Həmid adlı yoxsul bir kişi var idi. Bu kişinin altı xırda uşağı var idi. Həmid kişi hər gün meşədən şələ ilə odun gətirib satar, aldığı pulla uşaqlarını yarı qarnı ac, yarı qarnı tox dolandırardı. Bir gün Həmid kişi yenə tezdən durdu. Əl-üzünü yudu, oturub bir az çörək yedi, sonra dəhrəsini, baltasını götürüb meşəyə odun yığmağa getdi. Az getdi, çox getdi, meşənin lap qalın yerinə çatdı. Bir də gördü bir şey od tutub yanır. Kişi yaxına gedib gördü alovun içində bir qutu var. Bu qutunun içindən səs gəlir.
– Ay aman, kömək eləyin, məni bu alovun içindən qurtarın!
Həmid kişi çox rəhmli adam idi. Ürəyi yandı. Özünü alovun içinə atıb qutunu kənara çıxartdı. Qutunun ağzını açan kimi, içindən bir ilan çıxıb, kişinin boğazına dolandı, qışqırıb dedi:
– Səni elə vuracağam ki, parça-parça olasan.
Kişi yalvarıb dedi:
– İlan qardaş, insaf elə, mürvət elə. Mən səni ölümdən qurtardım, sənə yaxşılıq elədim. Yaxşılığın əvəzini vermirsən vermirsən, tay məni niyə vurursan? Məndən əl çək, bir bölük çolma-çocuğum var.
Onları yetim qoyma!
İlan onun boğazını sıxıb dedi:
– Nahaq yerə mənə yaxşılıq eləmisən. Niyə, bilmirdin ki, biz nəsil yaxşılıq qabağında pislik elərik? Yaxşılığın əvəzində səni vurub balalarını yetim qoyacağam.
Kişi dedi:
– A ilan qardaş, gəl sən bu daşı ətəyindən tök. Bu dəfə yaxşılığın qabağında pislik eləmə, adətini poz, məni vurma.
İlan dedi:
– Üz vurma, səni vuracağam. Mən qaydanı poza bilmərəm.
Kişi naəlac qalıb dedi:
– İlan qardaş, onda aman ver, üç şərtə gedək, sən də sözünü de, mən də deyim. Onlar səni haqlı bilsələr, sözüm yoxdu, vurarsan ölərəm.
İlan kişinin sözünə razı oldu. Kişi qutunu da götürüb ilan boğazında yola düşdü. Az getdi, çox getdi, bir bayquşa rast gəldi. Kişi bütün əhvalatı bayquşa nağıl eləyib dedi:
– Bayquş qardaş, bizim şərimizi kəs. De görək, bu yaxşılığın qabağında ilan məni vurmağa haqlıdırmı?
Bayquş bərkdən ulayıb dedi:
– Əlbəttə, vurmağa haqlıdı. Siz insan nəslinin yaxşılığının qabağında pislik eləmək lazımdı. Sizdən mənim də ürəyim yaralıdı. Məni qoymursunuz ulayıb istədiyim yerləri xaraba qoyam. Mən dağıdıram, siz tikirsiniz. İlan qardaş, bunu elə vurarsan ki, parça-parça olar.
İlan istədi Həmid kişini vursun. Həmid kişi şərtlərini onun yadına salıb dedi:
– Bizim hələ iki şərimiz qalıb, aman ver.
İlan razılaşdı. Həmid ilan da boynunda yola düşdü. Bir qədər gedəndən sonra bir canavara rast gəldi. Kişi dedi:
– Ay canavar lələ, bu ilan alov içində yanırdı. Mən onun köməyinə çatdım, özümü alovun içinə salıb onu ölümdən qurtardım. Bu yaxşılığın qabağında ilan deyir səni vuracağam. Sən nə deyirsən, bu haqlıdırmı?
Canavar bərkdən ulayıb dedi:
– Əlbəttə, haqlıdı. O, sənə böyük xətir qoyub ki, hələ bu vaxta kimi vurmayıb.
Kişi dedi:
– Canavar qardaş, düz demirsən. Məgər yaxşılıq eləyənə pislik elərlər.
Canavar dedi:
– Mən düz deyirəm. İlan ondan ötrü haqlıdır ki, bu insanlardan mənim də ürəyim yaralıdı. Qoymurlar istədiyim qoyunu, quzunu yeyəm. Məni görəndə vurub öldürürlər. İndicə bir sürüyə təpindim.
Çoban itlərə “tut” dedi. Birtəhər ölümdən qurtardım. Dad bu insanların əlindən. Onların yaxşılıqlarının qabağında pislik lazımdı. İlan qardaş, bunu elə vur ki, parça-parça olsun.
İlan Həmid kişiyə dedi:
– Eşitdin ki, bu da ikinci şər. İndi düş yola üçüncü şərə gedək.
Kişi ilan boğazında yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi gedib bir tülküyə rast gəldilər.
Kişi tülküyə baş əyib dedi:
– Salam-əleyküm, tülkü baba, xoş gördük.
Tülkü yuxarı tullanıb dedi:
– Əleyküm-əssəlam, ay topqarasaqqal kişi! Xoş gəlmisən, beş gətirmisən.
Bu ilanı boynuna dolayıb, hara belə gedirsən?
Kişi dedi:
– Ay tülkü baba, bu ilan meşədə alov içində yanırdı. Mən onun imdadına çatıb ölümdən qurtardım. Bu yaxşılığın qabağında deyir “Səni vuracağam”. İndi sən şərimizi kəs, görək bu məni vurmağa haqlıdı, ya yox?
Tülkü bərk qəzəbləndi, gözlərini bərəldib dedi:
– Gözünün içinə qədər yalan danışırsan. Bu yekəlikdə ilan heç vaxt o qutuya sığmaz. İlan qardaş, sən qutuda idin, yoxsa bu kişi sənə böhtan atır?
– Yalan demir, mən qutuda idim.
Tülkü dedi:
– Sən də yalan deyirsən. Sən heç vaxt o qutuya sığmazsan. Şahidinizi göstərin, şərinizi kəsim.
İlan hirslənib dedi:
– A tülkü baba, nə şahid? Şahid bu qutu. İstəyirsən içərisinə girim, bax gör sığıram, yoxsa sığmıram.
Tülkü dedi:
– Yaxşı, onda razıyam. Amma heç ağlım kəsmir ki, sən bu qutuya sığasan. Şərinizi kəsərəm, bu kişini buradaca vurarsan ölər. Üç gündü ki, dilimə ət dəyməyib, acından qarnım cur-cur curuldayır. Bir az ətindən mən yeyərəm.
İlan dedi:
– A kişi, qutunu yerə qoy.
Kişi qutunu yerə qoydu. İlan qutunun içinə girib qıvrılan kimi, tülkü cəld qutunun ağzını örtdü və kişiyə dedi:
– A kişi, yaxşılığa yaxşılıq hər kişinin işidi. Amma yamanlığa yaxşılıq hər ötənin işi deyil. Fürsəti fövtə vermə, bu gavuru tez öldür, canın qurtarsın.
Kişi o saat bir tonqal ocaq qaladı, qutunu götürüb alovun içinə atdı.
İlan nə qədər qışqırdı, yalvardı, onun sözünə baxan olmadı. İlan qutu ilə bərabər yanıb kül oldu. Kişi tülküyə dua, alqış eləyirdi ki, birdən ovçuların qıyhaqıy səsi, tazıların hürüşməsi eşidildi. Tülkü əl-ayağa düşüb kişiyə dedi:
– A kişi, o ovçular məni axtarırlar. Mən onların əlindən qurtarıb buraya gəlmişəm. Sənə yaxşılıq eləyib ölümdən qurtardım, əvəzində sən də mənə yaxşılıq elə, məni gizlə.
Həmid kişi fikirləşməmiş ovçular gəlib çıxdılar. Tülkü işi belə görüb qaçmaq istədi. Amma tazılar imkan verməyib, başının üstünü kəsdilər. Ovçular tülkünü diri tutdular.
Kişi ovçulara salam verib dedi:
– Ovçu qardaşlar, mən çoxdandı ki, bu hiyləgər tülkünün dalınca gəzirdim, Amma ki, tuta bilmirdim. Çox yaxşı oldu ki, siz onu tutdunuz.
Bunu mənə verin.
Ovçular soruşdular:
– Tülkü sənin nəyinə gərəkdi?
Kişi dedi:
– Bu tülkü məndə toyuq-cücə qoymayıb, hamısını yeyib qurtarıb.
İstəyirəm onun dərisini özüm soyam, içərisinə saman doldurub saxlayam.
Gündə bir dəfə ona baxam ki, ürəyim soyuya.
Tülkü Həmid kişidən bu sözləri eşidəndə bir altdan yuxarı ona baxıb dedi:
– Ay namərd insan, heyif mənim sənə elədiyim yaxşılığa. Belə bilsəydim, heç səni ilanın əlindən qurtarmazdım, qoyardım vurardı.
Həmid kişi dedi:
– Çox danışma. Bir yaxşılıq eləyibsənsə, min də pislik eləyibsən.
Sonra üzünü ovçulara tutub dedi:
– Qardaşlar, neçə istəyirsiniz verim, bunun dərisini soyub mənə verin.
Ovçulardan biri bıçağını çıxartdı. Tülkünü yerə yıxdı, dərisini boğazından çıxartmaq istəyəndə, Həmid kişi dedi:
– Dayan, elə soyma!
Ovçu dedi:
– Bəs necə soyum?
Həmid kişi soruşdu:
– Bir mənə deyin görüm, siz bu tülkünün dərisinə, bir də onu soymaq üçün çəkdiyiniz zəhmətə məndən neçə alacaqsınız?
Ovçu dedi:
– On tümən.
Həmid kişi on beş tümən pul çıxardıb ovçuya verdi, dedi:
– Al, bu on beş tümən, soymaq zəhməti də sizə qalsın. Tülkünü elə diri-diri mənə verin. Beləliklə, mənim ürəyim soyumaz. Mən gərək onu öz əllərimlə diri-diri soyam.
Ovçular pulu alıb getdilər. Elə ki gedib gözdən itdilər, Həmid kişi tülküyə dedi:
– Tülkü qardaş, sən mənə yaxşılıq eləmişdin, mən də sənin xəcalətindən çıxdım. Get, yaşa!
Bunu deyib Həmid kişi tülkünü buraxdı, özü də ipini açıb arasına odun yığmağa başladı.
Tülkü də ona kömək elədi. Həmid kişi şələsini dalına alıb evlərinə getdi. Tülkü də balalarının yanına qaçdı.