Biri varımış, biri yoxumuş, keçmişlərdə bir padşah varımış. Onun gözünün ağı-qarası bircə qızı varımış. Qonşuluğunda da bir imansız qarının oğul nəvəsi varımış. Padşah qarının nəvəsini hər gün yanına çağırtdırıb onunla oynayıb ürəyini açandan sonra bir qızıl basıb qarının oğul nəvəsinin ovcuna salarmış yola. Padşah beləliklə oğul atəşini ürəyindən söndürərmiş.
Padşahın Məlik adında bir çobanı varıdı. Məlik neçə il idi ki, sidqinən padşaha qulluq eləyirdi. Padşah da Məliyi evləndirmişdi. Məliyin Narınc adında bir qızı olmuşdu.
Fələk işi tərsinə çevirdi. Padşahın vəziri vəfat elədi, padşah qaldı vəzirsiz. Baxıb gördü ki, çoban çox ağıllı adamdı, dedi:
– Hər necə olsa, gərək Məlik çobanı özümə vəzir eləyim.
Adam göndərib Məlik çobanı çağırtdırdı yanına. Məlik çoban gəlib ədəb-ərkanla padşaha baş əyib salam verəndən sonra padşah onu öz yanında oturtdu. Sonra padşah üzünü Məlik çobana tutub dedi:
– Məlik, on ildi mənə çobansan, mən baxıb görürəm ki, sən çox ağıllı adamsan. Bu on ilin ərzində səndən heç bir ziyan görməmişəm.
İstəyirəm səni özümə vəzir eləyəm. Razısan, ya yox?
Padşah bir də təklif eləyəndə Məlik çoban dedi:
– Padşah sağ olsun, pinəçidən zərgər olmaz. Gəl sən mənim bir tikə çörəyimə bais olma. Qoy gedim çobanlığıma.
Padşah dedi:
– Məlik, gərək vəzirim olasan.
Məliyin əlacı kəsilib razı oldu. Padşah Məliyi hamama göndərib üst-başını təzələtdirdi, təmizlətdirdi, bir dəst vəzir paltarı da geydirib çoban Məliyi elədilər Məlik vəzir.
İmansız qarı eşitdi ki, çoban Məlik padşaha vəzir oldu, bu gün sabah da Məliyin arvadı bir oğlan doğsa, nəvəsi gözdən düşəcək. Qarı otuz doqquz gün küpə girib oturdu, qırxıncı günü küpdən çıxıb oldu cadukun qarı. Bu tərəfdən də Məlik vəzirin arvadı ağrı çəkirdi. Qarı bir dəst mama paltarı geyinib özünü yetirdi Məlik vəzirin evinə dedi:
– Mamayam.
Məlik vəzir şad olub, imansız qarını evinə gətirdi. Qarı bir neçə cür olur: qarı var mamlı-matan, yük üstə yatan, balxun sağrı, plov yeməz, üzü gülməz, dabanı çattax, baldırı çılpaq, ipəyi qarı, köpəyi qarı, yaxası açıq, tumanı cırıq, saçları qırıq, küpəgirən, buzov minən qarı. Bizim bu qarı şamarı qarı idi.
Qarı qollarını çırmalayıb Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. İstədi uşağı it-bat eləyə, baxıb gördü ki, adam çoxdu tez bir dua oxuyub arvadın altındakı oğlan uşağını elədi qız uşağı.
Məlik vəzirə xəbər getdi ki, arvadın qız doğdu. Məlik vəzir çox qəmləndi, çünki padşaha söz vermişdi ki, oğlum olsa, qızıl xonçanın içinə qoyub sənə peşkəş gətirəcəyəm.
Odu ki, Məlik vəzir utandığından padşahın üzünə bir neçə gün çıxmadı.
Padşah bir gün oturmuşdu, gördü ki, Məlik vəzir heç bunun yanına gəlmir, adam göndərib Məlik vəziri çağırtdırıb xəbər aldı:
– Nə olub ki, mənim yanıma neçə gündü gəlmirsən?
Məlik vəzir dedi:
– Padşah sağ olsun, mən sənə söz verib əhd eləmişdim ki, oğlum olsa, qızıl xonçaya qoyub sənə peşkəş gətirəcəyəm, amma indi qızım oldu, odu ki, utandığımdan yanına gələ bilmirdim.
Padşah dedi:
– Elə bununçun yanıma gəlmirsən?
Məlik vəzir dedi:
– Bəli.
Məlik vəzirlə padşah oturub, bir az söhbət eləyib, axşamüstü ayrıldılar.
Bəli, Süsən böyüyüb yeddi yaşına çatdı.
95
Məlik vəzir Süsəni qoydu məktəbə. Aradan bir müddət keçəndən sonra padşah Məlik vəzirə dedi:
– Vəzir, bu gün axşam sizə qonağam.
Məlik vəzir durub evinə gəldi. Axşama tədarük gördü. Padşah gəlib oturdu. Yeyib içəndən sonra padşah vəzirə dedi:
– Bəs, sən qızın Süsəni çox tərifləyirsən. Gətir görək, necə uşaqdı?
Vəzir durub gəldi, qızı Süsəni padşahın yanına gətirdi. Padşah Süsənə baxan kimi dedi:
– Vəzir, sən məni aldadıbsan ki, oğlum olmayıb, amma bu ki,
oğlandı.
Vəzir and içib özünü öldürdü ki, qızım olub, oğlum olmayıb, bu qızdı, oğlan deyil.
Vəzir nə qədər dedisə, padşah razı düşmədi, dedi ki, yox ki, yox!
Padşah acıq eləyib durub getdi. Məlik vəzir çox pərt oldu. O, padşahın qabağını kəsib dedi:
– Padşah sağ olsun, mən bugünkü gündən ötrü deyirdim ki, qoy gedim çobanlığıma. İndi bil və agah ol, mən əhd eləmişdim ki, əgər oğlum olsa, padşaha peşkəş edəcəyəm. Yox, qızım oldu, onda oğlan paltarı geyindirib padşahın qabağına çıxardacağam. Odu ki, qızıma bir dəst oğlan paltarı geyindirib çıxartdım məclisə.
Padşah vəzirin bu sözündən çox razı olub dedi:
– Vəzir, sənin bu qızın xalis oğlana oxşayır. Odu ki, hər səhər sübh namazından sonra geyindirib mənim yanıma gətirərsən.
Vəzir iki əlin döşünə qoyub, baş əyib razı oldu. Padşah da çıxıb öz imarətinə getdi.
Məlik vəzir bir müddət padşaha vəzirlik eləyib bu sənətdən çox iyrəndi. Bir gün Məlik vəzir durub gəldi padşahın yanına. Süsəni də özü ilə götürüb gəlmişdi. Padşah Süsəni görən kimi yanında yer göstərib dedi:
– Vəzir, nə əcəb səndən?
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, neçə ildi ki, sənə vəzirlik eləyirəm. Bu neçə ilin ərzində nə sən, nə də sənin camaatın məndən inciməyib.
Amma indi yorulmuşam, izn ver çıxım gedim öz peşəmin dalınca.
Padşah dedi:
– Vəzir, nə səfeh-səfeh danışırsan? Mən səni buraxa bilmərəm.
Sabahkı gün camaat mənə deyər ki, padşah vəziri yola verə bilmədi.
Vəzir dedi:
– İndi ki, belədi, ixtiyar sahibisən, amma iki ay mənə vaxt ver, iki aydan sonra gələrəm öz vəzifəmə.
Padşah izn verdi.
Vəzir köç-külfətini götürüb üz qoydu kəndlərin birinə. Başladı burda əkin əkməklə dolanmağa.
Bir gün padşah xəbər göndərdi vəzirə ki, bəs Süsən üçün yaman darıxıram göndər yanıma.
Məlik durub ayağa Süsənə bir dəst pəhləvan paltarı geyindirib, altına yaxşı bir at çəkib dedi:
– Qızım, xoruzların ikinci banında get köhnə qəbiristanlığa, gör nə görərsən?! Gördüyünü gəl mənə nağıl elə.
Süsən minib atını qəbiristanlığa getməkdə olsun.
Vəzir bir dəst pəhləvan paltarı geyib, üzünə dəbilqəni çəkib, atını minib çapdı qəbiristanlığa! Məlik özünü yetirdi Süsənə. Süsən baxıb gördü ki, bir pəhləvan gəlir. Bunlar başladılar davaya.
Süsən atasını tanımırdı, odu ki, qılıncı zərblə atası Məlik vəzirə vurdu, amma Məlik vəzir qızına qılınc vurmayıb, onun qabağından qaçdı.
Axırda Süsən təkcə gəlib qılıncını saldı qınına, əl atdı atasının bel kəməndinə, götürüb vurdu yerə, çıxıb sinəsinin üstə istədi atasının başını kəsə. Məlik vəzir tez dəbilqəni üzündən götürüb atdı. Süsən öz atasını tanıyıb dedi:
– Ata, bu nə olan işdi, bəlkə elə mən səni vurub öldürəydim?
Məlik vəzir dedi:
– Qızım, mən səni sınayırdım, indi bildim ki, sən yüz pəhləvana bərabərsən. Qızım, get, padşah səni çağırır, hər nə desə əməl elə. İndi səndən arxayınam.
Süsən atası ilə halallaşıb, padşahın yanına getməkdə olsun. Bu tərəfdən padşaha xəbər gəldi ki, bir nəfər pəhləvan elçi daşının üstə oturub.
Süsən padşahın imarətinin qabağında atından düşüb girdi içəri.
Padşaha ədəb salamını yerinə yetirib, Məlik vəzir verən kağızı ona verdi. Padşah alıb kağızı oxudu gördü ki, bu, vəzirin qızı Süsəndi, pəhləvan paltarında gəlib. Çox şad oldu. Süsənə otaq-filan verdi. Süsən burda qalmaqda olsun.
Padşah öz-özünə dedi:
– İndi ki bu qızın pəhləvanlığa çox həvəsi var, gərək bunun gücünü sınıyam.
Padşah Süsəni çağırtdırıb dedi:
– Hazırlaş, mən sabah ova gedirəm, səni də özümnən aparacağam.
Padşah səhər qoşun tədarükü görüb atlandı. Süsən də öz atına minib padşahın yanı ilə gedirdi. Bir neçə mənzil yol getdilər. Birdən padşahın qabağına nəhəng bir əjdaha çıxdı. Qoşun əhli qorxub qaçdı.
Süsən tez əlini qılınca atıb əjdahanı iki bölüb öldürdü.
Bu şücaəti Süsəndə görəndə padşah, qoşun əhli çox şad olub sevindilər, yerbəyerdən Süsəni alqışladılar. Padşah şadyanalıqla şəhərə qayıdıb o günü yeyib-içib keyfə baxdılar.
Həmin padşahın Zərnigar adında pərdeyi-ismətdə bir qızı varıdı.
Qız nə qız, görən bunun camalına heyranıdı, qaş qara, gözlər sürməyi, boyu sərv, burnu hind fındığı, dişləri inci, mirvari kimi, dodaqları zərif, qıpqırmızı idi.
Zərnigar Süsənin sorağında idi, amma nə eləyirdi Süsəni görə bilmirdi.
Odu ki, Zərnigara eşq zor gətirib tab eləyə bilmədi. Süsənin dərdindən naxoşlayıb düşdü yorğan-döşəyə.
Padşaha xəbər getdi ki, qızın Zərnigar bərk naxoşdu. Padşah qızı Zərnigarı çox istəyirdi. Durub gəldi qızının yanına, gördü ki, həqiqətən Zərnigar elə naxoşdu ki, heç dinib danışmır, tez durub getdi, çıxıb taxta car çəkdi ki, kim qızımı sağaltsa, filan qədər qızıl verəcəyəm. Şəhərdə həkim qalmadı gəldi, amma Zərnigarı sağalda bilmədilər.
Padşahın əlacı kəsildi, oturub ağladı.
Padşahın bir küpəgirən qarısı varıdı. Qarı gəlib padşaha dedi:
– Ax-uf çəkmə, sənin qızın Zərnigar Süsənin dərdindən o günə düşübdü.
Padşah acıqlanıb qarıya dedi:
– Yalan deyirsən.
Küpəgirən qarı dedi:
– İndi ki, sözümü yalan bilirsən, dur mənnən gedək Zərnigarın yanına. Sən qapı dalında dayanıb bizim danışığımıza qulaq as. Onda bilərsən ki, sənin qızın Zərnigar doğrudan da aşiqdi Süsənə.
Bunlar getdilər.
Padşah qapının dalında gizlənib qulaq asmaqda olsun. Eşit küpəgirən qarıdan.
Qarı qapını açıb girdi içəri. Zərnigarın yanında oturub:
– Ay qadan alım, ay başına fırlanım, necəsən? – deyə başladı Zərnigarın baş-qulağını aparmağa.
Zərnigar dedi:
– Qarı nənə, Allahdan gizlin deyil, səndən nə gizlədim. Mən Süsənin dərdindən bu günə düşmüşəm. Mənə əlac!
Zərnigar dərdini deyib başladı ağlamağa. Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. Padşah qarıya dedi:
– Qarı, tədbir gör, yoxsa Zərnigar dəli-divanə olar.
Qarı dedi:
– Mənim bu gözüm üstə. Gəl sən Süsəni göndər Nil suyu gətirməyə getsin. Süsən gedib geri qayıtmaz, Zərnigarın da yadından çıxar, sağalar.
Padşah razı olub, Süsəni çağırtdırdı. Süsən gəlib baş əyib qulluq gözlədi. Padşah ona dedi:
– Mənim qızım bərk naxoşdu, deyirlər ki, gərək o, Nil suyunda çimə, göndərirəm səni Nilə. Gərək iki böyük tuluq Nil suyu gətirəsən ki, qızım çimib sağalsın. Süsən razı olub, minib atına, iki tuluq da əlinə alıb başladı yol getməyə. Neçə gün, neçə gecə yol gedib, gəlib çatdı bir bağa. Süsən atını bu bağın içinə çəkib gördü ki, burda bir çarhovuz var. Onun da qırağında bir göyərçin var. Göyərçin o yana bu yana baxıb tez cildini soyundu, oldu qız, özünü çarhovuza atıb başladı çimməyə.
Süsən tez əlini atıb göyərçinin cildini götürdü. Göyərçin Süsəni görən kimi:
– Ey Süsən, sən də mən tumnansan. (Toxumdan, cinsdən) Gəl sən mənim cildimi aparma, mən sənə bir sirr deyim.
Süsən dedi:
– De görüm, nə deyirsən?
Göyərçin dedi:
– Əzəl cildimi ver, sonra deyim.
Göyərçin öz anasının südünə and içəndən sonra Süsən göyərçinin cildini verdi. Göyərçin dedi:
– Bil və agah ol, sən çoban Məlikin oğlusan. Padşah atanı özünə vəzir eləmişdi. Həmin padşahın heç oğlu olmazdı. Padşahın qonşuluğunda bir qarı vardı. Həmin qarının oğul nəvəsi vardı. Padşahın oğlu olmadığına görə qarının oğul nəvəsinə oğul deyərdi. Sən dünyaya gələn zaman mamalığını həmin qarı elədi. Gördü ki, sən oğlansan, həmin yerdə bir tilsim oxuyub səni eləyibdi qız. İndi bil, sən oğlansan.
Süsən göyərçindən xəbər aldı:
– Ey göyərçin, mən o qarını harda görə bilərəm?
Göyərçin dedi:
– Bu yaxında bir şəhər var, gedib o şəhərə görəcəksən ki, bütün şəhər əhli daşa dönübdü. O şəhərin padşahı əl qabına gedən yerdə daş olub qalıbdı. O şəhəri həmin dediyim qarı daşa döndərib.
Süsən xəbər aldı:
– Nə üçün daşa döndəribdi?
Göyərçin dedi:
– O şəhərin padşahı sənin atanın əmisi oğlu idi. Onun bir pərdeyiismətdə gözəl, göyçək bir qızı vardı. Qarı həmin qızı öz nəvəsinə almaq istəyir. Amma padşah qarının nəvəsinə öz qızını vermir. Qarı acığa düşüb bütün şəhəri daşa döndəribdi. İndi sən gedərsən ora, qarı gəlib padşahı adam eləyib deyəcək:
– Padşah, qızını oğluma verirsənmi?
Padşah deyəcək:
– Yox.
Onda qarı çəkib çubuğu padşahı daş eləyəcək. Sən qarını tutub çubuğu əlindən alarsan, özünü də öldürərsən. Sonra çubuğu çəkərsən daşlara, bütün şəhər adam olar. Bu yarpağı da verirəm sənə, sən də tilsimdən çıxarsan.
Göyərçin sözünü deyib, qanad çalıb çıxıb getdi. Süsən də minib atına üz qoydu yol getməyə.
Neçə gün, neçə gecə yol gedib özün yetirdi həmin şəhərə, girib gördü ki, bu şəhər dönübdü daşa. Dükan-bazara baxıb gördü ki, dükan çı ət çəkən yerdə, bəzzaz çit ölçən yerdə, qatıqçı qatıq satan yerdə, bağban bağ belləyən yerdə, dərzi paltar tikən yerdə, pinəçi çarıq tikən yerdə dönübdü daşa.
Amma burda bir imarət var, bu imarətin qabağında bir nəfər dayanıb dönüb daşa.
Süsən dedi:
– Olsa, padşah bu olacaqdı.
Çəkilib bir yanda dayandı. Haçandan-haçana imansız qarı gəlib çubuğu padşaha çəkib onu diriltdi, dedi:
– Qızını verirsənmi mənim oğluma?
Padşah dedi:
– Yox, vermirəm.
Qarı acıqlanıb istədi çubuğu padşaha çəkə, Süsən o saat qarını daldan tutub çubuğu əlindən aldı. Qarını da cəhənnəmə vasil elədi. Çubuğu üç kərəm yerə çəkib bütün şəhər əhlini insan elədi. Padşahı da oturtdu taxtında. Atı minib tay Nilə su dalınca getmədi. Göyərçin verən yarpağı əzib, suyunu içib özü də oldu oğlan. Minib atına öz vilayətlərinə gəldi.
Çatan kimi özünü yetirdi Zərnigar xanıma, öpüşüb görüşdülər.
Padşaha xəbər getdi:
– Süsən gəlibdi, özü də oturub qızının yanında.
Padşah xəbər göndərdi Süsən gəlsin. Süsən padşaha cavab göndərdi:
– Gedin deyin padşaha ki, hələ işim var, gələ bilmərəm. Bu xəbəri aparıb padşaha yetirdilər. Padşah xəbəri eşitcək qəzəbləndi, əmr elədi ki, Süsəni tutub salsınlar zindana.
Pəhləvanlar gəldilər ki, Süsəni tutub salalar zindana. Süsən gələn pəhləvanı öldürüb cəhənnəmə vasil eləyirdi. Padşaha xəbər getdi ki, qoşun qalmadı, nə ki var, Süsən qırıb qurtardı.
Bu xəbəri padşah alan kimi əmr verdi ki, nə ki qoşun var çıxsın meydana, gərək Süsəni tutalar
Süsən bir də baxıb gördü ki, ulduzların sayı var, qoşunun sayı yoxdu, qoşun dərya kimi moc (Ləpə, dalğa) vurur. Tez dava paltarını geyinib, atına minib üz qoydu meydana, özünü dəryayi-ləşkərə (Dərya kimi qoşuna) vurub ot kimi qoşunu biçib qurtardı. Padşah pəhləvanlarını göndərdi. Süsən pəhləvanları da qırıb dedi:
– Ey padşah, çıx meydana.
Padşahın əlacı kəsilib özünü yetirdi meydana. Hər iki pəhləvan oxdan, nizədən, toppuzdan, qılıncdan çıxıb əl atdılar bir-birinin kəməndlərinə.
Kəməndlər davam gətirə bilməyib qırıldı.
Süsən baxıb gördü ki, bu çox zor pəhləvandı, əl atıb ikiəlli yapışdı padşahın belindən, bir nərə çəkib götürüb vurdu yerə, çıxıb sinəsinin üstə oturdu. Padşahı öldürüb, qalan qoşunu özünə təslim elədi.
Süsən öz atası Məlikə xəbər göndərib gətirtdi. Başına gələni atası Məlikə nağıl elədi. Məlik oğlunun alnından öpdü. Süsən də Məlik çobanı padşah elədi.
Məlik çoban çox ədalətlə padşahlıq eləməyə başladı. Bundan sonra Süsən yeddi gün yeddi gecə toy eləyib, Zərnigar xanımı alıb murad hasil elədi.