Günlərin bir günündə bir çoban varımış, bu çobanın gözünün ağıqarası Əhməd adlı bir oğlu varımış. Bir gün çoban çölə çıxıb qoyun otarırdı. Hava çox isti idi, çoban nə qədər su axtardı ki, həm qoyunları suvara, həm də özü içə. Nə qədər axtardı, tapa bilmədi. Qoyunları ağac altına yığıb, tapşırdı köpəyə, o yana gedib gördü ki, bir quyu var, gəlib quyuya çatdı istədi su çəkə, birdən qulağına səs gəldi. Çoban bir oyana, bir bu yana baxıb gördü ki, heç kəs yoxdu. Əyilib quyuya baxdı, gördü ki, bir arvad, bir də bir ilan var. Çoban qurşağa kimi əyildi quyuya, ilan çobanı görən kimi dil açıb dedi:
– Çoban, sənə qurban olum, məni qurtar bu arvadın əlindən, ta baş-beynimi aparıb.
Doğrudan da, quyuda bir arvad varıdı ki, Əflatun bu arvadın əlinə düşsəydi, çürüyüb ölərdi. Çoban baxıb gördü ki, doğrudan da ilan arvadın əlindən az qalıb ölə, tez quyuya bir qab salladı, ilan özün qabın içinə saldı. Çoban qabı çəkib yarıda saxladı, öz-özünə dedi:
– Ey dili-qafil, mən su axtarıram, qabağıma ilan çıxdı. Birdən ilan məni çalar, yaxşısı budu, qoy ilan arvadın əlindən quyuda çərləyib ölsün.
Çoban bunu deyib istəyirdi ki, qabı quyuya buraxa. İlan dil açıb yalvarıb dedi:
– Gəl məni quyudan qurtar, səni bəxtəvər günə çıxararam.
Çoban Allaha pənah deyib, qabı quyudan çəkib çıxartdı. İlanın yarı canı quyudaydı ki, bəlkə arvad quyudan çıxdı. Çoban ilandan xəbər aldı ki, sən arvadın əlindən niyə bu qədər dad çəkirsən?
İlan çobana dedi:
– Mən elə bildim ki, dünyada dili acı, zəhərli bircə mənəm. Amma quyuya girib o imansız arvada rast gəldim. Öz acı diliynən az qala məni çərlədəydi. Yaxşı oldu ki, sən gəlib çıxmısan; yoxsa, yəqin ki, çərləyib ölərdim. İndi məndən nə istəyirsən?
Çoban qorxub ilandan bir şey istəmədi. O istədi çıxıb getsin, ilan dedi:
– Gəl dalımca.
Çoban qorxusundan bir söz deməyib, düşdü ilanın dalınca. İlan qabaqda, çoban dalda getdilər, az gedib, çox dayandılar, çox gedib, az dayandılar, gəlib çıxdılar, bir mağaraya.
İlan girib mağaraya, çobana dedi:
– Gəl dalımca.
İlan çobanı gətirib mağaranın içinə, dedi:
– Bu sandığı aç.
Çoban sandığı açıb içindən bir kisə, bir papaq çıxardı. İlan çobana dedi:
– Bu kisəni bir kərəm açıb bağlayanda kisə pulnan dolar, bu papağı da istədiyin yerə qoy başına, gözə görünməzsən.
Çoban sevinə-sevinə kisəynən papağı götürüb, birbaş gəldi evinə.
Çoban ta qoyunu otarmağa getməyib, asudalıqnan kisəynən başını dolandırırdı.
Amma oğlu Əhmədə sirr vermirdi. Bir gün qəza işi tərsinə çevirdi, çoban yorğan-döşəyə düşüb naxoşladı, beş gün on gün yatandan sonra çoban ömrünü bağışladı oğluna. Ölən günü çoban kisəynən papağı oğlu Əhmədə verib, necə ki danışdıq, elə də odlunu başa salmışdı.
Qoçaq Əhməd atasından sonra görək neylədi?
Atası ölüb getmişdi. Əhməd çoban atasının qırxını verib, ev-eşiyi satdı. Kisəynən papağı götürüb, kənddən çıxıb gəldi bir şəhərə. Gecəni karvansarada qaldı, səhər kisəsindən pul çıxardıb özünə bir dəst paltar aldı, dükan açdı. Bu tərəfdən papağı başına qoyub, gedib tacirlərin dükanına, əlinə düşəni yığırdı öz dükanına. Şəhərə səs dağıldı ki, gözə görünməyən oğru gəlib.
Əhməd fəqir-füqəraları başına yığıb pulsuz-pənahsız, əlsiz-ayaqsızlara parçaynan pul paylamağa başladı. Bir-iki gündən sonra tacirlər baxıb gördülər ki, bazarları kasad olub, malları dükanda qalıb, alan yoxdu.
Tacirlər adam saldılar şəhərə ki, görsünlər camaat bu günlərdə niyə mal almır. Tacir adamları məhəllə-məhəllə gəzib dolandılar ki, camaatdan bir xəbər bilsinlər, gəlib çatdılar şəhərin aşağı tərəfinə. Tacirin adamları baxıb gördülər ki, burda bir dükan var, dükanın qabağında o qədər camaat var ki, iynə atsan yerə düşməz. Xəbər aldılar ki, bu camaat niyə bura yığılıb. Bir adam tacirlərin adamlarına başa saldı ki, Əhməd adında bir tacir əmələ gəlib, pulsuz-pənahsız camaata arşın malı paylayır. Tacirlərin adamları bir xeyli tamaşa elədilər. Sonra bunlar da qoşulub camaata, adama bir top çit alıb, Əhmədin dükanından qayıtdılar ağalarının yanına.
Tacirlər oturub nökərlərinin yolunu gözləyirdilər. Bu dəmdə tacirlər baxıb gördülər ki, nökərlərinin hərəsinin qucağında bir top parça, budu gəlirlər. Tacirlər nökərlərdən xəbər aldılar:
– Şəhərdə nə gördünüz? Bu çiti kim verdi?
Nökərlər çoban oğlu Əhməd haqqında nə ki varıdı, danışdılar.
İyirmiyə kimi tacir yığışıb, dükanlarını bağladılar, tacir Əhmədin dükanına üz qoydular.
Bəli, gəlib çatdılar. Tacirlər camaat sifətiynən Əhmədin dükanına doluşdular. Nökərlər necə demişdilər elə də gördülər. Əhməd dekandan çıxırdı, gördü ki, tacirlər gəlir. Tez Əhməd öz nökərlərinə iyirmi top ipək verib, tacirlərə paylatdırdı. Tacirlər hərə bir top ipək alıb, birbaş dükanlarına gəldilər.
İyirmi tacir yığılıb bir yerə məsləhət elədilər ki, bu Əhməd taciri necə yox eləsinlər ki, bazarları kasadlıqdan çıxsın. Çox danışdılar, axırda qərar verdilər ki, padşaha nəmə yazsınlar. Bunlar namə yazıb Əhmədi pis qələmə verdilər. Naməni qızıl məcməyiyə qoyub padşaha göndərdilər. Padşah naməni alıb oxudu. Gördü namədə yazılıb ki, şəhərdə bir tacir Əhməd peyda olub, bir dükanı var ki, sənin xəzində nu qədər pul yoxdu. Özü də malı pulsuz paylayır. Padşah namədən xəbərdar olub, öz-özünə dedi:
– Gərək özüm gedim tacir Əhmədin yanına.
Padşah durub üst paltarını dəyişdirdi, üz-gözünə bir az qara çəkib vəzirini öz yerində qoyub dedi:
– Vəzir, mən gedirəm, qısa bir səfərim var.
Vəzir xəbər aldı ki, hara gedirsən. Padşah yerin demədi.
Padşah gəlib çatdı çoban oğlu tacir Əhmədin dükanının qabağına.
Bəli, tacirlər necə demişdi, padşah da elə gördü, amma dinməz özünü bir qırağa çəkdi. Gün batana kimi gözlədi, bazardan əl-ayaq yığılan kimi, Əhməd birbaş gəldi öz mənzilinə. Başladı haqq-hesabını çəkməyə. Padşah da bunun dalınca gəlib bacadan Əhmədə baxırdı.
Əhməd dörd kərə kisəni bağlayıb açdı, bir böyük məcməyi qızıl pul yığıb, papağı da başına qoyub gözə görünmədi. Padşah yuxarıdan baxırdı, bu işləri görüb öz-özünə dedi:
– Ey dadi-bidad, bu kisəynən papağı gərək tacir Əhməddən alım.
Əhməd çırağı söndürüb yatdı. Padşah da damdan düşüb birbaş gəldi imarətinə. Padşah gecəni yatıb, səhər tezdən taxtına çıxdı, fikrə getdi ki, bəlkə bir yol tapa, Əhmədi ələ keçirdə, tapmadı ki, tapmadı.
Bu vaxt vəzir içəri girib gördü ki, padşah çox fikrə gedib, ondan xəbər aldı:
– Nə olub belə, fikir dəryasına qərq olmusan?
Padşah istədi vəzirdən gizlədə, amma heç bir yol tapa bilmədi, axırda çarəsi kəsilib, necə ki, görmüşdü, elə də Əhmədin əhvalatını vəzirə danışdı. Vəzirdən tədbir istədi. Vəzir dedi:
– Ta öz gözümnən görməsəm, tədbir tökə bilmərəm.
Padşah razı olub, Əhmədin dükanını vəzirə göstərdi. Vəzir axşam çoban oğlu tacir Əhmədin dükanına gəldi. Bəli, padşah necə görmüşdü vəzir də gördü. Səhərdən vəzir padşahın yanına gəlib dedi:
– Padşah sağ olsun, mən də sən gördüyünü görmüşəm.
Padşah xəbər aldı:
– Nə tədbirin var?
Vəzir dedi:
– Tədbir tapmışam.
İndi padşah bir tərəfdən sevinirdi ki, papağnan kisəni ələ keçirərəm, vəzir də ürəyində deyirdi ki, kisəynən papaq mənimdi.
Padşah dedi:
– Vəzir, de görüm, tələsiyirəm, nə tədbir tapmısan?
Vəzir padşaha dedi:
– Sən tacir Əhmədi qonaq çağır, çörəyinin içinə də bihuşdarı tök, huşu başından çıxanda papaqla kisəni cibindən çıxardarsan.
Padşah vəzirin fikrinə razı olub, axşamnan hazırlıq gördü, çoban oğlu Əhmədin dalınca adam göndərdi.
Padşah adamları gedib çoban oğlu Əhmədin yanına, baş əyib dedilər:
– Padşah sizi axşam qonaq çağırır.
Əhməd bir şey başa düşmədi, padşahın adamlarına söz verdi ki, gələrəm. Padşah adamları gəlib cavab gətirdilər ki:
– Tacir Əhməd axşam qonaq gəlməyə razı oldu.
Padşah çox sevindi, tədarük birə-iki artdı.
Çoban oğlu Əhmədin qaydasıydı, papaqla kisəni cibinə qoyub həmişə yanında gəzdirərdi.
Əhməd kisəynən papağı cibinə qoyub, durub birbaş gəldi padşahın yanına. Padşaha xəbər gəldi ki, tacir Əhməd gəldi. Padşah tacir Əhmədin pişvazına çıxıb, yuxarı başa keçirdib oturtdu. Bu tərəfdən də vəzir Əhmədin xörəyinə bihuşdarı töküb, ortaya gətirdi. Başladılar plov yeməyə. Əhməd bir pəncə aldı, bihuş oldu yıxıldı yerə. Vəzir yapışdı Əhmədin qol-qıçından evin bir küncünə atdı. Padşah vəzirdən qabaq papaqnan kisəni Əhmədin cibindən çıxardıb gizlətdi. Əhmədin özünü də götürüb atdılar şəhərdən qırağa.
Eşit Əhməddən. Əhməd üç gündən sonra ayılıb gördü ki, bərribiyabandadı.
Əlini cibinə saldı, gördü ki nə papaq var, nə kisə. Əhməd barmağını dişləyib dedi:
– Ey dadi-bidad, bu hiylə padşahın işidi ki, mənim başıma gətirdi.
Yəqin papağı cibimdən çıxardıb, məni də bura atıblar. Əhməd durub, kor-peşman ta şəhərə getməyib, düşdü dağa-daşa. Neçə müddət yol gedib, gəlib çıxdı bir meşəyə. Əhməd bərk acımışdı.
Meşədə armud, alma yeyə-yeyə gəlib çıxdı bir bulağa. Burda bir bulaq varıdı, gəl görəsən, amma bulağın başında bir alma ağacı, bir də armud ağacı varıdı. Əhmədin almaya tamahı düşdü. Əl atıb ağacın budağından bir alma dərib yedi. Əhməd almanı yeyən kimi qoşa buynuz çıxartdı. Əhmədi bu dərd lap dəli elədi. İki gün burda qaldı. Axşamıdı, lap acımışdı, istədi alma yeyə, qorxdu buynuz dörd ola, öz-özünə dedi:
– Yaxşısı budu, alma əvəzinə armud dərim yeyim.
Əhməd bir armud dərib yedi. Armudu yeyən kimi, buynuzun biri düşdü, tez bir armud dərib onu da yedi, o biri buynuzu da düşdü yerə.
Əhməd almalardan ona kimi dərib tökdü cibinə, bir iyirmiyə kimi armud da dərib ətəyinə yığdı. Birbaş gəlib çıxdı həmin padşahın torpağına.
Almaları, armudları zənbilə yığıb, padşahın imarətinin qabağında çığırdı:
– Ay alma alan, ay alma alan!
Bu dəmdə vəzir bağa çıxmışdı, gördü ki, yaxşı alma satırlar.
Tamah vəzirə güc gətirib, iki alma götürüb, pul vermədən düzəldi yola. Bu dəmdə də padşah çıxıb gördü ki, vəzir alma alıb aparır. Padşahın almadan xoşu gəldi. Vəzirdən xəbər aldı ki, almanı kimdən aldın. Vəzir dedi ki, filan oğlandan. Padşah vəzirnən söhbətdə idi.
Əhməd padşahı görən kimi tanıdı, tez gəlib padşahın yanına çığırdı:
– Ay alma alan!
Padşah almaların səkkizini də götürdü, amma Əhmədə pul vermədi.
Əhməd o idi ki, çəkilib bir tərəfdə dayandı.
Padşah almaları evinə aparıb birini özü yedi, birini arvadına, birini də qızına verdi. Bunlar almanı yeyən kimi buynuz çıxartdılar. Bu tərəfdən də vəzir almanı yeyib buynuz çıxartdı. Bəli, bunların dərdləri birə-iki artdı. Padşah neçə kərə vəzirə xəbər göndərdi ki, vəzir gəlsin yanıma. Amma vəzir getmədi. Çünki vəzirin də qoşa buynuzu varıdı.
Axırda padşahın əlacı kəsilib, özü durdu gecəynən vəzirin yanına gəldi, gördü ki, vəzirin qoşa buynuzu var. Vəzir də gördü ki, padşahın da qoşa buynuzu var. Padşah soruşdu:
– Vəzir, bu nə olan işdi?
Vəzir məəttəl qalıb, deməyə söz tapmadı.
Padşah dedi:
– Vəzir, tədbir gör.
Vəzir dedi:
– Rəhmətliyin oğlu, mən də sən gündəyəm, nə tədbirbazlıqdı.
Bu dəmdə Əhməd gəlib qapıçılara dedi:
– Gedin deyin ki, həkim gəlib.
Gedib vəzirə dedilər ki, həkim gəlib. Vəzir şadlığından bilmədi neyləyə. Qapıçıya dedi:
– Buraxın gəlsin.
Əhməd gəlib vəzirin yanına salam verdi. Gördü vəzir qoşabuynuzludu.
Tez armudun dörddən birini kəsib verdi vəzirə. Vəzir armudu yeyən kimi buynuzunun biri düşdü, vəzir sevinib dedi:
– Həkim, səndən nə gizlin, padşah da mən kökdədi.
Əhməd dedi:
– İndi ki, belədi, onda bir otaq tapın, hamınız yığılın otağa, sizin buynuzlarınıza dərman eləyim.
Vəzir Əhmədin sözünə razı olub, tez padşaha xəbər göndərdi ki, bir belə adam gəlib, bizim dərdimizə çarə eləyəcək, tez gəl. Padşaha xəbər çatan kimi, arvad-uşaq yığışıb gəldi vəzirin evinə. Əhmədi çağırtdırdılar.
Əhməd dedi:
– Səndə bir papaqnan bir kisə var, onu gətir, bu armuddan əzim töküm papağa, həmin papağı başınıza qoyan kimi, buynuzlarınız yerə düşəcək. Onun duası var.
Padşah Əhmədin sözünə inanıb, əmr elədi papağnan kisəni gətirdilər.
Əhmədin də istədiyi də bu idi. Papağı götürüb qoydu xurcuna. Padşahnan vəzirə almadan çox verib, tay da buynuzları yekəldi. Sonra camaatı çağırıb padşahın etdiyi zülmü, fırıldaqları onlara nağıl elədi.
Camaat da yerbəyerdən əllərinə ağac alıb, padşahı, vəziri, taxtdan saldılar.
Əhmədi onun yerində padşah qoydular. Padşahın qızını da sağaldıb, toy edib Əhmədə verdilər.