Keçmiş qədimlərdə Qoquz adında bir padşah varmış. Belə deyirlər ki, günbatandan günçıxana kimi nə ki, padşah var, hamısı ondan qorxarlarmış. Quş quşluğu ilə Qoquzun adını eşidəndə göydə qanad salarmış. Qoquz çox zülmkar imiş. Qoquz padşah bir gün yatıb yuxuda görür ki, göydən bir məlakə endi, padşahın ağzına bir sillə vurub, çıxıb getdi. Qoquz qorxudan yorğan-döşəkdən atılıb, başladı haray çəkib tirtir əsməyə. Qoquzun yanına vəzir, vəkil yığışıb xəbər aldılar ki, nə olub? Qoquz yuxusunu danışıb əmr verdi ki, bu yuxunu yorsunlar.
Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hər nə illah elədilər, yuxunu yorub bir yana çıxarda bilmədilər. Axırda münəccimbaşı dedi:
– Bu yuxunu yoran bir adam var.
Qoquz dedi:
– Kimdi o adam, de, bu saat çağırtdırım?
Münəccim dedi:
– Urum vilayətində bir qoca münəccim var, düz üç yüz ildir ki, ömür sürür. Bu yuxunun mənasını tapsa, o tapar, çünki belə yuxuların mənasını tapmaq bizim işimiz deyil.
Qoquz dedi:
– Vəzir, bu işi sənə həvalə eləyirəm. Gərək qoca münəccimi götürüb gələsən hüzuruma.
Vəzirin boğazının yolu quruyub öz-özünə dedi:
– Urum hara, bura hara? Urum burda nə gəzir?
Çarəsi kəsilib durub ayağa, arvadıynan halallaşıb bina qoydu yol getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, nağıllarda mənzil olmaz, neçə müddət yol gedib, neçə mənzil gedib, axırda gəlib çatdı Urum torpağına. Gəzib Urum şəhərini dolandı. Gördü ki, bir dərviş bir sandıq qoyub qabağına satır:
– Ay sandıq alan! Ay sandıq alan!.. Alan alıb xeyrin görər, açıb baxan ziyan çəkər.
Vəzir dedi:
– Ey dərviş, sandığı neçəyə deyirsən?
Dərviş dedi:
– Yüz tümənə. Başıbağlı satıram.
Vəzir dedi:
– Qoy alım baxım.
Dərviş dedi:
– Mən sandığı başıbağlı satıram, alırsan al, almırsan çıx get.
Vəzir çıxardıb yüz tümən dərvişə verdi. Sandığı alıb çıxdı bayıra, soraqlaşıb qoca münəccimin evini tapdı. Döyüb qapını içəri girdi. Gördü ki, pirani bir kişi oturub pambıq içində. Saç-çaqqal ağappaq, əlində kitab, qabağında manqal.
Münəccim vəziri görən kimi dedi:
– Ey İbrahim, xoş gəlmisən. Buyur, otur!
Vəziri xof götürdü. Amma ki, dinib danışmadı. Əyləşib münəccimin yanında, istədi münəccimə deyə ki, gəlmişəm səni aparam.
Münəccim dedi:
– Səhər inşallah gedərik.
Vəzir mat qaldı. Elə ki, çay-çörək yeyib toqqalarının altını möhkəmləndirdilər, münəccim dedi:
– Sən dur get, mən özüm gələrəm.
Vəzir durub ayağa, gəldi öz mənzilinə. Götürüb sandığı bina qoydu yol getməyə. Neçə gün yol gəlib axır çatdı evinə. Arvad çıxıb qabağına dedi:
– Ay kişi, evimizə qonaq gəlib.
Vəzir girdi içəri, gördü ki, qoca münəccim gəlib. Vəzirin lap boğazının yolu qurudu. Ədəb salamını verib oturdu.
Qoca münəccim dedi:
– Dur, məni apar padşahın yanına.
Vəzir durub ayağa, qoca münəccimi götürüb gəldi Qoquzun yanına. Qoquz münəccimə yer görsədib oturtdu yanında.
Dedi:
– Ey pirani münəccimbaşı, yuxuda gördüm ki, oturmuşam çəməndə. Bir də gördüm göy guruldadı, göydən bir məlakə enib oturdu dizimin üstə. Ağzıma bir sillə vurub çıxıb getdi.
Münəccim dedi:
– Ey Qoquz şah, bil və agah ol! Çox çəkməyəcək dünyaya bir qız uşağı gələcək. O, böyüyüb on dörd yaşına çatan kimi səni öldürəcək.
Qoquz şah çox bikeyf olub münəccimbaşıya dedi:
– Tədbir gör! Sənə nə istəsən verərəm.
Münəccim dedi:
– Olacağa çarə yoxdu.
Münəccimbaşı belə deyəndə Qoquz şah qəzəblənib əmr verdi ki, pirani münəccimbaşının boynunu vursunlar.
Pirani münəccimbaşı bərkdən gülüb qalxdı göyə, gözdən itib getdi.
Qoquz şah əmr verdi ki, qoca münəccimbaşını tutsunlar. Heç kim münəccimi tuta bilmədi. Qoca münəccim bu getməknən gəlib çıxdı öz evinə. Qoquz vəzirə əmr verdi ki:
– Tədbir gör!
Vəzir dedi:
– Bu bəladan canuvu qurtarmaq üçün bir yol var, o da budu ki, təzə anadan olan qız uşaqlarının boynunu vurdurasan. Bu işi elə görəsən ki, camaat səndən görməyə.
Qoquz vəzirin bu tədbirinə razı olub, bu iş üçün məvacibnən dörd nəfər cəllad tutdurdu. Bu cəlladlar başladılar doğan arvadların qız uşaqlarını beşikdən oğurlayıb öldürməyə. Sənə xəbər verim vəzirdən.
Vəzir ki, Urum şəhərindən bir sandıq almışdı, götürüb qoymuşdu evinə. Amma açıb sandığın içinə bu günə kimi baxmamışdı ki, görsün bu sandığın içində nə var. Bir gün evdə oturmuşdu. Birdən yadına düşdü ki, Urum şəhərində dərvişdən bir sandıq almışdı. Durub ayağa arvadına dedi:
– Arvad, Urumdan alıb gətirdiyim sandığı bəri ver, açaq, görək içində nə var.
Vəzirin arvadı durub sandığı götürüb gəldi. Vəzir durub sandığı açdı. Açan kimi sandığın içində bir nar gördü. Alıb narı əlinə, istədi uzada arvadına, nar sıçrayıb vəzirin əlindən düşdü yerə. Düşən kimi partlayıb, narın içindən on yaşında gözəl bir qız çıxıb oturdu evin küncündə. Vəzirin ürəyi gedib bir tərəfə yıxıldı, arvadın ürəyi gedib o biri tərəfə yıxıldı. Haçannan-haçana vəzir özünə gəlib arvadını da ayıltdı, qıza yaxın gəlib xəbər aldı:
– Ay qız, sən kimsən? Bu sandığın içində neyləyirsən?
Qız dedi:
– Mən Firəng vilayəti padşahının naxırçısının qızıyam. Firəng padşahının qızı olmazdı. Mən anadan olan günü Firəng padşahı atama xəbər göndərir ki, qızını versin mənə qızlığa. Atam da padşahın sözündən keçə bilməyib götürüb məni verdi padşaha. Padşah məni bəsləyib düz on yaşına yetirəndən sonra mənim gözəlliyimə heyran olub, istədi məni özünə arvad eləyə. Atamın da bu işdən acığı tutub məni elədi nar, qoydu bir sandığa, götürüb bazarda satdı, sən də almısan.
Vəzir dedi:
– Arvad, bizim nə qızımız, nə də oğlumuz var. Elə yaxşı oldu, götürək bunu qızlığa.
Vəzirin arvadı razı olub bu qızın adını qoydular Nardan xanım, götürüb saxladılar. Sənə xəbər verim şəhər əhlindən.
Şəhərdə yaşayan camaat baxıb gördü ki, şəhərdə uşaq oğrusu törəyib. Yığılıb, yığışıb padşaha şikayətə getdilər. Padşah çıxıb camaatın qabağına dedi:
– Nə üçün gəlmisiniz?
Şəhər əhli dedi:
– Bu şəhərdə uşaq oğrusu peyda olub. Arvadlarımız qız doğan kimi gecə ilə gəlib oğurlayıb aparırlar.
Padşah şəhər əhlini rahat eləyib dedi:
– Siz gedin, mən uşaq oğrusunu taparam.
Şəhər əhli dağılıb getdi. Sənə xəbər verim Nardan xanımdan. Nardan xanım böyüyüb on iki yaşa çatmışdı. Bir gün vəzirin arvadıynan hamama gedirdi. Padşah da çıxıb eyvandan baxırdı. Gördü ki, vəzirin arvadıynan bir nazənin sənəm hamama gedir.
Qoquz padşah tez vəzirdən soruşdu:
– Vəzir, sənin arvadınla hamama gedən qız kimdi?
Vəzir dedi:
– Mənim qızımdı.
Padşah dedi:
– Ey vəzir, sənin qızın haçan olubdu ki, mənim xəbərim olmayıb.
– On iki il bundan qabaq.
Qoquz padşah başını salıb aşağı dinmədi. Aradan bir neçə müddət keçəndən sonra Qoquz padşah Nardan xanıma
məhəbbətini salıb ürəyində dedi: – necə olsa gərək qızı görəm.
Durub vəziri çağırtdırıb dedi:
– Vəzir, bu axşam sizə gələcəyəm.
Vəzir baş əyib durub gəldi evinə, arvadına dedi:
– Arvad, Qoquz padşah bizə qonaq gələcək, axşama qonaqlığa hazırlıq gör!
Vəzirin arvadı axşama tədarük görüb, aş bişirib qazan qaynatdı.
Axşam Qoquz padşah durub vəzirin evinə qonaq gəldi. Bir az şirinşirin gülüb danışandan sonra Qoquz padşah göz gəzdirdi ki, Nardan xanımı görə. Nə illah elədi Nardan xanımı görə bilmədi. Axırda əlqabı mahnasilə durub çıxdı bayıra. Nardan xanım da vəzirin arvadıyla mətbaxda aş bişirirdilər. Qoquz padşah mətbax qapısında Nardan xanımı görən kimi tez əlqabını yerə qoyub qayıtdı dala. Özünü saxlaya bilməyib gəlib vəzirə dedi:
– Vəzir, mən bərk sancılanmışam, gedirəm.
Vəzir nə illah elədi ki:
– Qal, xörək ye!
Qoquz padşah qalmayıb, durub gəldi evinə. Neçə gün, neçə gecə divan işinə baxmayıb, bir yanı üstə yatıb Nardan xanımın eşqindən dəli-divanə oldu.
Bir gün vəzir durub gəldi Qoquz padşahın yanına, dedi:
– Padşah sağ olsun, neçə gündü ki, divana baxmırsan, səbəb nədi?
Qoquz padşah dedi:
– Dərdim çoxdu.
Vəzir dedi:
– Gəl dərdini mənə de, bəlkə mən dərdüvə əlac eləyəm.
Padşah dedi:
– Allahdan gizli deyil, səndən nə gizlədim? Gərək qızını verəsən mənə.
Vəzir bu sözdən başını salıb aşağı dinmədi. Ürəyindən keçirtdi ki, ay aman, bizə Nardan xanımı görmək üçün gəlibmiş. Vəzir getdi fikrə.
Qoquz padşah dedi:
– Vəzir, daha səbr eləyə bilmirəm. Gərək Nardan xanımı verəsən
mənə.
Vəzir dedi:
– Padşah sağ olsun, izin ver gedim qıznan məsləhətləşim, bəlkə qız razı olmadı.
Qoquz padşah izin verdi. Vəzir durub gəldi evinə, gördü ki, Nardan xanım evdə təkdi. Nardanı çağırıb dedi:
– Qızım, bizim padşaha ərə gedərsən?
Nardan xanım dedi:
– Mən ərə gedən deyiləm.
Vəzir suyu süzülə-süzülə durub gəldi Qoquz padşahın yanına. Nardan xanım necə demişdi, elə də dedi Qoquz padşaha. Padşah od götürüb lap dəli-divanə oldu. Gün keçdi, həftə dolandı, bir gün padşah bağda gəzib dolanırdı, gördü ki, küçədə iki uşaq aşıqaşıq oynayır. Uşaqların biri başladı cığallığa. Keçəl aşığı götürüb qaçdı. Uşaq dedi:
– Aşığımı ver!
Keçəl dedi:
– Allah vurmuşdu səni. Mən də sənin üçün Qoquz padşah deyiləm ki, Nardan xanımın dərdindən saralıb solam, aciz qalam.
Keçəl belə deyən kimi Qoquz padşah yapışıb keçəlin biləngindən çəkdi bağa, dedi:
– Ey vələdizna, sən nə bilirsən ki, mən Nardan xanımın eşqindən bu kökə düşmüşəm?
Keçəl dedi:
– Nə üçün bilmirəm?
Qoquz padşah dedi:
– İndi ki, bilirsən, de mənə görüm mən necə eləyim ki, onu alım?
Keçəl dedi:
– Əvvəl qarnımı doydur, sonra deyim.
Qoquz padşah durub keçəli apardı aşbazın yanına, qarnını doydurub, götürüb gəldi otağına, dedi:
– Keçəl, əgər mənim dərdimə əlac eləsən, sənə qızıl verərəm, yox, hətərən-pətərən danışsan boynunu vurduraram.
Keçəl dedi:
– Padşah sağ olsun, bir yandan Nardan xanım sənə getmək istəmir, o biri yandan da vəzir qızı sənə vermək istəmir. Sən ta ki, vəziri öldürməsən qızı ala bilməzsən.
Qoquz padşah dedi:
– Bəs necə eləyim ki, vəziri öldürüm?
Keçəl dedi:
– Mənim nənəm yaxşı xalça toxuya bilir. Sən vəziri göndər bizim evə ki, bizdən sənin üçün xalça alsın. O xalçaya gələndə mən də çıxaram dama, evimizə girəndə başına daş salıb öldürərəm.
Padşah razı oldu. Keçələ bir qızıl verib yola saldı. Bu tərəfdən də vəziri çağırıb dedi:
– Vəzir, filan keçəlin evində bir əntiq xalça var. Gəlsənə gedib bir xalçaya baxasan. Əgər xoşuna gəlsə, elə orda pulunu ver, xalçanı al gətir.
Vəzir durub keçəlgilə gəlməkdə olsun, eşit keçəldən. Keçəl çıxıb damda oturmuşdu, gördü ki, vəzir gəlir. Tez böyük bir daş tapıb içəri girən kimi saldı vəzirin başına. Vəzir elə oradaca öldü. Götürüb vəzirin meyidini gecəynən atdı bazarın ortasına, çıxıb gəldi. Səhərdən Qoquz padşaha xəbər getdi ki, vəzir ölüb. Padşah vəzirini dəfn-kəfən eləyib durub gəldi vəzirin arvadının yanına. Başsağlığı verib bir də Nardan xanıma məhəbbətnən baxıb, çıxıb getdi. Aradan bir müddət keçdi. Bir gecə Nardan xanım oturmuşdu evdə, bir də gördü ki, qapı döyüldü. Otağa iki adam girib dedi:
– Padşah səni çağırır.
Nardan xanım getməyib, gələn elçiləri də qovub, qapıları bağlayıb oturdu içəridə. Qoquz padşaha xəbər çatdı ki, Nardan xanım gəlmir. Padşah qəzəbləndi, əmr verdi ki, səhərnən Nardan xanımın boynu vurulsun. Gecəni Qoquz padşah yatdı. Bu dəfə yuxuda gördü ki, göydən bir məlakə enib dəydi ürəyinin başından. Qoquz tez yuxudan ayılıb səhərə kimi yata bilmədi. Səhər divanxana vaxtı durub gəldi divanxanaya, adam göndərdi münəccim üçün. Münəccim gəldi. Qoquz padşah yuxusunu münəccimə nəql elədi.
Münəccim dedi:
– Qabaq gördüyün yuxunun mənası yavaş-yavaş yaxınlaşır, özünü gözlə!
Münəccim çıxıb gedəndən sonra Qoquz padşah qoca münəccimin dediyi sözü yadına salıb, Nardan xanımı yaddan çıxardı. Bu tərəfdən də camaat şikayətə gəldilər ki, bəs arvadımız qız doğur, səhəri oğurlayırlar. Bizim səbir kasamız doldu. Qız üzünə həsrət qaldıq. Qoquz padşah baxıb gördü ki, işlərin qabağı çox qarışıq gəlir. Birdən ağlına gəlib dedi:
– Camaat, mən baxıb görürəm ki, sizin şikayətiniz qurtaran deyil, mən də o uşaq oğrusunu tapa bilməyəcəm. Sabahdan başlayın bir mərtəbəli ev tikin! Pulu məndən. Arvadlarınız nə ki, qız doğdu, gətirin yığın o otağa, görək başımıza nə gəlir. Camaat padşahın tədbirindən xoşlanıb günü o gün başladılar bir mərtəbəli imarət tikməyə. Çox çəkmədi ki, imarət tikilib qurtardı. Qoquz padşah xəzinədən pul ayırıb, iki dənə daya tutub doğan arvadların qız uşaqlarını yığıb bu təzə imarətdə saxlamaqda olsun, sənə xəbər verim kimdən, Nardan xanımla Qoquz padşahdan. Bir gün yenə də Qoquz padşahın eşqi cuşa gəldi. Durub gəlməkdə olsun Nardan xanımın yanına. Nardan xanım oturmuşdu evdə, gördü ki, Qoquz padşah gəlir, tez durub ayağa istədi çıxa bayıra. Padşah qırğı kimi alıb Nardan xanımın başının üstünü dedi:
– Nardan xanım, gəl bu daşı ətəyindən tök!
Nardan xanım baxıb gördü ki, Qoquz padşah bundan əl çəkən deyil, dedi:
– Padşah sağ olsun, bir il mənə möhlət ver! Bir ildən sonra mən sənin, sən mənim.
Qoquz padşah razı oldu, durub gəldi evinə. İndi sənə xəbər verim Nardan xanımdan. Nardan xanım eşitmişdi ki, bu şəhərdə uşaq oğrusu var, amma tapmayırlar. Durub bir gecə geyinib-kecinib pəhləvan paltarında çıxdı bayıra. Gördü ki, hansı evə gedirsə yasdı. Amma şəhərin qırağında bir ev var, burda çalğıdı, oxumaqdı, keyfdi. Əyilib pəncərədən gördü ki, bu evin başında qoca bir kişi altında döşək, dalında balış, yorğanı da qurşağacan səriyib özünə, oturubdu. Qabağında dəstə bir oğlan, dəstə bir qız, biri saz çalır, biri dəf çalır, qoca da qulaq asır. Arada da elə oxuyur ki, gəl görəsən... Nardan xanım qapını döydü. Qapını açdılar. Nardan xanım girdi evə. Uşaq durub Nardan xanımdan xəbər aldı:
– Kimi istəyirsən?
Nardan xanım dedi:
– Allah qonağıyam. Mənə bu gecəliyə yer verin!
Nardan xanım keçib oturdu. Uşaqlar başladılar çalmağa, qoca kişi başladı oxumağa. Nardan xanım da oturub qulaq asırdı. Oğlan birdən dəfi vurdu yerə, qız da sazı qoyub yerə, başladılar qurşaq yapışmağa. Qız oğlanı qoyub dizinin altına başladı əzişdirməyə. Qoca gülüb qəşş elədi. Haçandan-haçana əlini atıb döşəyin altından bir çubuq götürüb uşaqları vurdu. Uşaqlar ayrılıb bir-birindən, hərəsi bir yana yıxılıb yatdılar.
Nardan xanımı fikir aldı ki, bu necə olan işdi... Qoca üzünü Nardan xanıma tutub dedi:
– Ey qonaq, xoş gəlmisən!
Nardan xanım dedi:
– Sağ olasan!
Qoca əlini uzadıb yanındakı sandığın içindən bir parça quru çörək, bir nəlbəki bal götürüb uzatdı Nardan xanıma. Nardan xanım alıb çörəknən balı qoydu qabağına, bir tikə yeyib, əlini süfrədən çəkdi.
Qoca dedi:
– Ey qonaq, yesənə!
Nardan xanım dedi:
– Ta mənə bu sirri deməsən mən sənin çörəyini yemərəm.
Qoca dedi:
– Ey pəhləvan, ləcliginə salma! Gəl otur çörəyini ye! Sənin mənim sirrimnən nə işin var?
Nardan xanım dedi:
– Ey qoca, əgər mənə sirr verməsən bu iki uşağın başın kəsib, durub gedəcəyəm.
Qoca fikrə gedib dedi:
– Ey pəhləvan, bil və agah ol, mənim bu sirrimi heç kəs bilməyir. Bax bu iki uşağı görürsən, heç onlar da bilməyir. Mən sirrimi heç kimə deməyib ürəyimdə saxladığım üçün bu kökə düşmüşəm. Qoca yorğanı dizinin üstündən götürdü. Nardan xanım baxıb gördü ki, qocanın qıçlarını ta qurşağacan qurd yeyib. Qoca yorğanla dizini örtüb yenə dedi:
– Gəl mənim ölümümə bais olma!
Nardan dedi:
– Gərək danışasan.
Qoca dedi:
– Mən Qoquz padşahın bağbanı idim. Cavan idim, olardım on altı sinnində. Bir gün Qoquz padşah məni Ərəbistana xurma üçün göndərdi. Mən də getdim. Gələndə bir ərəb qızı mənə aşiq oldu. Alıb ərəb qızını da alıb özümlə gətirdim. Xurmanı Qoquz padşahın bağında əkdim. O zaman padşah hələ cavan idi. Mən pul yığdım ki, toy eləyim, ərəb qızını alım. Gördüm ki, toya qüvvəm çatmır, mən də bir xonça tutub apardım Qoquz padşah üçün, öz dərdimi açıb dedim ona.
Qoquz padşah dedi:
– Götür gəl adaxlıvu görüm necədi. Özünə layiq də toy eləyim.
Mən də razı oldum. Çünki ata-babadan biz eşitmişik ki, padşah olan şah yerin allahıdı. Mən də durub ərəb qızını aparıb göstərdim Qoquz padşaha. Qoquz padşah ərəb qızını görən kimi gördüm gözləri dörd oldu. Mən yenə bir şey başa düşmədim.
Mənə dedi ki:
– Bu qızın toy xərci mənim boynuma. Burax hərəmlərin yanında qalsın. Mən sənin üçün bir-iki günə toy elərəm.
Mən bu zalımı adil bilib inandım. Ərəb qızını öz əlimlə hərəmxanada qoyub gəldim. Aradan bir həftə keçəndən sonra durub padşahın yanına gəldim ki:
– Ver, ərəb qızını aparım.
Padşah məni qovdu. Mən də cavandım. Səbr eləyə bilmədim, ağzımdan bir neçə pis söz çıxartdım. Qoquz padşahın acığı tutub məni zindana saldı. Mən zindand qaldım. Qoquz padşah da ərəb qızını istədi özünə arvad eləyə, ərəb qızı əl vermədi, nə ərəb qızı fikrindən döndü, nə də mən ərəb qızından əl çəkdim. Bir gecə ərəb qızını götürüb qaçdım. Qoquz padşah yenə də gəlib bizi tapıb ərəb qızını mənim əlimdən aldı, məni də tutub zindana saldı. Hər gecə Qoquz gələrdi yanıma, mənə deyərdi ki:
– Gəl razı ol, ərəb qızını mən alım.
Mən razı olmurdum. Zor-güc ərəb qızını Qoquz padşah özünə arvad elədi. Mən səbr eləyə bilmədim. Daha dərd ürəyimə vurdu. Bir yandan da nəmişlik iki qıçımı çolaq elədi. Qoquz padşah işi belə görüb məni açdı buraxdı, mən də gəlib şəhərin qırağında özümə bu evi tikdim. Bu iki uşağı da alıb saxlamışam. Bunlar çalırlar, mənim könlüm açılır, qurşağı da ona görə tutdururam ki, bəlkə böyüyüb pəhləvan olub, axırda mənim qisasımı Qoquz padşahdan alalar. Qoca sözün tamam elədi. Nardan xanım gecəni qalıb səhər durub gəldi evinə. Axşam olan kimi yenə Nardan xanım geyinib pəhləvan paltarı, düşdü bu şəhərə. O qapı mənim, bu qapı sənin, gəzib hər pəncərədən baxıb bir təzə söz öyrənirdi. Qayıdıb evinə gələndə gördü ki, evlərin birində vaveyladı. Ana deyir “qızım”, qardaş deyir “bacım”. Nardan xanım səbr eləyə bilməyib girdi içəri, xəbər aldı:
– Ay ev yiyəsi, bu nə vaveyladı?
Qoca bir arvad vardı, qayıdıb dedi:
– Ey pəhləvan, sən məgər bu şəhərə təzə gəlmisən?
Nardan xanım dedi:
– Bəli, qəribəm, təzə gəlmişəm.
Arvad dedi:
– Bizim şəhərdə qız oğrusu var, qız uşağı bu gün anadan olur, sabah oğurlanır.
Nardan xanım belə eşidən kimi dayanmayıb, çıxıb getdi evinə. Gecəni yatıb səhər tezdən durub gəldi Qoquz padşahın yanına. Qoquz padşaha dedi:
– Ey padşah, eşitmişəm sənin şəhərində qız uşaqlarını oğurlayırlar. Gərək uşaq oğrusunu tapasan. Tapmasan taxtını qanla dolduraram. Qoquz padşah qəzəblənib əmr verdi ki, tutun bunu. Belə deyəndə Nardan xanım tez çıxıb bayıra pəhləvan paltarını soyundu, geyindi öz paltarını, oturdu evdə. Gecə olan kimi durub geyindi pəhləvan paltarını, çıxdı bazara. Gəzib dolanırdı, gördü ki, bir yerdən işıq gəlir. Yeridi irəli, gördü ki, Qoquz padşahdı, qucağında üç aylıq uşaq. Tutub uşağı aldı padşahın əlindən. Nardan xanım padşahı tanıdı, amma padşah Nardan xanımı tanımadı. Padşah uşağı Nardan xanımın qucağına verən kimi qaçdı. Nardan xanım da uşaq qucağında qaçdı padşahın dalınca. Qoquz padşah öz
adamlarına çatıb qışqırdı:
– Tutun bunu!..
Qoquz padşahın adamları hücum elədilər Nardan xanıma. Nardan xanım istədi macal eləyib uşağı yerə qoysun, əl atsın qılınca, daldan yapışıb Nardan xanımın iki qolunu möhkəm sarıyıb, götürüb saldılar dustağa. Qoquz padşah gecəynən uşaq olan mənzilə od vurub odladı. Camaatın uşaqları yanıb tələf oldu. Qoquz padşah səhər camaatı yığıb bir yerə elan verdi ki, uşaq oğrusunu tapmışam, sabah dara çəkiləcək. Səhər meydan salınıb dar ağacı quruldu. Nardan xanımı götürüb gəldilər dar ağacının altına. Qoquz padşah çıxıb camaatın qabağına, dedi:
– Ey camaat, siz hələ məndən narazılıq eləyirsiniz ki, uşaq oğrusunu tapmırsan. Bütün sizin qız uşaqlarınızı oğurlayan budu. Camaat hər yerdən Nardan xanıma min təsbeh lənət oxudular. Arvadlar istədilər Nardan xanımı daşa bassınlar, amma cəlladlar qoymadı. Padşah əmr verdi ki, salsınlar ipi bu məlunun boğazına. Cəlladlar ipi hazır edib istədilər salalar Nardan xanımın boğazına, Nardan xanım tez niqabı üzündən götürüb üzünü padşaha göstərdi. Qoquz padşah Nardan xanımı tanıdı, amma əli heç bir yana çatmadı. Qoquz padşah tutduğu işdən çox peşiman oldu. Cəlladlar ipi Nardan xanımın boğazına salan kimi bərk bir xəzri qopdu, toz, torpaqdan göz-gözü görmədi. Nardan xanım ipi atıb özünü vurdu camaatın arasına, tez aradan çıxıb qaçdı. Çox çəkmədi xəzri dayandı. Cəlladlar baxıb gördülər ki, dara çəkilən adam qaçıbdı. Camaat axtarmamış yer qoymadı, amma onu tapa bilmədilər. Xəbər verim sənə Nardan xanımdan.Nardan xanım qaçıb özünü saldı meşəyə. Bir neçə gün o yanda, bu yanda başını girləyib bir təhərnən meşədən çıxdı, üz qoydu getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çatdı Rəm şəhərinə. Girib şəhərə gördü ki, burda bir bağ var, gəl görəsən. Lalələr gül açıb, bülbüllər cəh-cəh vurur, dünyada nə istəyirsən, hansı meyvəni deyirsən bu bağdadı. Nardan xanım girib bağa meyvə dərib yedi, uzanıb reyhan güllərinin yanında yatdı. Sənə xəbər verim Rəm vilayətinin padşahının qızı Zərnigar xanımdan. Zərnigar üçün neçə müddətdi ki, şəhərbəşəhərdən elçilər gəlirdi. Zərnigar heç kimə ərə getmirdi. Zərnigarın atası lap təngə gəlmişdi, and içmişdi ki, Zərnigarın bir də işinə qarışmasın. Odu ki, gələn elçilərin də cavabını Zərnigar verib qaytarırdı. Bir gün Zərnigar bağa çıxıb gəzirdi, gördü ki, ağacların dibində cavan bir oğlan yatıbdı. Oturub Nardan xanımın başının üstündə, başladı Nardan xanımın üzün, gözün silib təmizləməyə. Nardan xanım ayılıb gördü ki, başının üstündə gözəl bir qız oturub.
Dodaqaltı gülüb yerindən qalxdı. Zərnigar Nardan xanıma dedi:
– Ey oğlan, adın nədi, nəkarəsən?
Nardan xanım işi başa düşüb dedi:
– Adıma Əhməd deyərlər, özüm də Urum padşahının oğluyam.
Zərnigar dedi:
– İstədiyimi Allah yetirdi.
Zərnigar özünü saxlaya bilməyib öz ürəyindəki məhəbbəti Nardan xanıma açıb dedi:
– Ey Əhməd, sevirəm səni, gərək məni alasan.
Nardan xanımın boğazının yolu quruyub dinmədi. Zərnigar bir də məhəbbətini deyib sarıldı Nardan xanımın boynuna ki:
– Əhməd, dur gedək mənim mənzilimə.
Nardan xanım durub Zərnigarın mənzilinə gəldi, qapını bağlayıb gecəni yatdılar.
Səhər tezdən Nardan xanım ayılıb çıxdı bağa. Neçə vaxt idi ki, soyunub çimməmişdi. Öz-özünə dedi: yaxşı oldu, gedib çimərəm, sonar Allah kərimdi. Durub verdi özünü çaya. Bir o yana baxdı, bir bu yana baxdı, gördü ki, heç kim yoxdu, soyunub girdi çaya. Bu çimməkdə olsun, al xəbəri padşahın bağbanının oğlu Murtuzdan. Murtuz gözəşirin oğlanların biriydi. Çıxıb səhər-səhər bağı gəzirdi, gördü ki, çayın içində bir süd kimi ağappaq şey görünür. Durub gəldi çaya tərəf nə gördü... Cavan bir qız çayda çimir. Özün verdi irəli ki, qızın paltarını götürsün, gördü ki, yerdə oğlan paltarı var. Murtuz əl saxlayıb dayandı. Birdən Nardan xanım Murtuzu görüb dedi:
– Ey cavan, geyinəcəyəm, qoy geyinim.
Nardan belə deyəndə Murtuz çəkildi dərənin içinə. Nardan xanım alababat geyindi. Murtuz gəlib Nardan xanımın yanına, dedi:
– Ay qız, nəçisən!
Nardan &%ni bürümüşdü. Zərnigar baxıb gördü ki, bağbanın oğlu Murtuz bunun bağında bir qıznan söhbətdədi. Acığı tutub qayıtdı evinə. Qarabaş göndərdi ki, Murtuzu çağıralar. Bu tərəfdən də Nardan geyinib yenə pəhləvan paltarı, Murtuzdan ayrılıb çıxdı bağdan. Qarabaş gəlib Murtuzu tutub Zərnigar xanımın yanına gəldi.
Zərnigar xanım Murtuza dedi:
– Ey haramzada, mən səni bağımda nökər saxlamışam, yoxsa qızlarnan keyf çəkməyə saxlamışam?
Murtuz dedi:
– Xanım, nə qız? Mən heç bağda qız görməmişəm.
Bel&%ni bürümüşdü. Zərnigar baxıb gördü ki, bağbanın oğlu Murtuz bunun bağında bir qıznan söhbətdədi. Acığı tutub qayıtdı evinə. Qarabaş göndərdi ki, Murtuzu çağıralar. Bu tərəfdən də Nardan geyinib yenə pəhləvan paltarı, Murtuzdan ayrılıb çıxdı bağdan. Qarabaş gəlib Murtuzu tutub Zərnigar xanımın yanına gəldi.
Zərnigar xanım Murtuza dedi:
– Ey haramzada, mən səni bağımda nökər saxlamışam, yoxsa qızlarnan keyf çəkməyə saxlamışam?
Murtuz dedi:
– Xanım, nə qız? Mən heç bağda qız görməmişəm.
Belə deyəndə Zərnigar xanımın acığı tutub Murtuzu saldı zindana. Nardan xanım Zərnigarın yanına gəlirdi, gördü ki, Murtuzu dustaqxanaya aparırlar. Tez özün yetirdi, Murtuzdan xəbər aldı ki:
– Səni kim tutdurub?
Murtuz dedi:
– Zərnigar xanım.
Nardan xanım özün yetirib Zərnigara, dedi:
– Ey sevgilim, məni istəyirsən?
Zərnigar dedi:
– Bəli, istəyirəm.
Nardan xanım dedi:
– İndi ki, məni istəyirsən, nə desəm yerinə yetirərsənmi?
Zərnigar:
– Yerinə yetirərəm. Təki sən mənə söz buyur.
Nardan xanım dedi:
– Ey sevgilim, gözümün işığı, Murtuzu mənə bağışla! Mən özüm onun tənbehini eləyim.
Nardan xanım belə deyəndə Zərnigar dedi:
– Ey Əhməd, get bağışladım.
Zərnigar adam göndərib Murtuzu buraxdırdı. Özləri də başladılar söhbətə. Gün batan kimi Nardan xanım durub gəldi Murtuzun yanına. Hər gün bir-iki saat Nardan xanım durub gələrdi Zərnigarın yanına. Yalanbaşdan Zərnigarın başını aldadıb tez durub gedərdi Murtuzun yanına. Gecəni səhərə kimi Murtuznan keçirərdi. Xəbər verim sənə kimdən, Zərnigarın atasından. Zərnigarın atası padşahdı. Bir gecə durub əlqabına çıxırdı, gördü ki, qızının bağından işıq gəlir. Tez özünü yetirib bağa, gəlib çatdı Murtuzun evinə, baxıb pəncərədən gördü ki, bağban oğlu Murtuz bir qıznan yatıbdı ki, dünyada heç misli yoxdu. Gözəllikdə bəeyni Züleyxa. Padşah dayana bilməyib yıxıldı yerə.
Haçandan-haçana özünə gəlib durdu ayağa. Geri dönüb, bir neçə nəfər adam göndərdi, Nardan xanımla Murtuzu götürüb gətirdi. Əmr verdi ki, Murtuzu salsınlar zindana, Nardan xanımı da öz otağına, padşah necə dedi, elə də elədilər. Murtuz zindanda qalsın, al xəbəri Nardan xanımla padşahdan. Padşah durub gəldi Nardan xanımın yanına. Nardan xanıma bir dəst zənən paltarı verib geyindirəndən sonra dedi:
– Ey taci-təxti-sərim, gəl ulduzumuzu barışdıraq.
Nardan xanım dedi:
– Bizim ulduzumuz barışan ulduz deyil.
Belə deyəndə padşah istədi güc göstərsin. Nardan xanım qalxıb padşaha bir sillə çəkdi. Padşah özündən gedib yıxıldı kənara. Ağızburnu qan oldu. Sonra ayağa durub Nardan xanımı saldırdı zindana. Qəza işi avanda gətirdi, Nardan xanımın zindan otağı Murtuzun zindan otağının yanında oldu, aradan bircə arakəsmə var idi. Nardan xanım gecəyarı durub dedi:
– Hər təhər olsa buradan qaçmalıyam.
Durub ara divarı qazmağa başladı. Haçandan-haçana bir deşik açıb keçdi o biri otağa. Gördü ki, şam işığında burda bir cavan yatıbdı. Şamla oğlanın üzünə baxıb gördü ki, Murtuzdu. Tez Murtuzu ayıldıb dedi:
– Sən paltarını ver mənə, sən də mənimkini gey! Mən çıxım burdan, sonra səni qurtarram.
Murtuz razı oldu. Soyunub paltarını Nardan xanıma verdi. Nardan xanım da soyunub paltarını Murtuza verdi. Səhər Nardan xanım Zərnigara bir kağız yazıb göndərdi. Zərnigar kağızı alıb oxuyub bildi ki, Əhməd (Nardan) zindandadı. Tez gəlib atasından gizlin Nardan xanımı zindandan çıxartdı. Nardan xanım zindandan çıxan kimi tez özünü yetirib evə, padşah paltarını geyib qılıncı bağladı, gəlib zindanın qabağındakı zindançıları vurub öldürüb, Murtuzu götürüb apardı. Padşaha xəbər getdi ki, təzə pəhləvan peyda olubdu, durma özünü yetir, zindanbanları vurub öldürdü. Padşah əmr verdi, qoşunu sel kimi tökdü meydana. Nardan xanım açıb qollarını şir kimi vurub özünü dəryayi-ləşkərə, başladı qoşunu qırmağa. Nardan xanım gələn-gələn qoşunları qırıb tökdü, əl atıb padşahı taxtdan salıb, cəhənnəmə vasil elədi. Vəziri onun yerinə padşah tikib, Zərnigar xanımın yanına gedib dedi:
– Ey Zərnigar, bil və agah ol, mən qızam.
Bütün başına gələni Zərnigara danışıb dedi:
– İndi ki, gedirsən, məni də apar.
Nardan xanım üç at götürüb Murtuz və Zərnigar ilə bina qoydu yol getməyə. Gəlib Qoquz padşahın torpağına, orda ki, onu dara çəkirdilər, dayanıb meydanda bir nərə çəkdi. Qoquz padşah adam göndərdi ki, gedib görsünlər o nərə çəkən kimdi. Adam gəldi. Nardan xanım gələn adamın boynunu vurub saldı yerə. Qoquz padşah gördü ki, gedən getdi, daha gəlmədi. Yenə adam göndərdi, Nardan xanım gələnin boynunu vurdu. Axırda padşah qəzəblənib qoşun göndərdi. Nardan xanım baxıb gördü ki, qoşun gəldi. Əl atıb qılınca vurdu özünü dəryayi-ləşkərə, qırıb qoşunu axıra çatdı. Padşah qoşun göndərdi, pəhləvan göndərdi. Nardan xanım nə ki, vardı qırıb qurtardı. Axırda Qoquz padşah meydana gəlib Nardan xanımla qılıncbaqılınc gəldi. Gördülər ki, qılıncdan bir şey çıxmadı, əl atdılar toppuza. Baxıb gördülər ki, toppuzdan da bir şey çıxmadı, başladılar güc eləməyə. Əl atdılar bir-birlərinin kəmərlərinə. Heç birinin birbirinə gücü çatmadı. Axırda Nardan xanım lap təngə gəldi, əl atıb tutdu Qoquz padşahın kəmərindən, nərə çəkib götürüb çırpdı yerə. Çıxıb Qoquz padşahın sinəsinin üstə, başını kəsib keçirtdi nizənin başına. Nardan xanım yığıb camaatı, bu padşahın necə zülmkar olub beşikdəki qız uşaqlarını oğurlayıb qırmağını, hamısını camaata nəql elədi. Camaat Qoquz padşaha lənət oxuyub, Nardan xanımı özlərinə padşah tikdilər. Nardan xanım bir neçə gün padşahlıq eləyib Murtuzu taxtda oturdub dedi:
– Mən gedirəm, beş günə gəlləm.
Nardan xanım minib ata, üz qoydu öz vətəninə sarı. Yetişib şəhərinə, ata-anasını tapıb görüşəndən sonra atası qızının əhvalını xəbər aldı.
Nardan xanım başına gələni atasına danışıb dedi:
– Sən həya-abrından ötəri məni nar eləyib satdın, məni nar eləyib satdın, məni bu padşahın əlindən qurtardın, mən də gərək səni qurtaram.
Nardan xanım bu şəhərin də padşahını öldürüb, qoşunlarını özünə təslim elədi, sonra öz atasını burda padşah tikib, qayıdıb gəldi Murtuzun yanına. Yeddi gün, yeddi gecə toy eləyib Murtuznan murad hasil elədilər.