Günlərin bir günü Loğman ilə şəyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şəyirdini bazara göndərdi ki, çörək, yağ, şor alıb gətirsin. Şəyird bazara gedib yağın qiymətini xəbər aldı.
Ona dedilər:
– Batmanı yüz dinardı.
Soruşdu:
— Çörək neçəyədi?
Dedilər:
– Onun da batmanı yüz dinar.
Soruşdu:
– Bəs şoru neçəyə verirsiniz?
Dedilər:
– Batmanı yüz dinara.
Şəyird bazarda nəyin qiymətini soruşdu, “yüz dinardır”– dedilər.
O, sevinə-sevinə ustanın yanına gəlib dedi:
– Nə yaxşı şəhərə gəlmişik. Yüz dinardan baha qiymət yoxdu.
Loğman diqqətlə şəyirdə qulaq asıb dedi:
– Elə isə burda qalmaq olmaz, tez çıxıb getməliyik.
Şəyirdi dedi:
– Nə üçün?
Loğman dedi:
– Bir yerdə ki, yağla şora fərq qoyulmadı, orda yaşamaq məsləhət deyil.
Şəyird ustasına etiraz elədi. Loğman öz sözünün üstündə dayandı, ancaq hələlik bu şəhərdə qalmağa razılıq verdi. Bir neçə gündən sonra, car çəkildiyini eşitdilər. Məlum oldu ki, bu gün bir nəfəri padşahın əmri ilə asacaqlar. Loğman şəyirdi ilə dar ağacı qurulmuş meydana gəldi. Adamlar toplaşandan sonra, padşah vəzirləri ilə gedib bir tərəfdə oturdu, üzünü müqəssirə tutub dedi:
– Bu saat təqsirlərini bir-bir de, kəndiri öz əlinlə boğazına keçir ki, səni assınlar.
Müqəssir dedi:
– Padşah sağ olsun, mən bağbanam. Bir gün bağda işlədiyim zaman oğruya rast gəldim. Qaçıb onu tutmaq istəyəndə, dırmaşıb divara çıxdı, küçəyə atılanda yıxılıb qıçı sındı. Məni dustaq edib dedilər: “Günah səndədi ki, bağın hasarını uca eləmisən. Divar alçaq olsaydı, oğru hoppananda yıxılıb qıçı sınmazdı, buna görə səni cəzalandırmaq lazımdı”.
Padşah:
– Doğrudu, lap doğrudu, – deyə cəzanın düzgün olduğunu təsdiq elədi.
Bağban dedi:
– Padşah sağ olsun, divarı mən hörməmişəm.
Padşah dedi:
– Bəs kim hörüb?
Kişi dedi:
– Bənna.
Padşah dedi:
– Elə isə bağbanı azad eləyib, bənnanı gətirin.
Bağbanı buraxdılar, bənnanı tapıb dar ağacının altına gətirdilər.
Cəllad kəndiri hazırlayanda bənna dedi:
– Padşah sağ olsun, günah məndə də deyil.
Padşah dedi:
– Bəs kimdədi?
Bənna dedi:
– Şəyirdimdə. Əgər o kərpici çox verməsəydi, mən divarı hündürə qaldıra bilməzdim.
Padşah əmr verdi, şəyirdi tapıb hüzura gətirdilər.
– Şəyird yalvardı:
– Kərpic çox verməkdə mənim təqsirim yoxdu, – dedi.
Padşah soruşdu:
– Bəs kim təqsirkardı?
Şəyird dedi:
– Padşah sağ olsun, mən ustama kərpic verəndə yoldan bir arvad keçirdi. Onun qolunda çox qəribə bir qolbağ varıdı. Gözüm qolbağa sataşanda, heyran qalıb başımı itirdim. Bir də ayılıb gördüm ki, usta divarı hörüb ucaldıbdı.
Padşah əmr elədi:
– Bu saat o arvad tapılıb dar ağacının dibinə gətirilsin.
Məmurlar axtarıb arvadı tapdılar, meydana gətirdilər. Padşah ondan soruşdu:
– Bu şəyirdin ağlını başından alan sənin qolbağın olubmu?
Arvad dedi:
– Bəli.
Padşah dedi:
– Elə isə kəndir sənin boynuna salınacaq. Cəllad, çək bu arvadı dara!
Arvad dedi:
– Padşah sağ olsun, bu işdə mən müqəssir deyiləm.
Padşah dedi:
– Bəs kimdi?
Arvad dedi:
– Müqəssir zərgərdi ki, elə qəşəng qolbaq qayırıb.
Padşah bir qədər fikirləşib, onun sözlərini təsdiq elədi, dedi:
– Doğru deyirsən, yerdə də olsa, göydə də, bu saat zərgəri dar ağacının dibində hazır eləyin!
Məmurlar arvadı buraxıb zərgərin dalınca getdilər, bir azdan sonra onu çəkə-çəkə padşahın hüzuruna gətirdilər.
Padşah ondan soruşdu:
– Qolbağını sən qayırmısanmı?
Zərgər dedi:
– Bəli, padşahım.
– Bəs sən fikirləşməmişsən ki, o çox gözəl olsa, baxanın gözləri qamaşar, əlindəki işləri çaşdırar?
Zərgər padşahın sualına cavab verməyə söz tapmadı. Cəllad kəndiri halqalayıb onun boynuna saldı. Ancaq zərgərin boynu yoğun, başı balaca olduğundan kəndiri saxlamadı. Ha elədilər, başı halqadan çıxdı.
Cəllad gəlib təzim elədi:
– Padşah sağ olsun, zərgərin başı kiçik, boynu yoğundu, kəndir dayanmır, bilmirəm nə eləyim?
Padşah dedi:
– Bundan asan nə var ki? Bir nəfər başı böyük, boynu nazik adam tapıb kəndiri keçir onun boynuna, qurtarsın getsin!
Cəllad padşahın əmrini yerinə yetirmək üçün adamların içərisinə girdi, gözləri Loğmanın şəyirdinə sataşanda sevinə-sevinə qışqırdı:
– Padşah sağ olsun, başı böyük, boynu nazik. Adamı tapmışam.
Padşah dedi:
– Keçir halqanı onun boynuna.
Şəyird yalvarıb-yaxarıb müqəssir olmadığını dedikdə, padşah onun sözünü kəsdi:
– Boş danışma, müqəssir olub-olmamağının bizim üçün əhəmiyyəti yoxdu. Bizə yekəbaş, nazik boyun lazımdı. Cəllad, nə dayanmısan, assana bunu!
Loğman bu haqsızlığa dözə bilməyib irəli gəlib dedi:
– Padşah sağ olsun, sizin əmriniz doğrudu. Bunun boynu kəndirə keçirilməlidi. Ancaq o, mənim şəyirdimdi. Özümüz də sizin şəhərinizə qonaq gəlmişik. Hələ paytaxtın gözəlliyini doyunca seyr etməmişik.
Bunu mənə bağışla. Qoy sizin sağlığınıza gəzib məmləkətinizə tamaşa eləsin.
Padşah Loğmanın sözlərini bəyənib dedi:
– Doğru deyirsən, qoca, afərin, onu sənə bağışlayıram. Cəllad, burax müqəssiri, qoy getsin.
Cəllad kəndiri şəyirdin boğazından çıxarıb azad elədi. Onlar qayıdıb mənzillərinə gəldikdə, Loğman dedi:
– Bu nə yaxşı şəhərdi. Qalıb burda yaşamaq lazımdı.
Şəyird utana-utana başını aşağı salıb dedi:
– Yox usta, bir şəhərdə ki, yağla şorun fərqi olmadı, orda yaşamaq qorxuludu. Başımızı bədənimizin üstündə salamat saxlamaq üçün burdan getməyimiz məsləhətdi.
Loğman güldü. O saat o şəhərdən çıxıb getdilər.