– Qızım, əhsən, indi hazırlaş bu günlərdə toyumuzu edək.
Qız bu söhbətdən heç nə başa düşməyib dedi:
– Ata, nə toy?
Padşah dedi:
– Qızım, o bağban ki deyirdim, o mənəm, sən də mənim yetirdiyim həmən meyvəsən. Səni özgəyə ərə verincə elə özüm niyə almıram.
Qız əvvəlcə elə bildi atası zarafat eləyir. Amma sonra gördü yox, işlər ayrı cürdü. Yazıx qız oradan qaça-qaça gedib çıxdı atasının baxçasına. Bir ağacın altında oturub başladı ağlamağa. Elə bu vaxt padşahın köhnə vəziri bağı gəzirdi. Bir də gördü ki, padşahın qızı ağacın altında təkcə oturub gözünün yaşını sel kimi axıdır. Vəzir yavaşca qıza yaxınlaşıb dedi:
– Qızım, bu nə haldı, sənə nə olub?
Qız çox çalışdı ki, dərdini deməsin, amma olmadı, vəzir əl çəkmədi.
Axırda qız başına gələn əhvalatı vəzirə söylədi.
Vəzir başını silkələyib dedi:
– Qızım, sənin atan elə zalım adamdı ki, heç kimə rəhm eləməz.
Əgər o deyəni eləməsən səni öldürəcək. Odu ki, gəl sən bir nökər paltarı gey, mən səni bir təhər nökər adıynan saxlayım, görək axırı hara çıxır.
Qız dedi:
– Vəzir, mən bilirəm sən çox rəhmli adamsan, məni ölüncə evində saxlarsan. Amma atam bu işi bilsə səni də mənə qatıb öldürdər. Mən sənin qanına bais olmax istəmirəm. Yaxşısı budu elə baş götürüb bu xaraba vilayətdən uzaxlaşım.
Bəli, bir xeyli götür-qoydan sonra bu qərara gəldilər ki, qız baş götürüb qaçsın. Vəzir dedi:
– Qızım, sənin atanın zülmünnən qaçanların hamısı gün çıxan tərəfdə, bir meşədə zümrüd quşu var, onun yanına gedirlər. Gəl sən də ora get, bəlkə qardaşını da orda tapdın.
Qız vəzirin sözünə razı olub elə həmin gün ayağına bir dəmir başmax geyib, əlinə bir dəmir əsa alıb paltarını dəyişib, başına da bir qoyun qarnı keçirib başladı gün çıxan tərəfə getməyə. Düz qırx gün, qırx gecə yol getdi. Dərələr aşdı, çaylar keçdi, gəlib bir meşəyə çatdı. Həm yorulmuşdu, həm də yaman susuz idi. Gördü meşədə su şırıltısı gəlir. Bir az gedib gördü qəşəng bulaxdı, suyu dumduru göz yaşı kimi. Əyilib doyunca su içdi. Bir az da meşədən dağ alması, əzgil yığıb yedi. Sonra göy otun üstündə uzanıb başladı mürgüləməyə. Demə padşahın zülmünnən qaçanların hamısı elə bu meşədəymiş. Həmin adamlardan ikisi gəzə-gəzə atlarını sulamağa gəlirmişlər. Bulağın qırağına çatanda görürlər burda bir keçəl yatıb. Tez keçəli oyadıb dedilər:
– Ay keçəl, hardan gəlib, hara gedirsən? Bəs qorxmursanmı bu meşədə səni qurt-quş yeyər?
Qız dedi:
– Heç, yol adamıyam, elə bu tərəfə gedirəm.
Atlılar dedilər:
– Ay keçəl, deyəsən sən Moltanı padşahının vilayətinnən gəlirsən, de görək orda nə var, nə yox?
Qız dedi:
– Mən heç o padşahın adını da eşitməmişəm.
Atlılar dedi:
– Yalan deyirsən.
Qız dedi:
– Yaxşı eləyirəm yalan deyirəm, sizə nə?
Atlıların keçələ acığı tutdu, onu zornan qabaxlarına qatıb düz gətirdilər öz məskənlərinə, öz başçılarının yanına. Qız gördü ki, onu öz qardaşının yanına gətirdilər, heç üstünü vurmadı.
Atlılar öz böyüklərinə dedilər:
– Bu keçəl yaman kələkbaz adama oxşayır, özü də bizi aldadır, hardan gəlib, hara getdiyini də düz demir. Odu ki, tutub sənin yanına gətirmişik.
Padşahın oğlu dedi:
– Ay keçəl, sən kimsən, hardan gəlib, hara gedirsən?
Qız dedi:
– Mən bir keçəl babanın biriyəm, özüm də Moltanı padşahın bir binamus oğlu var, onu axtarıram, tapıb öldürəm.
Oğlan bu sözü eşidən kimi qəzəblənib əl atdı qılınca ki, keçəli öldürsün. Keçəl dedi:
– Əl saxla, gücün mənə çatmasın, namuslu oğlansan get atanı öldür! Qız başındakı qoyun qarnını çıxardıb atdı. Oğlan baxıb gördü bu öz bacısıdı. Tez onu qucaxlayıb alnından öpdü. Sonra dedi:
– Bacı, o nə sözüydü mənə dedin?
Qız dedi:
– Atam indi də məni almax istəyirdi, gücnən qaçıb qurtarmışam. Oğlan bu sözləri eşidən kimi cin vurdu başına, öz-özünə dedi:
– “Ölmək-ölməkdi, xırıldamax nə deməkdi”.
Oğlan çoban Canı Yağubu da götürüb Zümrüd quşunun yanına getdi. Əhvalatı ona söyləyib dedi:
– Ey zümrüd quşu, mən atamı öldürüb bu zülmü yer üzünnən götürmək istəyirəm. Sən nə deyirsən?
Quş dedi:
– Ey şahzadə, bu lap yaxşı fikirdi, gərək onu sən çoxdan eləyəydin. Sözümə qulaq as, bütün buradakı adamların hamısını özünnən götürüb, get atanın vilayətinə, atanın köhnə vəzirini tap, əhvalatı ona söylə, o sənə qılınc qalxan versin, sonra hücum eləyib atanı öldürərsən. Yoxsa əliboş onun qabağına getmək olmaz. Çünki onun güclü pəhlivanları, qoşunu, qılıncı-qalxanı var.
Oğlan razı olub öz qoşunuynan bacısını da götürüb yol başladı öz vilayətinə getməyə. Çox gedib az dayandılar, az gedib çox dayandılar, ta ki, gəlib çatdılar Moltanı padşahın torpağına. Şəhərin kənarında çadırları qurub başladılar gözləməyə. Oğlan paltarını dəyişib düz gəldi atasının köhnə vəzirinin yanına, özünü nişan verib tanıtdı. Çoxdan belə bir günü gözləyən vəzir gecəynən xəzinənin ağzını açıb padşahın nə ki qılıncı-qalxanı, əmudu, nizəsi varıydı, hamısını payladı adamlarına. Bunları burada qoyax, sizə kimnən xəbər verək, padşahdan. O gecə padşah yuxuda gördü ki, bir meşənin ağacları hamısı adam olub bunun şəhərinin üstünə qaranlıx kölgə saldılar. Padşah o saat əmr elədi ki, tez bu ağacları kəssinlər. Qoşun töküldü, nə qədər axtardılar bir dənə balta tapmadılar ki, ağacları kəssinlər. Axırda padşah qılıncını çəkib ağacları özü kəsmək istədi. Elə bir ağaca endirən kimi qılıncı iki bölündü. Padşah qəzəblənib elə qışqırdı ki, öz səsinə yuxudan oyandı. Səhərə kimi qorxudan padşahın gözünə yuxu getmədi. Durub qapıya çıxdı ki, vəzirin dalınca adam göndərsin, gördü doğrudan da şəhərin qırağında bir qaranlıq var ki, lap meşəyə oxşayır. Bəli, vəzirnən vəkilin dalınca adam getdi ki, padşah sizi çağırır. Hamı tələsik yığıldı padşahın başına. Padşah yuxunu söyləyib, tədbir istədi. Hələ yuxunu yozmamış bir qasid xəbər gətirdi ki, bəs padşah sağ olsun, oğlun qoşunla gəlib səni davaya çağırır. Padşah tez əmr elədi ki, qoşun silahlansın. Nə qədər axtarırlarsa, bir dənə də qılınc-qalxan tapılmadı. Qoşun tamam qaldı əli boş. Padşah başa düşdü ki, bu, işdə köhnə baş vəzirin əli var. Odu ki, burda vəzir, orda vəzir, axtardılar, gördülər vəzir nə gəzir. Qoşun qaldı əli qoynunda. Uzaxdan padşahın oğlu gördü ki, qoşun yaraqsızdı, fikirləşdi ki, bu mərdlikdən deyil ki, əliboş, yaraxsız qoşuna hücum edəsən. Odu ki, bir adam göndərib ismarladı ki, padşah, mənim davam səninlədi, qoşunu havayı yerə qırdırma, gəl ikimiz çıxax meydana, vuruşağ.
Padşah gördü ayrı əlac yoxdu, razı oldu. Bəli, padşahnan oğlu girdilər meydana. Tamam üç gün, üç gecə bir-birinə qılınc çaldılar, heç biri qalib gələ bilmədi. Hər ikisi yorulub bir tərəfə düşdülər. Padşah bilirdi ki, üzbəüz oğlunu öldürə bilməyəcək. Odu ki, hiyləyə əl atdı, qəfildən daldan oğluna qılınc vurub öldürmək istədi. Xoşbəxtlikdən oğlan bunu görüb tez qalxanı qabağa verdi. Qılınc qalxana dəyib iki bölündü. Oğlan yerindən qalxıb atasına qeyznən elə bir qılınc vurdu ki, başı yeddi ağac geri düşdü. Əhvalatı görən qoşun təslim oldu. Oğlan padşahın zalım vəzirini də öldürüb özü taxta çıxdı. Atasının köhnə baş vəzirini özünə yenidən baş vəzir, çoban Canı Yağubu da vəkil elədi. Oğlan xəzinənin ağzını açıb camaata payladı. Bacısını yanına çağırıb dedi:
– Bacı, bax, sənin intiqamını aldım, indi kimə istəyirsən gedə bilərsən.
Qız dedi:
– Qardaş, baş vəzir bizə çox yaxşılıq eləyib, onun oğlu da özü kimi ağıllı, ədalətli adamdı.
– Məsələ aydındı, – deyə qardaşı cavab verdi.
Vəzirin oğlu belə günü çoxdan gözləyirdi. Elə həmin gün toy tədarükü görüldü. Yeddi gün, yeddi gecə toy elədilər. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin, için, xoş gün keçirin.

Top