Qədim zamanda bir ərnən bir arvad varıdı. Ancaq bunların evladları olmurdu. Kişi odunçuydu. Hər gün səhər yerindən durub odun gətirməyə meşəyə gedirdi.
Günlərin bir günündə, kişi evdə olmayanda bunun qapısına bir dərviş gəldi. Dərviş həyətə girib gördü ki, bir arvad çox qəmgin, pərişan oturub. Dərviş salam verib arvaddan xəbər aldı:
– Ay bacı, niyə belə qəmgin oturubsan, nə üz verib?
Arvad dedi:
– Ay qardaş, zəhmət çəkib dişnən, dırnağnan ev-eşik düzəltmişik, azdan-çoxdan özümüzə görə hər şeyimiz var. Amma heyf ki, bir evladımız yoxdu, biz öləndə çırağımızı yandırsın.
Dərvişin arvada çox yazığı gəlib, cibindən bir qırmızı alma çıxarıb ona verdi və tapşırdı:
– Almanın yarısını özün ye, yarısını da ərinə ver yesin; sonra bir evladınız olacaq.
Arvad almanı dərvişin əlindən alıb, ona çox razılıq elədi.
Aradan bir az keçməmiş dərviş yox oldu. Arvad buna təəccüb qaldı. Axşam olanda kişi evə gəldi. Arvad kişini böyük bir şadlıqla qabaqlayıb almanı ona göstərdi, dərvişin dediklərini bir-bir ərinə danışdı.
Həmin gecə almanı ortadan bölüb, hərəsi yarısını yeyib yatdılar.
Bundan sonra arvadın boynuna bir evlad düşdü.
Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə tamamında arvadın bir qızı oldu. Uşaq yavaş-yavaş böyüyüb səkkiz yaşına çatdı.
Qız bir gün anasına dedi:
– Ana, mən qızlarnan bulaq üstünə gedirəm.
Anası dedi:
– Aman balam, sən bir dənəsən, yolda yıxılarsan, ya da suya düşərsən, səni bulağa göndərməyə qorxuram.
Qız, uşaqları görüb həvəsləndi. Səhər yenə gəlib anasına yalvardı ki, amandı, ana, izn ver mən də bulaq üstə gedim. Anası gördü ki, qız əl çəkmir, suya gedən qızları çağırıb, qızını onlara tapşırıb dedi:
– Qızlar, mənim bu balamnan muğayat olun ha!
Qızlar baş üstə deyib, arvadın qızıynan bir yerdə bulağa getdilər.
Qızlar bulağa gedəndə bir dən qabaqlarına bir dərviş çıxdı. Dərviş haman saat qızı tanıyıb, yaxınlaşdı və qızdan xəbər aldı:
– Ay qız, sən kimin qızısan, hara gedirsən?
Qız dərvişə cavab vermədi. Dərviş bir də xəbər aldı, qız yenə cavab vermədi. Üçüncüdə dərviş qıza dedi:
– Get bala, xassan, xubsan, ölüyə münasibsən.
Qız bu sözlərdən bir şey anlamayıb, bulaqdan qayıdıb evə gəldi.
Bu əhvalatı heç kəsə söyləmədi. Qız o vaxtdan başlayıb hər gün qonşu qızlarıynan bir yerdə bulağa gedirdi. Dərviş hər gün qıza rast gəlib deyirdi:
“Xassan, xubsan, ölüyə münasibsən”. Bu işin üstündən bir il
keçdi, amma qız bu sirri heç kəsə danışmayıb, öz ürəyində saxladı.
Bir gün atası qızın üzünə baxıb gördü ki, rəngi solub, yarı canı qalmayıb.
Kişi arvadını çağırıb dedi:
– Ay arvad, var-yox bir uşağımız var, onun da qədrini bilmirik.
Uşaq gündən-günə saralıb-solur, amma bizim heç xəbərimiz yoxdu.
Bilmirik bunun səbəbi nədi? Arvad, sən qızı yanına çağır, onun dərdini xəbər al, öyrən ki, tez, əlacını eyləyək, yoxsa uşaq əldən gedər.
Arvad qızını yanına çağırıb, ondan yumşaq-yumşaq xəbər almağa başladı:
– Ay gözümün nuru balam, nə olub sənə?
Qız sakit durub, utandığından anasına heç bir cavab verə bilmədi.
Anası naəlac qalıb, qızın yoldaşlarını çağırıb onlardan xəbər aldı:
– Mənim qızım gündən-günə solur, bunun səbəbi nədi?
Mən çağırıb xəbər alanda heç nə demir. Siz onun yoldaşlarısız, qılığına girin, dərdini öyrənin, sonra mənə deyin.
Qızlar birbaş onun yanına getdilər. Qızın qılığına girib, xəbər aldılar:
– Sənin nə dərdin var belə gündən-günə saralıb solursan? Allaha şükür, anan sağ, atan sağ, nə qəmin var? Dərdini bizə de, sənə əlac eləyək.
Qız yoldaşlarına heç nə deməyib, birtəhərnən onları başından elədi.
Ata-anası ikinci dəfə qızı yanlarına çağırıb, onu dilə tutub, qəmgin olmağının səbəbini soruşdular. Qız özünü saxlaya bilməyib ağladı.
Ata-anasının ürəyi xarab oldu, dedilər:
– Qızım, əgər bu vilayətdə ürəyin sakit olmursa, köçüb başqa vilayətə gedək.
Qız bu sözləri eşidən kimi, dərvişin əhvalatını nağıl eləməyə başladı:
– Bir ildi ki, bulaq yolunda mənim qabağıma hər gün bir dərviş çıxıb deyir: ay qız, xassan, xubsan, ölüyə münasibsən.
Qız bu sözləri deyən kimi, ata-anası dərvişi o saat tanıdılar. Ərnən arvad bir-biriynən məsləhət elədilər ki, tay bizə burda qalmaq sərf eləməz. Yaxşısı budu ki, burdan şələ-şüləmizi yığışdırıb, baş götürüb özgə bir ölkəyə gedək, yoxsa qızın başına bir iş gələr.
Ər-arvad səhərdən olan-olmazlarını satmağa başladılar, iki-üç günə hər şeylərini satıb, köçmək tədarükünə başladılar.
Bir gün xoruz banından durub yola düşdülər. Az getdilər, çox getdilər, iynə yarım yol getdilər. Yolda bir işığa rast gəldilər. Həmin işığa tərəf getdilər.
İşıq olan yerdə bunlara bir qapı göründü. Qapını nə qədər itələdilərsə, açılmadı. Qız bunları görüb qabağa gəldi, qapını itələdi, o saat qapı açıldı. Qız içəri girən kimi, qapı yenə bağlandı. Ata-anası çöldə qaldı. Bunlar bayırdan nə qədər güc elədilərsə, qapı açılmadı. Nə qədər qışqırdılar, çağırdılarsa, heç bir imdad edən olmadı. Bunlar bayırdan, yazıq qız içəridən başladılar ağlamağa.
Bir neçə gün ac-susuz bu mənzilin yanını gəzdilər, heç bir yol tapmadılar ki, içəri girsinlər. Axırda naəlac qalıb, qızlarına bərkdən dedilər:
– Qızım, get, darıxma, Allah köməyin olsun. Qismətin bu imiş, nə eləyək, əgər nəsib olarsa görüşərik. Sən salamat qal, biz də qayıtdıq evimizə.
Qızın ata-anası ağlaya-ağlaya qayıdıb öz məmləkətlərinə gəldilər.
Qız bir qədər tək-tənha qalıb hönkür-hönkür ağlayıb, özünü daşdivara vurdu. Axırda gördü ki, çarə yoxdu, durub yavaş-yavaş içəridə o yan, bu yana baxdı. Gördü ki, bura bir qalaçadı. Qırx pilləkən yuxarı çıxıb gördü ki, heç kəs yoxdu, bəni-adəm iyi gəlmir. Qorxa-qorxa qabağa yeridi, bunun üzünə qırx otağın qapısı açıldı, heç birində insan yoxudu. Axırıncı qapını açıb içəri girəndə gördü ki, evin ortasında şüşədən qayrılmış bir qutu var, qutunun içində də bir meyit qoyulub. Qız bu meyiti görən kimi, özündən gedib yıxıldı.
Haçandan-haçana özünə gəlib, durdu ayağa. Yaxşı baxıb gördü ki, qutunun başında bu sözlər yazılıb: “Mən ölü Məhəmmədəm, hər kim üstümdə qırx gün, qırx gecə oturub quran oxusa, qırx günün tamamında dirilib, ayağa duraram”.
Qız bu sözləri öyrənib qurtarandan sonra, qutunun qapağını qalxızıb gördü ki, ölü Məhəmmədin barmağında bir üzük var. Üzüyü ölü Məhəmmədin barmağından çıxardıb, öz barmağına taxdı, başladı qırx gün, qırx gecə ölü Məhəmmədin üstündə quran oxumağa. Otuz doqquzuncu gün tamam oldu. Bu gün qızın ürəyi sıxılıb, öz-özünə dedi:
– Mənim libasımı, bədənimi çirk basıb, ürəyimi vərəm qaplayıb, bir bayıra çıxım dolanım.
Qız həyətə çıxıb o tərəf, bu tərəfə baxanda gördü uzaqdan bir köç gəlir. Bir az gözləyib gördü ki, köç həyətə yaxınlaşdı. Qız səs elədi:
– Ay əmi, bu köç hara gedir?
Kişi cavab verdi:
– Yaylağa gedir.
Qız gördü ki, köçün yanında bir qız gedir, öz-özünə dedi:
– Yaxşı oldu, mən bu qızı ondan alıb yanımda saxlaram, mənə yoldaş olar. – Tez özünü köçə yetirib dedi: – Ay kişi, bu qızı mənə bağışla, mən onu yaxşı saxlaram.
Kişi dedi:
– Qızım, mən bu qızı sənə verən deyiləm.
Qız kişiyə yalvarıb, bir kisə də qızıl verib, qızı bir təhərnən ondan aldı. Barının üstündən bir ip sallayıb qızın belinə bağladı, onu zornangücnən içəri çəkdi. Qızı özünə yoldaş apardı. Ölü Məhəmmədin əhvalatını ona söyləyib dedi:
– O, bu gün diriləcək.
Qızı ölü Məhəmmədin yanında qoyub, özü başını yumağa getdi.
Təzə qız ölü Məhəmmədin yanında oturdu. O, bir vaxt gördü ki, ölü asqırdı, dik durub yerində oturdu. Ölü Məhəmməd yanındakı qızı görüb təəccüb qaldı, ondan xəbər aldı:
– Bu qırx gündə mənim yanımda oturub quran oxuyan kim olub?
Qız dedi:
– Mən olmuşam.
Demə o biri otaqda başını yumaqda olan qız xəlvətdən qulaq asıb eşidirmiş. Qız başını yuyub qurtaran kimi, bir göyərçinə dönüb, həyətdə bir ağacın başına qondu. Ölü Məhəmməd əhvalatdan bixəbər idi, qızı alıb onunla yaşamağa başladı. Ər-arvad olub, keyfə məşğul oldular. Bir neçə vaxtdan sonra qız hamilə oldu, qız bildi ki, ağacda oturan göyərçin həmin qızdı, özünü bu saraya gətirmək istəyir. Ölü Məhəmmədə dedi:
– Mənim boynumda uşaq var, könlüm göyərçin əti istəyir, ağacımıza bir göyərçin qonub, onu ovla, ətini yeyim.
Ölü Məhəmməd dedi:
– Ay xanım, neçə ildi ki, mənim bu bağçama heç göyərçin qonmayıb, indi bu öz qanadıynan uçub gəlib, qoy bağçamıza quşlar dadansın.
Qız sözünü bir neçə dəfə təkrar eləyib, kişini qısnadı ki, göyərçini vursun.
Ölü Məhəmməd naəlac qalıb göyərçini ovladı.
Qız ərinə dedi:
– Göyərçinin başını elə kəsərsən ki, qanından bir qətrə də yerə düşməsin.
Kişi göyərçini çox ehtiyatnan kəsdi, amma necə oldusa, göyərçinin qanından bir damla yerə damdı. Bu bir qətrə qan o saat ağac olub, ölü Məhəmmədin bağında bitdi.
Ölü Məhəmməd həyətə düşürdü, gördü ki, evin qabağında bir ağac bitib. Kişi bu işə çox təəccüb elədi. Fikir elədi ki, bu ağac bir saatın içində necə bitib böyüdü. Bu sirdən heç baş çıxara bilmədi. Qız işi başa düşdü. Bu işin üstündən bir neçə ay keçəndən sonra qızın bir oğlu oldu.
Qız ərini qısnadı ki, evin qabağında bitən ağacdan gərək uşağımıza bir beşik qayırasan. Ölü Məhəmməd qıza dedi:
– Sən mənim xanımımsan, sənin uşağına mən qızıl-gümüşdən beşik qayırtdıraram.
Qız buna razı olmayıb, dedi ki, hökmən bu ağacdan ola, amma bu şərtnən ki, ağac kəsiləndə tilişkəsindən bir zərrə də olsun, yerə düşməsin.
Kişi naəlac qalıb, adam çağırıb ağacı kəsdirdi. Ağacı kəsənə tapşırdı ki, bu ağacı elə kəsərsən ki, onun tilişkəsindən bir zərrə də olsun yerə düşməsin. Kişi ağacı kəsməyə başladı, necə oldusa, ağacdan bir tilişkə sıçrayıb bağçada olan hovuzun içinə düşdü.
Bu arada bir qarı, hovuza suya gəldi, suyun üzündə üzən tilişkəni alıb su qabının ağzına qoyub evinə apardı. Qarı hər gün evdən çıxan kimi, tilişkə qız şəklinə girib qarının evini silib-süpürməyə başlayırdı.
Sonra xörəyini bişirib, yenə tilişkə olub, səhəngin ağzında dururdu. Qarı evə gəlib görürdü ki, ev süpürülüb-yığışdırılıb, xörək bişirilib. Arvad bu işə mat-məəttəl qalıb, bilmirdi ki, bu nə sirrdi. Bir neçə gün qarı işə getdi, gəlib gördü ki, ev yenə süpürülüb-yığışdırılıb, xörək hazırlanıbdı.
Qarı bu əhvalatı öyrənmək üçün bir gün işə getməyib, dama çıxdı. Damın orta bacasından baxıb gördü ki, tilişkə insana dönüb evi süpürdü. Sonra xörək hazırlamağa başladı. Bu vaxt qarı damdan düşüb qızı tutdu, ona dedi:
– Qızım, canım sənə qurban, mən ana, sən bala, gəl bu evdə ikimiz yaşayaq.
Qız dedi:
– Ana, mən sənnən yaşayaram, ancaq bu sirrimizi gərək heç kəs bilməsin.
Qarı qızı arxayın elədi ki, heç kəsə deməz. Bir neçə gündən sonra məmləkət adamlarına, ölü Məhəmməd car çəkdirdi ki, saxlamağa at paylayıram, hər kəsin həvəsi varsa, gəlib aparsın. Qız qarıya dedi:
– Ana, sən də bir at gətir saxlayaq.
Qarı dedi:
– Ay qızım, sən qız xeylağı, mən də qarı, atı kim saxlayacaq?
Qız dedi:
– Sən qorxma, get gətir, mən saxlaram.
Qarı ölü Məhəmmədin qulluğuna gəlib, saxlamağa bir at istədi. Ölü Məhəmməd gülüb qarıya dedi:
– Ay qarı, bir qulluqçu lazımdı ki, sənə baxsın, sən atı neyləyirsən?
Qarı kor-peşman evə qayıdıb, əhvalatı qıza danışdı.
Qız buna razı olmayıb, ikinci dəfə də qarını göndərdi ki, get at gətir. Qarı çarəsiz qalıb, bir də Ölü Məhəmmədin hüzuruna gəlib, saxlamağa at istədi. Ölü Məhəmməd nökərlərə əmr elədi ki, qarıya bir arıq, şikəst at versinlər, rədd olub başımızdan getsin, yoxsa bizi rahat buraxmaz. Qarı həmin arıq atı alıb evə gətirdi.
Qız, Ölü Məhəmmədin barmağından çıxartdığı üzüyü atın dilinin altına qoydu, atı tumarladı. At o saat sağalıb yaxşı oldu. Bu əhvalatdan iki ay keçdi. Ölü Məhəmməd car çəkdirdi ki, hər kimdə mənim atım var, gətirsin. Yaxşı at saxlayanlara xələt bəxşiş verəcək.
Bu cardan sonra, at saxlayanlar atları Məhəmmədin həyətinə cəm elədilər, amma qarının apardığı at gəlib çıxmadı. Məhəmməd qarının üstünə xəbər göndərdi ki, atı gətirsin. Qarı cavab qaytardı ki, biz atın yanına gedə bilmirik, gəlsin atı özü aparsın. Ölü Məhəmməd nökərləri göndərdi, atı gətirə bilmədilər. Qıza təklif elədilər ki, atı gəlib açsın.
Qız dedi:
– Mən o ata yaxın düşə bilmərəm, məni vurub öldürər. Gedin deyin Ölü Məhəmməd özü gəlib atı aparsın.
Ölü Məhəmməd atın bu azğınlığına çox təəccüb qalıb, onu aparmağa özü gəldi. Məhəmməd qarının evinə gəlib çatdı. Tövləyə girib gördü ki, atın yanına getmək mümkün deyil. Məhəmməd qıza təklif elədi ki, gəl atı aç. Qız gəlib dilinin altından üzüyü çıxartdı. At qabaqkı axsaq, zəif halına düşdü, atın gözündən yaş tökülə-tökülə getdi.
Bir gün yenə Ölü Məhəmməd dedi:
– Mənə incidən bir padşahlıq xələti düzdürün.
Vəzir, vəkil xələt düzmək üçün bir dəstə qız yığıb, bunlara bir xeyli inci verdilər. Qızlar inci düzməyə gəldilər. Həmin qarıya xəbər göndərdilər ki, qızını inci düzməyə gətirsin.
Qarı qızını götürüb Məhəmmədin sarayına gəldi. Qarının qızı o biri qızlarnan oturub inci düzməyə başladı. Ölü Məhəmməd evin bir tərəfində oturub, qızların danışdığı sözlərə qulaq asırdı. Qızlar öz başlarına gələn qəziyəni deyə-deyə inci düzməyə başladılar.
Ölü Məhəmmədin aradı, həmin köçdən tapılma qız, oğlunu qucağında tutub inci düzən qızlara tamaşa edirdi. Qarıynan gələn qızı görən kimi tanıdı, ürəyi tövşəməyə başladı. Hər qız öz başına gələn qəziyyəni nağıl eləyə-eləyə öz incisini düzürdü. Qarının qızı da yavaşyavaş öz qəziyyəsini danışmağa başladı:
Mənim atam sonsuz idi, düzül incim, düzül,
Dərviş anama alma verdi, düzül incim, düzül.
Atam, anam almanı bölüb yedi, düzül incim, düzül,
Doqquz aydan sonra anam məni doğdu, düzül incim, düzül.
Vətəni tərk edib yola çıxdıq, düzül incim, düzül,
Ata-anadan ayrı düşdüm, düzül incim, düzül,
Qırx gün ölüyə qulluq etdim, düzül incim, düzül,
Oturub milçəyini qovdum, düzül incim, düzül,
Bir qız tapdım xanım oldu, düzül incim, düzül,
Dərdimdən döndüm göyərçinə, düzül incim, düzül,
Məhəmməd məni tutub kəsdi, düzül incim, düzül,
Qanımdan bir qətrə yerə düşdü, düzül incim, düzül,
Ağac olub bağda bitdim, düzül incim, düzül,
Məhəmməd məni kəsib beşik qayırdı, düzül incim, düzül,
Qarı mənə analıq elədi, düzül incim, düzül,
Ölü Məhəmmədə at saxladım, düzül incim, düzül,
Qarı məni bu mənzilə gətirdi, düzül incim, düzül,
Ölü Məhəmməd üzüyü barmağımdadı, düzül incim, düzül –
deyə-deyə başına gələn qəza-qədəri bir-bir qızlara danışdı.
Ölü Məhəmməd qızın danışdığı sözlərə yaxşı qulaq asıb, işin nə yerdə olduğunu bir-bir öyrəndi. Qız sözlərini qurtarandan sonra, ölü Məhəmməd birdən pərdənin dalından qalxıb üzə çıxdı.
O saat əmr verdi köçdən qalma qızın dərisini soyub başına qatıq yaxıb, dəli qatırın quyruğuna bağlayıb çölə buraxdılar.
Ölü Məhəmməd qırx gün, qırx gecə toy eləyib, qarının evindəki qızı aldı. Onlar yeyib, içib yerə keçdilər, siz də yeyin, için muradınıza çatın.